İrəvanda separatçıların gizli görüşü: Paşinyanın “cəza maşını” işə düşür

0
227

Ermənistan parlamenti tərəfindən qurulan və 44 günlük müharibədəki məğlubiyyətin səbəblərini araşdıran komissiya öz funksiyasını yerinə yetirmək əvəzinə baş nazir üçün cəza maşını rolunu oynayır.

Nikol Paşinyanın gizli əmri ilə hakimiyyətinə potensial təhlükə ehtiva edən siyasilər, əsasən də hərbçilər komissiyada dindirilir, müəyyən şəxslər barədə cinayət işi açılır. Bu yaxınlarda isə sözügedən parlament komissiyasının Ermənistan Konstitusiyasına zidd fəaliyyət göstərməsi üzə çıxıb. Erməni müxalifəti ciddi-cəhdlə komissiya sədri Andranik Köçəryandan hesabat verməsini tələb edib.

Həbsə göndərilən hərbçilər

Andranik Köçəryan eyni zamanda Ermənistan Milli Assambleyasının müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri vəzifəsini icra edir. Paşinyana xüsusi yaxınlığı ilə seçilən və hakim partiyanın ruporlarından olan deputat bu posta təsadüfən seçilməyib. Acı məğlubiyyətlə başa çatan 2020-ci il müharibəsindən sonra orduda baş verən narazılıqlar, hakimiyyəti devirmək üçün gizli sövdələşmələr “Mülki müqavilə”nin nəzərindən qaça bilməzdi. Bu səbəbdən də baş nazirin gizli göstərişi ilə 44 günlük müharibənin şəraitini araşdıran komissiya çevrilişə cəhd edəcək yüksək rütbəli hərbçiləri ard-arda həbsə göndərməyə başlayıb. Onların arasında general və polkovniklərin də sayı az deyil.

Qarabağ ermənilərini cəzalandırmaq planı

Qarabağ ermənilərinə, xüsusən də separatçı rejimin tör-töküntülərinə qarşı Ermənistanda ögey münasibətin olması sirr deyil. Samvel Şahramanyan və qondarma rejimin “deputat”ları isə Nikol Paşinyan üçün baş ağrısına çevrilmək üzrə idi. Bu şəxslər Qarabağ klanını dirçəltmək üçün fəaliyyətə keçiblər. Şahramanyanın gizli şəkildə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla görüşməsi barədə məlumatlar da var. Bu görüş hakim partiyanın səbir kasasının daşmasına səbəb olub. Çünki görüş hakimiyyətə qarşı gizli ittifaq kimi şərh edilib. Bu görüşdən sonra separatçı rejimin “son lideri” parlament komissiyasına dəvət edilib. Bir neçə saat davam edən sorğu-sual barədə mətbuata xəbər verilməsə də, siyasi kulislərdə Şahramanyanın cəzalandırılacağı barədə söhbətlər dolaşmağa başlayıb.

Paşinyanın Samvel kartı

Qarabağ separatçılarından olan Samvel Babayan da baş nazirə yaxınlığı ilə tanınır. Məhz Şahramanyanın dindirilməsindən sonra eks-“Təhlükəsizlik Şurası sədri”nin də sorğu-sual üçün dəvət edilməsi maraqlı məqamları üzə çıxarıb. Üç saat davam edən dindirilmədən sonra Samvel mətbuata qalmaqallı açıqlamalar verərək Şahramanyanın “torbasını tikib”. Paşinyanın Babayan vasitəsilə müxtəlif tezisləri və pərdəarxası söhbətləri ortaya atması ilk dəfə deyil. Buna görə də erməni KİV “eks-katib”in açıqlamalarını gen-bol tirajlayıb. Bu açıqlamalar isə çox ciddi məqamları üzə çıxarıb.

Babayan Şahramanyana qarşı

Məsələn, Babayanın açıqlamalarından məlum olub ki, separatçı “lider” bir müddət əvvəl Daşnaksütyunun sabiq prezidentlər vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyini reallaşdırmaq üçün qurulan planın bir hissəsi olub. 1999-cu ilin 27 noyabr tarixində erməni parlamentinə silahlı hücumun arxasında sözügedən partiyanın durduğunu nəzərə alsaq, söhbətin hansı planlardan və rıçaqlardan getdiyini təsəvvür edə bilərik. Bu ittifaqın hansı üsullar vasitəsilə hakimiyyəti devirə biləcəyi barədə hakim partiyada kifayət qədər məlumat var. Bu səbəbdən də yaxın vaxtlarda Şahramanyan və Daşnaksütyuna qarşı Paşinyanın “səlib yürüşü”nün başlama ehtimalı yüksəkdir.

Separatçı “deputatlar”ın gizli görüşü

Bir neçə aydır İrəvan küçələrinin enini-uzununu ölçən qondarma rejimin “deputatlar”ı da fəaliyyətə keçmək qərarına gəliblər. Onlar qısa müddət ərzində iclas keçirmək, qərarlar qəbul etmək istəyiblər. Amma parlament komissiyasında dindirildikdən sonra Şahramanyan onlarla görüşərək, hazırkı məqamda belə bir addımın lazımsız olduğunu bildirib. Birincisi, hakim elitanın bu işə kəskin reaksiya verəcəyini təsdiq edən faktlar var. Həm prezident, həm parlamentin sədri, həm də bir sıra deputatlar separatçı rejimin istənilən fəaliyyətinə qarşı müxtəlif açıqlamalar veriblər. İkincisi, ola bilər ki, Daşnaksütyun və Sarkisyanla görüşdə alınan qərarların hər hansı formada icra olunacağına “deputatlar” mane ola bilərlər.

Bununla belə, qondarma rejimin tör-töküntüləri Şahramanyanın sözünü yerə salaraq gizli iclas keçirməyə nail olublar. Amma necə deyərlər, özləri çalıb, özləri də oynayıblar.

Cəza tədbirləri yoldadır

Təbii ki, separatizm qalıntılarının bu cür “fəaliyyəti” diqqətdən kənarda qalmayıb. Hazırda Azərbaycanla birbaşa dialoq nəticəsində 32 erməni əsirin Ermənistana qaytarılması baş naziri xeyli ürəkləndirib. Artıq hakim partiyanın əksər üzvləri açıqlama verərək, tezliklə sülh müqaviləsinin imzalanacağına inandıqlarını qeyd ediblər. Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri üzrə komissiyasının rəhbəri, deputat Gevorq Papoyan məlum məsələ ilə bağlı “Qarabağı məhv etdilər, indi növbə Ermənistandadır? Artıq bəsdir!” fikrini səsləndirib. Bu isə o deməkdir ki, qondarma rejimin “eks”lərinə İrəvanda qol-qanad açmağa heç bir halda icazə verilməyəcək və tezliklə onların cəzalandırılmasının şahidi olacağıq. (“Kaspi” qəzeti)