İRƏVAN TEATRI “XOCALIYA ƏDALƏT” KOMPOZİSİYASINI TƏQDİM EDƏCƏK

0
958

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə olaraq Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 26-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şairə-dramaturq Azadə Taleh Abbas qızının “Xocalı şəhidim Şöhrət Həsənov” adlı poeması əsasında hazırlanmış “Xocalıya ədalət!” kompozisiyasını təqdim edəcək.
Tədbir “Qafqaz-Media” İctimai Birliyi və “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O, bildirib ki, kompozisiyanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.
Rollarda Əməkdar artistlər Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Səmayə İsmayılova, Niyaməddin Səfərəliyev, Müdvər Nemətova, Anar Buludov, Arzuman Tanrıverdi, Sevinc Hüseynova, Sevinc Bəxtiyar, Xədicə Məmmədova, Pərvin Dadaşova, Zəki Fətəliyev, Fərid Vəliyev, Samir Əliyev və Səbinə İmanverdiyeva çıxış edəcəklər.
28 ildir ki, Xocalının səhəri açılmır. Orada, Günəş doğmur. Xocalıda Günəş sonuncu dəfə qürub edəndə bəlkə də özü də bilməzdi ki, uzun müddət doğmayacaq. 1992-ci il 26 fevral gecəsi bir ayrı gecədir. O elə bir gecədir ki, nə qədər insanın həyatına son qoydu. O gecənin bir ayrı ağrısı var. O ağrını isə heç bir sözlə ifadə etmək mümkün deyil. Bütün bunların fonunda dəhşət saçan, faciəvi, “Xocalı gecəsi” nə teatral motivdə, sənət dili ilə yaxınlaşmaq da asan deyil. “Mistik ritual” formasında hazırlanan “Xocalı kompozisiyası” erməni vəhşiliyi, erməni vandalizmindən bəhs edir. Biz bu qanlı tarixi unutmamalı, gələcək nəsillərə də ötürməliyik. Xocalını azad etdiyimiz gün, qətlə yetirilmiş günahsız xocalıların qisasının alındığı gündür!