Güney Azərbaycanın Xoy bölgəsində zəlzələdən zərərçəkənlərə verilən çadırlar hökumət tərəfindən geri alınıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bununla bağlı bölgədə olan sosial media istifadəçiləri xəbər verib. Onların sözlərinə görə, məmurlar elektrik enerjisini kəsirlər və bununla da zərərçəkənləri çadırları tərk edərək zədəli vəziyyətdə olan evlərinə qayıtmağa məcbur edirlər.
Qeyd edək ki, bundan öncə İranın daxili işlər naziri Əhməd Vəhidi zəlzələdən zərər çəkənlər üçün konteyner sığınacaqlar verilməyəcəyini bildirmişdi. Nazirin bu çıxışından sonra təbrizli həkimlər öz vəsaitləri hesabına 40 ədəd konteyner alaraq xoylulara hədiyyə ediblər.
Xatırladaq ki, hazırda Xoyda zəlzələdən zərər çəkən 130 min nəfər çadır düşərgələrində yaşayır. Minlərlə insana çadır verilmədiyi üçün soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı yaşanır.