“İnşallah, mən də deputat olaram…” – Elza Seyidcahan

0
781
“Sənətimin heç 50 faizini göstərmirəm”
Bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan “Yeni Müsavat”a müsahibə verib. Onunla söhbəti təqdim edirik:
 – Elza xanım, bu günlərdə özünüzə ad günü keçirdiniz. Gələn qonaqlardan, hədiyyələrdən razı qaldınızmı?
 – Ad günüm çox gözəl keçdi. Təmtəraqlı etməsəm də, qeyri-adi tədbir oldu.
– Mərasimlə bağlı fotolardan belə anlamaq olurdu ki, şou-biznes nümayəndələrini dəvət etməmişdiz. Özünüz dəvət etmədiniz, ya onlar gəlmədi?
– Tədbirdə ən yaxınlarım, ailəm idi. Şou-biznesdən demək olar ki, heç kimi dəvət etmədim. Sözün düzü, dəvət etməyə utandım. Kim eşitdisə gəldi. Həm tədbirdən əvvəl, həm də sonra çoxlu sayda təbriklər, hədiyyələr aldım.
– Bəs ən gözəl hədiyyəni kimdən aldınız?
– Bütün hədiyyələr gözəl idi. Ümumiyyətlə ad günümdə sevdiyim bütün insanlar yanımda idi. Bu mənim üçün ən gözəl hədiyyədir, dəyərdir. Qeyd etdiyim kimi bu ad günümü sadə keçirsəm də, planımda var ki, gələn ad günümü təmtəraqlı keçirim.
– Son zamanlar həm mərasimlərə, həm də efirlərə bacınız Rasimə xanım ilə birgə qatılırsınız. Səbəb nədir?
– Ümumiyyətlə, biz hər zaman bir yerdə olmuşuq. Hətta konservatoriya illərində də bir yerdə oxumuşuq. Lakin sonra bacım ailə həyatı qurdu və Amerikaya köçdü. Lakin gördüyünüz kimi sənət elə bir şeydir ki, onu atmaq olmur. Mənim bacım da peşəkar musiqiçi, ifaçıdır. Bəli, artıq birlikdə toylara gedir, efirlərə çıxırıq. Hətta birlikdə layihələrimiz də var ki, yaxın vaxtlarda onları da təqdim edəcəyik.
– Hazırda isti yay günlərini yaşayırıq və şou-biznes əhlinin əksəriyyəti artıq istirahətdə, dincəlməkdədir. Bəs siz nə zaman istirahətə çıxacaqsınız? Bu barədə planınız nədir?
– Mən çalışarkən istirahət edirəm, öz işimdən zövq alıram. Düşünürəm ki, bəzi işlərimi qaydasında saldıqdan sonra ölkəmizin gözəl guşələrindən birinə istirahətə yollanım.
– Bəs xarici ölkəyə getməyi düşünmürsünüz? Adətən şou-biznes əhlinin istirahət üçün əsasən xarici ölkəyə üstünlük verdiyinin şahidi oluruq.
– Bəli, baxıram sevinirəm ki, imkanları var, dincəlirlər.
– Yəni sizin də xarici ölkədə dincələ bilməməyinizə maddiyyat səbəbdir?
– Yox, sadəcə vaxtım yoxdur. Bildiyiniz kimi, mən peşəkar bəstəkaram, klassik əsərlərim, mahnılarım var, onların üzərində işləməliyəm.
– Son vaxtlar sanki şeirdən uzaq düşmüsüz. Yeni şeirlərinizə rast gələ bilmirik.
– Yox, yenə də şeir yazıram. Məsələn, bu günlərdə “Adamsız evlər, evsiz adamlar” adlı şeirimin üzərində çalışıram. Daha bir neçə şeirim də olacaq. Şeirlərim hər zaman maraqla qarşılanır. Məsələn, “Əşyalarım” şeirini əməkdar artist Hüsniyyə Mürvətova ifa etdi. Həmçinin Pantomima Teatrının aktrisası Leyla xanım şeiri çox gözəl bədiiləşdirdi və hər kəs tərəfindən bəyənildi.
– Bu günlərdə xalq artist Brilliant Dadaşova rüşvətxor məmurlara mahnı həsr etdi və ictimaiyyətdə heç də birmənalı qarşılanmadı. Sizin münasibətiniz necə oldu? Ümumiyyətlə, nə vaxtsa siz də məmurlara şeir və yaxud mahnı həsr etməyi düşünürsünüzmü?
– Düşünürəm ki, Brilliant xanım ümumiyyətlə dünyada olan rüşvətə qarşı oxudu. Təəssüf ki, bəzən bunu başqa yerə yozanlar da tapılır. Pis məmurlarla yanaşı dövlətin, xalqın qayğısına qalan məmurlar da var. Onları vəzifəyə gətirəndə ümid edirlər ki, xalqın, dövlətin qayğısına qalacaqlar. Buna əməl edən olduğu kimi, etməyən də var. El arasında belə bir söz var, “meşə çaqqalsız olmaz”. O ki, qaldı mənə, ümumiyyətlə diqqət yetirəndə görərsiniz ki, bütün şeirlərimdə tənqid var.
– Məmurlardan söz düşmüşkən, 2015-ci ildə deputatlığa namizədliyinizi irəli sürdünüz. Sizi yenə də namizəd kimi görəcəyik?
– Allah bilir, bəlkə də. Niyə də olmasın. İnanıram ki, mən də buna nail olaram, vətənimə, dövlətimə xidmət edərəm. Əgər xalq məsləhət görərsə, seçərsə bunu özümə borc bilərəm.
– Qarşıdan gələn parlament seçkilərində namizəd olacaqsınız?
– İnşallah. Zamanında görkəmli bəstəkarımız Qara Qarayev və digər tanınınmış bəstəkar, musiqiçilərimiz də deputat olub, millət vəkili seçilib.
– Təxminən bir ay sonra mərhum xalq artisti İlhamə Quliyevanın da anım günü olacaq. Hər kəsə məlumdur ki, İlhamə xanım həyatda olarkən özünə çox təmtəraqlı doğum günü keçirər, ətrafına ən tanınmış şou-biznes əhlini toplayardı. Vəfatından sonra çox az adam onun anım gününü xatırlayır və yaxud yada salır. Siz necə, bu günə qədər nə vaxtsa onun qəbrinin üstünə getmisizmi və yaxud anmısızmı?
– Əlbəttə. Keçən də ad günündə gedib onun qəbrini ziyarət etmişəm. Vəfat edəndə də cənazəsinin üstünə ağ çiçəklər düzmüşdüm. Hətta evimdə ehsan da verirəm, buna jurnalistlər də şahid olub. Yəni daim xatırlayıram, anıram.
– Bu yaxınlarda həm də çox gözəl konsert proqramı ilə pərəstişkarlarınızın qarşısına çıxdınız. Bu konsertin davamı da olacaqmı?
– Ümumiyyətlə mənim bütün konsertlərim həmişə möhtəşəm keçib, hər kəs uzun müddət onun haqqında danışıb, yaddaşlarda qeyri-adi qalıb. Hətta övladlarımın da ad gününü mərasimlərini də qeyri-adi, maraqlı, layihə keçirirəm. Bütün bunların hamısı mənim öz ideyamdır və mən demək olar ki, sənətimin heç 50 faizini göstərmirəm.
Sonuncu konsertimə gəldikdə isə mən bunun üçün çox çalışdım, əziyyət çəkdim, böyük xərclərim oldu. Deyərdim ki, hələ bu günə qədər heç kəs bu cür konsert keçirə bilməyib.
Amma bilirsiniz ki, bu cür konsert keçirdikdə biz pul qazanmırıq, əksinə, xeyli xərclərimiz olur. Təsəvvür edin, konsertdən sonra hələ də bu günə qədər çalışıb, borclarımı ödəyirəm.