“İnsanlar naşükürlük etsə də, onlara yaxşılıq etməkdən yorulmayın…”

0
601

İmam Əli (ə) buyurur: “O qədər insanlar olub ki, nəsihət və xeyirxahlıq əhli deyildir, nəsihət verər. O kəs ki, ondan nəsihət istənilmişdir, xəyanət edər”. (Tebyan)
Həsədin əks halı – xeyirxahlıqdır. Bu mənada ki, insan başqalarının nemətinin məhv olmasını istəməsin. Bəlkə bütün pak və yaxşı əməl sahibləri üçün nemətlərin artmasını istəyər. Özü üçün istədiyi səadəti və xeyri başqası üçün də istəməlidir. Bu Quran ayələrinin işarə etdiyi mühüm fəzilətlərdən biridir.
İlahi peyğəmbərlər (ə) həmişə insanların yaxşılığını istəmişdir. Onların bariz sifətlərindən biri həmin mövzu idi. Qurani-Kərim Həzrət Nuhun (ə) dilindən belə buyurur: “Rəbbimin tapşırıqlarını sizə çatdırır, sizin xeyrinizi istəyir və Allah tərəfindən sizin bilmədiyiniz şeyləri bilirəm”. (“Əraf” 62).
Bəli, İlahi peyğəmbərlər (ə) risalətlərini elan etdikdən sonra insanlara xeyirxahlıq edərdilər. Təbiidir ki, bu sifət ancaq Həzrət Nuha (ə) aid olmamışdır. Bütün İlahi peyğəmbərlər (ə) bu sifətə malik olmuşdur.
Quranda xeyirxahlığa aid çox sayda ayə gəlmişdir ki, onların əksər hissəsi peyğəmbərlərin dilindən bəyan edilir. Quran Həzrət Hudun (ə) dilindən bəyan edir: “Ki, Rəbbimin tapşırıqlarını sizə çatdırıram və mən sizin üçün inanılmış bir nəsihətçiyəm”. (“Əraf” 68). Həzrət Hud (ə) məbus olandan sonra insanları haqq yola hidayət etməyə başladı. Lakin onlar peyğəmbərin sözlərindən qəzəblənirdilər. Ona hücum edib boğazını o qədər sıxdılar ki, az qalmışdı ki, can versin. Bir gecə-gündüz bihuş qalır. Bu halda Allah ona xitab edir ki, məbada insanlara xeyirxahlıq etməkdən yorulasan. Gərək işinə davam edəsən. Bu peyğəmbər 760 il insanları haqqa dəvət etdi. Onlara nəsihət verdi və onların xeyirini istədi. O zamana qədər ki, Allah bu insanları məhv etməyi iradə etdi. Hud (ə) xeyirxahlıqla onlara buyurdu: “Qorxuram ki, (səhranın bu daşları) sizə əzab verməyə məmur olsunlar”. Buna baxmayaraq, insanlar boyun qaçırtdılar.
Allah onları tənbeh etmək üçün 7 il qəhətlik yaratdı. Həzrətin (ə) duası ilə bu qəhətlik aradan qalxdı. Lakin yenə də hidayət olmadılar. Nəhayət Allah onları soyuq bir küləklə həlak etdi.
Həzrət Saleh (ə) də öz qəbiləsinə dedi: «Ey qövmüm, həqiqətən mən Rəbbimin tapşırığını sizə çatdırdım, xeyrinizi istəyərək sizə öyüd-nəsihət verdim, lakin siz xeyrinizi istəyərək öyüd-nəsihət verənləri sevmirdiniz». (“Əraf” 79).
Həzrət Saleh (ə) 16 yaşı olanda peyğəmbər olur. İnsanları xeyrə tərəf dəvət edir. O zaman ki, yaşı 120 olur, onlar hələ də hidayət olmurlar. Onlar Salehdən (ə) istəyirlər ki, dağdan bir dəvə çıxartsın. Allahın izni ilə bu iş həyata keçir. Bu səhnəni görən 70 nəfərin yalnız 6 nəfəri iman gətirir. Amma altıncısı şəkk və şübhə içində olur. Nəhayət beş nəfər qalır.
Quranda Həzrət Şuəybin (ə) adından oxuyuruq: «Ey mənim qövmüm, şübhəsiz mən Rəbbimin tapşırıqlarını sizə çatdırdım və sizə öyüd-nəsihət verərək xeyrinizi istədim. Belə olan halda, kafir bir dəstə üçün necə kədərlənim?». (“Əraf” 93).
Həzrət Şuəyb (ə) 242 il ömür sürür. Qəbiləsinə nəsihət verir və qocalır. Bir müddət qəbiləsindən uzaq düşür. Qayıdan zaman cavan olur və qəbiləsini yenə də yaxşı işlərə dəvət edir. Onlar deyirlər: “O zaman ki, qoca idin, sənin sözünə inanmırdıq. İndiki cavansan necə inanaq?”.
Hər kim başqalarına nəsihət verməyə qalxsa, bu, o demək deyildir ki, o, buna layiqdir. Baxmaq lazımdır ki, insanı nəyə dəvət edir. Bir çoxları vardır ki, nəsihət qələmini əlinə alır və insanlara xeyirxahlıq etdiklərini güman edirlər, həqiqətdə isə onları yolundan azdırır və onlara xəyanət edirlər. Bunun bariz nümunəsi Həzrət Adəmin (ə) şeytan tərəfindən aldadılmasıdır.
Başqa bir misal kimi Həzrət Yusifin (ə) qardaşlarını göstərmək olar ki, xeyirxahlıqdan çıxıb qardaşlarını quyuya atırlar.
Quran buyurur: «Ey atamız, sənə nə olub ki, Yusufu (saxlamağı) bizə etibar etmirsən? Halbuki, şübhəsiz, biz onun xeyrini istəyənlərik. Onu sabah bizimlə göndər ki, çəmənlikdə gəzib dolansın və oynasın və biz onu mütləq qoruyacağıq». (“Yusif” 11-12).
Allah Təala bizləri yaxşılıq edənlərdən qərar versin.