İnklüziv təhsillə bağlı daha bir addım

0
344

2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əks olunub.

Təkliflər Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanacaq.

Bundan başqa, Fəaliyyət Planında 2021–2022-ci illərdə çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onlara münasibətdə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üzrə işlək mexanizmin yaradılması istiqamətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması da nəzərdə tutulur.

İşin icrası Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.