İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

0
66

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “soyqırımı”nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma “soyqırımı” “böyük faciə” adlandırmasıdır.

Paşinyan çıxışında cəmi 3 dəfə “soyqırımı” ifadəsini işlədib, 11 dəfə isə “böyük faciə” deyib.

Erməni ekspert Varujan Qeqamyan bildirib ki, Paşinyanın çıxışında “soyqırımı”nın beynəlxalq müstəvidə tanınması məsələsinə toxunulmur, hüquqi qiymətdən bəhs edilmir.

Ermənistanda hesab edirlər ki, mövcud hakimiyyət “soyqırımı” məsələsindən imtina edir. Paşinyanın “soyqırımı qurbanları”nın 1,5 milyon olmasına şübhə etməsi, arxivlərdən onların ad və soyadlarının tapılmasını istəməsi ermənilərdə bu fikri gücləndirib.

“Hraparak” nəşri isə yazır ki, Paşinyan 24 aprel günündən imtina etməyə hazırlaşır.

“Ermənistan hakimiyyəti yaxın dövrdə “bayramlar və anım günləri” haqqında qanuna düzəliş edəcək. 24 aprelin qeyri-iş günü olması ləğv edilə bilər”, – nəşr qeyd edir.