İnternetin yaranması tarixindən

0
323

Bəşər tarixində üç informasiya inqilabı məlumdur: onlardan birincisi – yazının, ikincisi – kitab çapının ixtirası ilə bağlıdır. İndi biz gələcəkdə insan bütün həyat şəraitini keyfiyyətcə dəyişdirməli olan üçüncü informasiya inqilabının başlanğıcındayıq. Bu inqilab, İnternetin – haqlı olaraq müasir texnologiyanın ən təsirli icadlarından biri sayılan qlobal kompüter informasiya şəbəkəsinin ortaya çıxması ilə əlaqəlidir. Bu şəbəkə, sözün əsl mənasında, XX əsrin son iyirmi ili ərzində lokal və ərazi miqyaslı bir çox kompüter şəbəkələrinin birləşdirilməsi nəticəsində meydana gəldi.

İlk lokal hesablama şəbəkələri 60-cı illərdə yaranmışdır. Onların hər biri informasiya mübadiləsinə imkan verən, hər hansı bir təşkilatın və ya firmanın hesablama maşınları sistemi idi, xüsusi kabellərlə birləşdirilərək bir və ya bir neçə yaxın binada yerləşirdi. Ərazi hesablama şəbəkələri bir-birinə bağlı olan bir neçə lokal şəbəkənin toplusu idi və yerli şəbəkələrin inkişaf etmiş forması sayılırdı. Onlardan istifadə edərək cari sistemin xaricindən məlumat almaq və əksinə, məlumat göndərmək olardı. Bu prosesin məntiqi zirvəsinə qlobal İnternet şəbəkəsi oldu. İnternet dünyadakı on minlərlə özəl, ticarət, akademik, dövlət və digər informasiya şəbəkələrini vahid bir sistem şəklində birləşdirərək sözün əsl mənasında kompüter şəbəkəsi sisteminə çevrildi.

1969-cu ilin yanvarında ABŞ hökuməti internetin yaranmasının əsasını qoydu. Həmin ildə bir qrup alim strateji əhəmiyyətli məlumatların saxlandığı bir neçə kompüteri vahid bir sistem şəklində birləşdirdi. Onların işləri ABŞ Müdafiə Nazirliyinin bir bölməsi olan Perspektiv Tədqiqatlar İdarəsi (ARPA) tərəfindən maliyyələşdirilirdi. ABŞ hökuməti üçün bu sistem ona görə əlverişli idi ki, nüvə müharibəsi baş verəcəyi halda o, belə kompüterlərin fasiləsiz işləməsini təmin etməli idi. ARPANET sistemi əvvəllər yalnız elmi işçiləri uzaq kompüter mərkəzləri ilə birləşdirirdi. Lakin tezliklə aydın oldu ki, o çox rahat bir şəkildə elektron məktublar göndərmək və məlumat mübadiləsi üçün xidmət edə bilər. 1980-ci ilə qədər ARPANET-in nümunəsində müxtəlif cəmiyyətləri, qrupları və təşkilatları birləşdirən bir neçə başqa milli kompüter şəbəkəsi yaradıldı (məsələn, hesablama texnikası və proqramlaşdırma sahəsində tədqiqatçıları birləşdirən CSNET). 1983-cü ildə ARPANET iki şəbəkəyə ayrıldı – ARPANET və MULNET.

ARPANET dinc və elmi məqsədlər üçün istifadə olunmağa başladığı halda, MULNET sistemi hərbi məqsədlərlə istifadə üçün ehtiyatda saxlanıldı. Onlar arasında informasiya mübadiləsi sistemi nəzərdə tutulmuşdu. Bu birləşməyə İnternet adı verildi. İlk vaxtlar ABŞ-da bütün milli kompüter şəbəkələri bir-birindən ayrı şəkildə mövcud idi, lakin tədricən bir-birinin ardınca İnternetə qoşuldular. Nəhayət, 1986-cı ildə ABŞ Milli Elm Fondu bütün ölkə alimlərini müxtəlif elmi mərkəzlərdə yerləşən beş superkompüterlə birləşdirdi. Bu superkompüterləri birləşdirən yüksəksürətli kompüter şəbəkələri NSFNet adı altında baza şəbəkəsi yaratmışdılar. Hazırda İnternet adı ilə tanınan bu şəbəkə, o dövrün qlobal komputer şəbəkəsinin təməli halına gəlmişdi. Növbəti on ildə bir çox digər regional və milli kompüter şəbəkələri bu şəbəkəyə qoşulduqda, İnternet bütün dünyanı əhatə edən nəhəng bir sistemə çevrildi.

Əvvəllər İnternetdən yalnız mütəxəssislər istifadə edirdilər, lakin, tədricən şəbəkədən istifadə edənlərin dairəsi xeyli genişləndi. İndi ən müxtəlif peşə sahibləri – evdar qadınlar, vəkillər, yazıçılar, idmançılar, polislər, bağbanlar, aşpazlar, biznesmenlər, tələbələr və başqaları onun xidmətlərindən yararlanırlar. Bu insanların internetə marağı onunla izah olunur ki, o, həqiqətən də hər kəsə lazım olan və maraqlı məlumatlar təqdim edə bilir. İnternet müxtəlif məlumat banklarına daxil olmaq imkanı, kitabxana məlumatlarının axtarışı, elektron poçtdan istifadə və s. kimi bir çox müxtəlif xidmətlər təqdim edir. İnternetə qoşulmaqla hər bir istifadəçi bəşəriyyətin topladığı geniş informasiya ehtiyatlarına sürətli giriş əldə edir. O, dünyanın ən böyük kitabxanalarının kataloqlarına baxa, təzə xəbərləri öyrənə, müxtəlif sənədlərin surətlərini ala, onu narahat edən məsələləri müzakirə edə, elm və biznes sahəsində həmkarları ilə əlaqələr qura bilər. O, dünyanın istənilən yerindən mesajlar ala və göndərə, minlərlə müxtəlif mövzulara həsr olunmuş xəbərlər və ismarıclar oxuya, istənilən sənədləri, kitabları, şəkilləri, audio yazıları və filmləri tapa, yeni insanlarla tanış ola, özünə maraqlı olan malların qiymətlərini və s.öyrənə bilər. Tutaq ki, istifadəçiyə kompüter üçün hər hansı bir proqram lazımdır. Bu zaman o, hər hansı bir universitetlə əlaqə saxlayaraq proqramı onların kompüterindən kopyalaya bilər. Hər hansı bir eksponat haqqında məlumat almaq üçün istənilən muzeylə əlaqə saxlamaq, hər hansı bir kitabxanaya distant şəkildə daxil olmaq olar. İstifadəçilər müxtəlif ictimai və dövlət təşkilatlarının rəsmi xülasələrini, bülletenlərini, bildirişlərini və icmallarını əldə edə bilər. İnternet vasitəsilə çoxsaylı xəbər proqramlarından birinə abunə olmaq, ən son xəbərləri hətta televiziya və qəzetlərdə çıxmazdan əvvəl əldə etmək olar. Lakin, hazırda ən populyar İnternet proqramı elektron poçt olaraq qalır, çünki bu, insanlar arasında informasiyanın poçt markasından aşağı olan qiymətə ötürülməsinin ən sürətli, qənaətli və sadə üsuludur. Dünyanın hər hansı bir nöqtəsində məlumat bankına daxil edilən informasiyanı bir neçə saniyədən sonra dünyanın istənilən başqa nöqtəsində oxumaq və çapa göndərmək olar. Bundan əlavə, mesajlara mətnlərlə bərabər, rəsmlər, fotoşəkillər, səs və videoyazılar, sənədlər və proqramlar da daxil ola bilər.