İran-Azərbaycan hərbi komissiyasının iclası keçirilib

0
430
Azərbaycan və İran müştərək hərbi komissiyasının ikinci iclası keçirilib.

Tehran büromuzun məlumatına görə, hər iki ölkənin hərbi nümayəndə heyətinin iştirakı ilə Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargahında keçirilən iclasa İran Silahlı Qüvvələrinin Baş Qərargah rəsinin beynəlxalq məsələlər üzrə idarə rəhbəri, general Qədir Nizami və Azərbaycan Müdafiə nazirinin müavini, general-leytenant Fuad Məmmədov sədrlik ediblər.

İclasda hərbi nümayəndə heyətlərinin mübadiləsi, təlim, müştərək təlimlər, elmi və araşdırma sahəsində əməkdaşlıq, hərbi tibbi sahədə, idman və mədəniyyət sahəsində əməkdaşlıq, eləcə də hər iki ölkəni maraqlandıran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. İclasda həmçinin iki ölkənin bu il üçün əməkdaşlıq proqramları müəyyənləşdirilib.

İclasda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin beynəlxalq məsələlər üzrə idarə rəhbəri, general Qədir Nizami bildirib ki, İran və Azərbaycan bir-birinə tarixi və mədəni bağlarla bağlıdır: “İki ölkə müxtəlif hərbi, müdafiə və təhlükəsizlik sahəsində, xüsusilə terrorizm, insan alveri və narkotiklərlə mübarizə, Xəzər dənizinin təhlükəsizliyinin təmini və Qafqaz bölgəsinin təhlükəsiz sahəsində əməkdaşlıq edir”.

Azərbaycan və İranın Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın son illər ərzində artdığını deyən Q.Nizaminin sözlərinə görə, yaxın günlərdə iki ölkənin hərbi rəhbərliyi arasında bir sıra razılıqlar əldə olunacaq ki, bu da əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaradacaq.

Qeyd edək ki, Azərbaycan və İran müştərək hərbi komissiyasının ikinci iclası iki ölkə arasında Anlaşma Memorandumu imzalanması ilə yekunlaşıb.

Azərbaycan və İran müştərək hərbi komissiyasının növbəri iclası gələn il Bakıda keçiriləcək.