İrəvanın öz ayağına vurduğu balta: Bakının alternativ planı Ermənistanı təcriddə saxlayacaq

0
115

“Kommunikasiya xəttlərinin açılması və sərhədlərin müəyyənləşməsi məsələləri yəqin ki, sülh sazişinin xaricində qalacaq. Önəmli olan iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Nikol Paşinyan sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, lakin bunun sənəddə əks olunmasını yubadır”.

Bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, həmçinin bildirib ki, bu məsələ böyük ehtimalla, bu il həll olunacaq və sülh sazişi imzalanacaq:

“Sazişin imzalanması həm də ona görə vacibdir ki, kommunikasiya və sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlara müsbət atmosfer yaradacaq. Düzdür, bu o demək deyil ki, bu məsələlər qısa müddətdə həll olunacaq. Çünki, Zəngəzur dəhlizi və sərhəd məsələləri ilə bağlı hər iki ölkənin fikirləri bir-birindən xeyli fərqlənir. Hətta sərhəd mövzusu uzun onilliklər ala bilər. Bu da bizim üçün böyük problem deyil. Onsuz da sərhəddə strateji yüksəkliklər bizim ordunun nəzarəti altındadır”.

O, qeyd edib ki, kommunikasiya xətti açılmasa, alternativlərimiz var:

“Bakı-Tbilisi-Qars, İran marşrutu, Şimal-Cənub nəqliyyat dəhlizi bu alternativlərə daxildir. Ermənistanın isə heç bir alternativi yoxdur. Ermənistan Zəngəzur dəhlizi məsələsinə maneə olmaqla əslində özünü böyük layihələrdən də kənarda qoymuş olur. Bu da sonrakı danışıqlar predmetidir. Amma hesab edirəm ki, sülh sazişinin imzalanması üçün artıq elə də böyük maneə yoxdur. Birbaşa danışıqla da bu sazişi imzalamaq olar”.