İrəvan Zəngəzur üzərində nəzarəti itirir – Ermənistan sektorlara bölünəcək

0
617

Qarabağda erməni separatizminin ləğvi və Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra Bakı-İrəvan xəttində münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və nəhayət Cənubi Qafqaza sülhün gəlməsi üçün heç bir maneə qalmayıb. Bundan sonra atılmalı olan addımlar da bəllidir: sərhədin delimitasiyası razılaşdırılmalı və regionda əməkdaşlıq perspektivinin yaranması üçün ən vacib komponent olan kommunikasiya açılmalıdır. Kommunkasiyanın açılması isə Zəngəzur dəhlizinin reallaşmasından keçir.

Birincisi, Zəngəzur dəhlizi regionda bütün ölkələrə mühüm iqtisadi dividentlər vəd edir.


– Rusiya bu dəhliz vasitəsilə həm Ermənistana, həm də Türkiyəyə, oradan da Avropaya çıxışını şaxələndirir;
– İran dəhliz üzərindən Türkiyəyə çıxışını genişləndirir, eləcə də Fars körfəzindən Avropaya qədər uzanan nəqliyyat xətti əldə edə bilər;
– Azərbaycan və Türkiyə arasında quru əlaqə, o cümlədən, Avropa və Asiya arasında perspektivli körpü yaranır;
– 30 il davam edən işğal siyasətinə görə regiondakı bütün layihələrdən kənarda qalan Ermənistan “dalan ölkə” olmaqdan çıxır, iqtisadi qazanc əldə edir;

Bütün bunların fonunda Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkəsində əsas nöqtələrdən biri olaraq, bu dəhlizdən istifadə edəcək region ölkələrinin önündə geniş iqtisadi perspektivlər açır.

İkincisi, Azərbaycan və Ermənistan arasında liderlərin imza atdığı yeganə sənəd 10 noyabr razılaşmasıdır və bu razılaşma Zəngəzur dəhlizinin açılmasını labüd edir.

Üçtərəfli bəyanatın 9-cu bəndində qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Bu öhdəlikdən yayınmağa çalışan rəsmi İrəvan mütəmadi olaraq, bəyanatda “dəhliz” ifadəsinin yer almadığına istinad etsə də, “maneəsiz hərəkətin təşkili” dəhliz prinsipi ilə eynilik təşkil edir. Yəni burada mübahisəli ola biləcək yeganə məqam terminologiyadır: istər “dəhliz” deyilsin, istər “maneəsiz keçid”, nəticə etibarilə İrəvan öhdəliyini icra etməlidir;

Bütün bunların fonunda həm region ölkələri arasında siyasi-iqtisadi əməkdaşlığın güclənməsi, həm də regionun problemlərinin həlli prinsipi baxımından açar rolunu oynayan Zəngəzur dəhlizinə qarşı təhlükəli oyunların oynanıldığı müşahidə edilir:

– Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməmək üçün regiondan kənar oyunçulara – Qərb ölkələrinə bel bağlayır;
– Cənubi Qafqazda maraqları olan Qərb ölkələri də Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhəni açmağa çalışır;


44 günlük müharibədən sonra Paşinyan hakimiyyətinin atdığı addımlar buna hesablanıb.

Birincisi, Avropa İttifaqının “mülki missiyası” adı altında Qərb qüvvələrini bölgəyə gətirdi: bu, Rusiyaya, eləcə də regionda kənar oyunçuların iştirakını qəbul etməyən İrana qarşı ciddi risklər vəd edir;
İkincisi, Ermənistanın KTMT-dən və MDB-dən çıxması məsələsi gündəmdədir: Nikol Paşinyan Avropa Parlamentində sonuncu çıxışı zamanı bunun mesajını açıq şəkildə verdi;
Üçüncüsü, Rusiyanı Ermənistandan çıxarıb, Qərb ölkələrini – Fransanı gətirmək niyyətindədirlər: Paşinyan Strasburqda “təhlükəsizlik müttəfiqini” dəyişdirmək istəklərini açıq şəkildə elan etdi, bunun fonunda Fransanın Ermənistanı silahlandırması da artıq prosesin başlandığı deməkdir və bunun davamı olaraq, Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması gözlənilir;

Ermənistan ictimaiyyətində “Rusiyaya bağlı qüvvələrin hakimiyyət çevrilişinə hazırlaşdığı” haqda yaradılan rəy də bu prosesin tərkib hissəsidir. Qərbin Ermənistan üzərindən Rusiyaya qarşı yeni cəbhə açmaq planı artıq sirr deyil və Paşinyan hakimiyyəti bunu açıq şəkildə icra edir.

Sual yaranır: Ermənistan bu planı icra edə biləcəkmi, yaxud bu mənzərə İrəvana nə vəd edir?

Rusiyanın Ermənistandan çıxmayacağı və belə bir təhlükə yaranarsa, ciddi müdaxiləyə əl atacağı aydındır. Xüsusilə rus bazasının çıxarılmasına qarşı sərt cavabın veriləcəyi gözlənilir. Bununla yanaşı, Qərb ölkələrinin Ermənistana daxil olması Rusiya ilə yanaşı, İran üçün də təhlükə vəd edir: Tehran bunu NATO qüvvələrinin sərhədlərinə gəlişi kimi dəyərləndirir və artıq bir neçə dəfə İrəvana bu haqda xəbərdarlıq edilib;

Bu mənzərə Ermənistanın növbəti qurbana çevrildiyini göstərir. Və proseslərin mümkün inkişafı Rusiya ilə İranın Ermənistana müdaxilə edə biləcəyini, bu ölkəni sektorlara böləcəyi ssenarisini aktuallaşdırır. Çünki məsələ artıq regional yox, geosiyasi qarşıdurmaya çevrilir və Moskvada da, Tehranda da anlayırlar ki, Ermənistanın Qərbin plasdarmı olması onlar üçün siyasi, hətta hərbi təhlükə yaradacaq.

Və proseslərin bu istiqamətdə inkişafı Zəngəzur dəhlizinin açılmasını daha da aktuallaşdırır.

1. Rusiya və İran Qərbin Ermənistan üzərindən yeni cəbhə açmasına imkan verməmək üçün Bakı və İrəvanın tezliklə sülh sazişini imzalamasına çalışacaq;
2. Bölgədə kommunikasiyaların qısa müddətdə açılmasına, regional əməkdaşlığın inkişafına və kənar oyunçuların regiona müdaxiləsinin qarşısını almaq istiqamətində hərəkət edəcəklər;
3. Buna nail olmağın yolu – kommunikasiyanın açılması, sülh sazişinin imzalanması Zəngəzur dəhlizinin reallaşmasından keçir;


Rəsmi İrəvanın bundan imtina etməsi mümkün görünmür. Bu perspektiv Ermənistanın “dalan ölkə” olaraq qalmasına və tədricən “yoxa çıxması”na səbəb olacaq, hərçənd, proseslərin İrəvanın Zəngəzur bölgəsi üzərində nəzarəti itirməsi istiqamətində də inkişaf etdiyi görünür.

Erməni əhalisinin Zəngəzur bölgəsini sürətlə tərk etməsi bunun bariz nümunəsidir. Bölgədə əhalinin sayı ilə bağlı statistika bunu təsdiq edir:

– 2005-ci ildə 149 min 700;
– 2011-ci ildə 141 min 700;
– 2019-cu ildə 138 min 300;
– 2022-ci ildə 106 min 916
;

Əhalinin sürətlə azalmasının müxtəlif səbəbləri var. Hərçənd, ana səbəb ermənilərin bu bölgənin Azərbaycanın nəzarətinə keçəcəyi haqda düşüncəsinin güclənməsidir. Xüsusilə 44 günlük müharibədən sonra Azərbaycanın dövlət sərhədini bərpa etməsi erməni əhalisinin bölgədə gələcəklərinin olmadığını anlamasını sürətləndirdi. Bölgənin coğrafi reallıqları da Ermənistanın burada nəzarətini zəiflədən amillərdəndir. Misal üçün, Ermənistan-Azərbaycan sərhədində elə məntəqələr var ki, Naxçıvana qədər olan məsafə 30 kilometrdir. Hərbi baxımdan yanaşdıqda, bu, iki minaatan atəşi məsafəsi deməkdir. Göründüyü kimi, bölgədə mümkün hərbi ssenarilər zamanı üstünlük Azərbaycandadır.

Ermənistan üçün iki yol qalır: ya Zəngəzur dəhlizinin açılmasına razı olmaq və kənar oyunçularla bel bağlamaqdan imtina edərək, regional əməkdaşlıqdan faydalanmaq; ya da dövlət olaraq, sektorlara bölünmək və Zəngəzur üzərində Azərbaycanın nəzarəti ilə razılaşmaq;