ABŞ-nin Veyl Kornell Tibb Kollecinin alimləri müəyyən ediblər ki, hüceyrə nüvələrinin ölçüsü onların ömrünü “ölçə” və insanın qocalmasının göstəricisi kimi xidmət edə bilər.
Araşdırmanın nəticələri “Nature Aging” jurnalında dərc olunub.
Tədqiqatçıların fikrincə, gəncliyin sirri hüceyrə nüvəsinin daxilində strukturun sıxlığını qoruyub saxlamaqdır. Maya göbələkləri üzərində aparılan təcrübədə (onların hüceyrələri insan hüceyrələrinə bənzəyir – red.) alimlər hüceyrə nüvəsinin xromosom və ribosomal DNT-si (rDNT) olan nüvəcikdən ibarət olduğunu müəyyən ediblər. Nüvə rDNT-ni qoruyur, çünki o, genomun ən həssas hissələrindən biridir və zədələndikdən sonra onun bərpası olduqca çətindir.
Yaşlanma prosesində nüvəciklər böyüyərək rDNT-nin qeyri-sabitliyinə səbəb olur. Genişlənmiş nüvəciklər zülalların və digər yaşlanma faktorlarının sızması üçün şərait yaradır ki, bu da hüceyrənin həyat dövrünün başa çatmasına səbəb olur. Bu araşdırma göstərir ki, kalorilərin məhdudlaşdırılmasını ehtiva edən “qocalma əleyhinə” pəhrizlər bu prosesi yavaşlada bilər. Əvvəlki tədqiqatlar göstərib ki, gündəlik kalori qəbulunu 30-50% azaltmaq genomun sabitliyini qorumağa kömək edir.
Gələcəkdə tədqiqatçılar orqanizmdə ölməkdə olan hüceyrələrin dəyişdirilməsində əsas rol oynayan kök hüceyrələrin qocalmasına nüvəcikdəki dəyişikliklərin necə təsir etdiyini öyrənməyi planlaşdırırlar. Bu müşahidələr kök hüceyrələrin ömrünü uzatmaq və bəlkə də insan orqanizmində qocalma prosesini ləngitmək üçün yeni perspektivlər aça bilər.