İrəvan üçün şok gəlişmə: Qarabağ savaşla azad oluna bilər

0
1444

Azərbaycana qarşı sərhəd təxribatı işğalçı Ermənistanı beynəlxalq arenada böyük diplomatik iflasa tuş edib. Artıq bunu əminliklə söyləmək mümkündür. Azərbaycana verilən və davam etməkdə olan beynəlxalq dəstək bunun ən bariz təzahürü sayıla bilər.

Son olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasında qüvvədə olan qanuna Dağlıq Qarabağı Azərbaycanın ərazisi, Ermənistanı isə işğalçı kimi təsdiqləyən iki düzəlişin qəbulu İrəvan rəsmiləri üçün az qala “açıq səmada şimşək” effekti yaradıb. Ermənilər, erməni lobbisi neçə gündür şokda və dərin məyusluq içindədir.

***

Diqqətçəkicidir ki, ilk dəfə Konqresdə Azərbaycanın xeyrinə olan belə mühüm sənədin qəbuluna qarşı ABŞ-ın güclü və imkanlı erməni lobbisi əlindən gələni etsə də, hər cür çirkin üsullara və oyunlara baş vursa da, nəticə dəyişməyib. Nikol Paşinyanın yalançı “qərbçi” imici də kara gəlməyib və Konqresdə Azərbaycanın maraqlarını müdafiə edən kiçik lobbi qrupunun təşəbbüsü keçib. Çünki aşkar şəkildə mövqe üstünlüyünə malik olub.

Bu da ondan ibarətdir ki, artıq Konqresdə Ermənistan adlı qondarma dövlətin Güney Qafqazda kimin əlaltısı olduğu və hansı çevrələrin maraqlara xidmət etdiyi haqda rəy möhkəmlənib. İrəvanın sərhəd təxribatı arxasında Tovuz yaxınlığından keçən beynəlxalq neft-qaz kəmərlərinin, o cümlədən oktyabrda tam istifadəyə veriləcək Cənub Qaz Dəhlizinin (TANAP) hədəf almaq istəyinin üzə çıxması bu rəyi bir az da daşlaşdırıb. Çünki həmin kəmərlər Qərbin, özəlliklə də ABŞ-ın strateji maraqları, o sırada Avropanı Rusiyanın enerji asılılığından azaltmaqla bağlı marağı ilə birbaşa bağlıdır.

Burada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərhəddə baş verən insidentlə əlaqədar söylədiyi “Bu, Ermənistanın miqyasını aşan hadisədir” sözləri yerinə düşür. Belədirsə, ABŞ niyə də onun “ayağının altını qazıyan” Ermənistana və erməni lobbisinə qucaq açmalı, havadar çıxmalıdır? Ermənistan bölgədə ABŞ-ın əsas rəqibi olan Rusiyanın hərbi qalası, sadiq və sözəbaxan vassalıdırsa, o zaman nədən onun bir “əli”ndən Moskva, digərindən isə Vaşinqton tutmalıdır?

Bu xüsusda ABŞ Nümayəndələr Palatasının Azərbaycanın xeyrinə olan son qərarı (böyük ehtimalla, Senat da eyni mövqe sərgiləyəcək) ən əvvəl total erməni yalanlarına vurulan zərbə hesab olunmalıdır. Bu yalanlar hər gün bir az daha faş olmaqdadır. Amma cəmi bir neçə ay öncə Konqresin hər iki palatası uydurma “erməni soyqırımı” haqda qətnamələri az qala, yekdilliklə qəbul eləmişdi. Ona görə ki, o vaxt ABŞ Suriya əməliyyatları və Rusiya ilə S-400 anlaşmasına görə Türkiyəni ”erməni kartı” ilə vurmaq istəmişdi. O zaman məsələdə yəhudi lobbisinin də marağı olduğundan ermənilərin arzusu baş tutmuşdu.

Amma indi həmin tərkibli Nümayəndələr Palatasında Ermənistanı işğalçı sayan düzəlişlər qəbul olunur. Nonsens? Xeyr. Ona görə ki, situasiya indi fərqlidir. Ona görə ki, bu dəfə ermənilər həm də ABŞ maraqlarını hədəf alıblar. Ona görə ki, Tovuz yaxınlığından keçən Bakı-Ceyhan kəməri ilə nəql olunan neftin 40%-ni İsrail alır. İsrail isə Azərbaycanın həm də mühüm strateji tərəfdaşıdır, iki ölkə illərdir dərin hərbi əməkdaşlıq içindədir…

***

Aydındır ki, Ermənistanın Azərbaycana qarşı siyasi-diplomatik uğursuzluğu avtomatik şəkildə Dağlıq Qarabağdakı separatçı-kriminal rejimin də “passivi”nə yazılacaq. Erməni yalanlarını bundan sonra ənənəvi ritorika və fəndlərlə davam etdirmək asan olmayacaq.

Odur ki, ermənilər təşviş içindədədirlər. Axı Qarabağ uğrunda savaş yalnız səngərlərdə getmir. ABŞ isə siradan bir dövlət deyil, dünyanın əsas supergücüdür. ATƏT-in Minsk Qrupunun iki aparıcı həmsədrlərindən biridir. Vaşinqtonun Dağlıq Qarabağ məsələsində Avropa ilə sinxron hərəkətə başlaması, əlbəttə ki, separatçıların “öz müqəddəratını təyinetmə” iddialarının üstündən həmişəlik xətt çəkir.

Söz düsmüşkən, keçən ay Avropa Parlamenti Azərbaycan da daxil olmaqla “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünü tanıyan qətnamə qəbul edib. Həmin sənəd Azərbaycana hətta öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək haqqı tanıyır. İndi isə ABŞ parlamentində Ermənistanı işğalçı kimi tanıyan bənzər sənəd qəbul edilir.

Belə sənədlərin sayı artdıqca, əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etməsi üçün əl-qolu da açılmış olur. Çünki hər necə olmasa, müharibə üçün qlobal güclərin də “razılığı” lazım olur.

***

“Bakı” Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov hesab edir ki, Azərbaycan XİN artıq ABŞ Konqresində qəbul edilmiş qətnamə və bir neçə il əvvəl Avropa Məhkəməsi tərəfindən qəbul olunmuş “Çıraqov və digərləri Ermənistana qarşı” qərarını da bura əlavə etməklə Ermənistana qarşı ciddi təzyiq kampaniyasına start verə bilər. Onun sözlərinə görə, bu dəyişikliklər ABŞ parlamentarizm tarixində erməni diasporuna və Ermənistana vurulan ən böyük zərbədir.

“Təsadüfi deyil ki, ABŞ-dakı erməni diasporu və lobbi qrupları ciddi şəkildə Konqresə təzyiqlərini artıraraq etirazlara başlayıblar. Buna həm də ingilisdilli və ermənilərə yaxın olan internet resursların etirazını da aid edə bilərik. Beləliklə, qanuna dəyişikliklər nəticəsində Ermənistan bir daha növbəti sənəddə işğalçı dövlət kimi qeyd olunur və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışının təmin edilməsi tələb olunur. Başqa sözlə, 296 saylı düzəliş Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü təsdiqləyir. Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən hazırlanacaq birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur. Azərbaycan XİN bu qanundan və bir neçə il əvvəl Avropa Məhkəməsi tərəfindən qəbul edilmiş ”Çıraqov və digərləri Ermənistana qarşı” qərarını da bura əlavə etməklə Ermənistana qarşı ciddi təzyiq kampaniyasına start verə bilər”, – deyə o vurğulayıb.

Ekspertin qənaətincə, bu – torpaqlarımızın işğalını sübut edən növbəti beynəlxalq sənədlərdən biridir: “Beləliklə, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən tutmuş, ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların münaqişə ilə bağlı Azərbaycanın lehinə qəbul etdikləri qərar və sənədlər, verilən bəyanatlar və Konqresin son qərarı sülh danışıqlarında Bakının mövqeyini möhkəmləndirməklə yanaşı, həm də ona işğal altındakı torpaqları müharibə yolu ilə geri qaytarmaq hüququnu verir. Bu isə o deməkdir ki, istər danışıqlarda, istərsə də silahların işə salınması zamanı Ermənistan birmənalı olaraq işğalçı tərəf kimi qəbul edilir və ediləcək”.

Politoloqa görə, artıq Bakının Minsk Qrupu qarşısında konkret şərtlər qoymasının vaxtı çatıb.

Yəqin ki, belə də olacaq. Azərbaycan XİN-də rəhbər dəyişikliyi ilə hücum diplomatiyasına start verilməsi bu gözləntini başqa bir yandan labüd edir…