İrəvanın Azərbaycan kəşfiyyatı ilə bağlı yeni iddiası – Yeni il gecəsi nə baş verib?

0
156

Ermənistan mediası Azərbaycan ordusunun dekabrın 31-də Sotk (Zod) istiqamətində (Kəlbəcərin Söyüdlü kəndi) atəş açdığı iddiasını irəli sürüb.

İddianı “Hraparak” nəşri yayıb.

Nəşr iddia edir ki, hadisə dekabrın 31-i saat 22:00-da baş verib.

“Əldə etdiyimiz məlumata görə, təxminən iki ay yarım əvvəl Azərbaycan kəşfiyyatı “Sotk” mədəninə də daxil olub”, – nəşr iddia edir.

Əlavə edir ki, Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı suallara cavab vermir.

Bunun erməni mediasının uydurması olduğu bəllidir. Hazırda Bakı və İrəvan arasında sülh danışıqlarının ikitərəfli formatda davam etdirilməsi gündəmdədir və sərhəddə heç olmadığı qədər sakitlik hökm sürür. Digər tərəfdən, Zod yatağı istiqamətində dövlət sərhədinin bərpası 44 günlük müharibədən sonra böyük ölçüdə həll edilmiş sayılır. Bu baxımdan, o istiqamətdə hansısa hərəkətliliyə ehtiyac görünmür. Lakin Ermənistan tərəfi işğal dövründə ələ keçirdikləri yatağın böyük hissəsindən məhrum olmalarını hələ də qəbul etmir.

“Hraparak”ın iddiası ilk baxışdan Ermənistan hakimiyyətinə qarşı ittiham kimi görünür. Müxalif media olan bu nəşr Azərbaycan-Ermənistan sülh danışıqlarına da qarşı çıxır və belə bir iddianın gündəmə gətirilməsi də “Paşinyan Bakı ilə sülh danışıqları aparır, amma Azərbaycan ordusu irəliləyir” tezisini təbliğ etməyə hesablanıb.

Lakin burada əsas diqqətçəkən məqam dünən Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatdır. Ermənistan XİN-in bəyanatında bildirilir ki, İrəvanın sərhəddə qoşunların “güzgü prinsipi” əsasında çıxarılması təklifi qüvvədədir. Ermənistanın irəli sürdüyü “güzgü prinsipi”nin əsas məqsədi Azərbaycan ordusunun sərhəd boyu ərazilərdə mövqeləndiyi strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmaqdır. Rəsmi İrəvanın qoşunların geri çəkilməsini istədiyi istiqamətlərdən biri Zod yatağı ilə bağlıdır.

Bu informasiya kontekstində “Hraparak”ın irəli sürdüyü iddia xüsusilə diqqət çəkir və iddianın arxasında rəsmi İrəvanın dayandığı ehtimalını önə çıxarır. İstisna deyil ki, dünən “güzgü prinsipi”ni yenidən gündəmə gətirən Ermənistan hakimiyyəti bu gün belə bir iddianı dövriyyəyə buraxmaqla sərhəddə gərginliyin davam etdiyini göstərmək və yeganə çıxış yolunun qoşunların geri çəkilməsi olduğunu isbatlamaq niyyətindədir. İddianın məhz müxalif mediada tirajlanması isə iz azdırmağa bənzəyir.