İrəvanda mənzil alan azərbaycanlılar kimlərdir? – VİDEO

0
104

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Azərbaycan və Türkiyə vətəndaşları İrəvanda mənzil və daşınmaz əmlak alır” adlı süjetdə erməni hüquqşünas Avetik İşxanyanın “Azərbaycanlılar İrəvanda mənzillər və obyektlər alacaq, Ermənistanın demoqrafiyası dəyişəcək” proqnozundan, eləcə də Ermənistan Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin Azərbaycan vətəndaşlarının İrəvanda daşınmaz əmlak alması barədə yaydığı məlumatdan bəhs olunub.

Bildirilib ki, A.İşxanyan belə fikirlərin erməni ictimai rəyində azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına qarşı etiraz formalaşdırdığını bildirib:

“Qarabağda erməni separatizminin tamamilə ləğvindən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda müzakirəsi intensivləşib. Çünki rəsmi Bakı Qərbi Azərbaycana qayıdış məsələsini sülh sazişinin əsas komponentlərindən biri kimi irəli sürür. Ermənistan hakimiyyəti bunu qəbul etməsə də, baş nazir Nikol Paşinyanın sonda rəsmi Bakının bu tələbi ilə razılaşmaq məcburiyyətində qalacağı fikri erməni ictimai rəyinə hakimdir”.

Qeyd olunub ki, Ermənistan hakimiyyətinin Qərbi Azərbaycan məsələsi ilə bağlı verdiyi təkziblər erməni ictimaiyyətində inandırıcı qəbul edilmir:

“Ermənilər iddia edirlər ki, Azərbaycan və Türkiyə vətəndaşlarının İrəvandan daşınmaz əmlak almasının arxasında hər iki ölkənin dövlət strukturları dayanır və məqsəd tədricən İrəvana nəzarəti bərpa etməkdir. Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin sədr müavini Arman Petrosyan bildirib ki, Azərbaycan və Türkiyə vətəndaşlarının aldıqları daşınmaz əmlakın sayı çox azdır, buna görə onlar bunu Ermənistanın təhlükəsizliyinə təhdid kimi görmürlər. İndiyə qədər Azərbaycan vətəndaşları İrəvanda səkkiz, Türkiyə vətəndaşları isə 82 daşınmaz əmlak alıblar”.

Sonda vurğulanıb ki, rəsmi Bakı Qərbi Azərbaycanda daşınmaz əmlakları qanuni yollarla almaq və gələcəkdə bura qayıdacaq azərbaycanlılara vermək istəyir:

“Çünki Azərbaycan tarixi torpaqlarına qayıdışda israrlıdır. Prezident İlham Əliyevin dediyi kimi, “Qərbi Azərbaycana qayıdacağıq, lakin tank üzərində yox, maşınlarla, sülhlə”. İrəvanda alınan daşınmaz əmlaklar da qayıdış strategiyasının elementlərindən biri ola bilər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.