RASİM MƏMMƏDOV: “VƏTƏNİ QORUMAQ MİLLİ-MƏNƏVİ BORCDUR”

0
851

“Yeni nəsil gələcəyimizin qarantısı, inkişafımızın kreativ əsgərləridir!”

 

Sıralarında 106 təsisatı – QHT, KİV, bir sıra və digər qurumları birləşdirən İctimai Nəzarət Koalisiyası İdarə Heyətinin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin I vitse-prezidenti, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyinin rəhbəri, tanınmış ictimai lider Rasim Məmmədovla olan müsahibəni  oxuculara təqdim edirik.

 

– Uşaqlıq illərinizi necə xatırlayırsınız?

– Uşaqlıq illəri, yazıçılar demişkən, həyatımızın cənnətlik çağlarıdır və onu heç vaxt unutmaq olmaz.  Atam- elimizin ağsaqqalı və ilk ziyalı peşəkar dövlət məmurlarından olan Adil müəllim Zəngəzur mahalının Qubadlı qəzasının Həmzəli kəndində dünyaya gəlmişdir. Tale elə gətirib ki, 3 yaşında anasını itirən atam Sisyanın (Qarakilsə) Ağdı kəndində bacısı ilə birlikdə bibisinin himayəsində yaşayıb. 1948-ci ildə məlum hadisələrdən sonra atasının doğulduğu Qubadlı rayonunun Həmzəli kəndinə qayıdıb. Orta məktəbi bitirdikdən sonra Ağdam Mexanizasiya Texnikumunda təhsil alıb. 1963-ci ildə isə Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.  Sonralar Qubadlı rayonunda evlənmiş, İmişli və ətraf bölgələrdə uzun müddət kənd təsərüffatı sahələrində rəhbər vəzifələrdə, daha sonra Kənd Təsərrüfatı Nazirliyinin məsul idarələrində, ən sonda da Sumqayıtda məsul dövlət qulluğunda çalışmışdır. Respublikamızın az qala yarısında yaşamağımız isə uşaqlıq yaddaşıma əbədi həkk olunub deyə, özümü Bütöv Azərbaycan sevdalısı sayıram. Qərbi Azərbaycan, Qubadlı, Qarabağ, Muğan, Sumqayıt və Bakı sevgisinə daha sonralar bütün Türk Dünyası bağlılığına sahiblənmək arzusu qatıldı. Təsəvvür edin ki, atamın işləri ilə əlaqədar xalqımızın nə qədər dəyərli şəxsiyyətləri ilə ünsiyyətdə olmuşam, hər bir şəxsdən nələrisə öyrənməyə çalışmışam. Kimlərdənsə zəhmətsevərliyi, kimlərdənsə ciddiyyəti, kimlərdənsə karyera qazanmağı, bir başqalarından isə vətənə yararlı olmağı, Azərbaycanımızı sevməyi, cəmiyyətin inkişafı üçün faydalı fəaliyyətdə olmağı öyrənmişəm. Bəlkə də həyatın bir çox mürəkkəb mərhəllələrindən, ömür və biznes uğurlarım da, müxtəlif vəzifələrdə çalışmağım da və karyeram da,  sonra ictimai sektorda özümü tapmağım da məhz o uşaqlıq illərimin ciddi təsirlərindən qaynaqlanırdı.
Uşaqlıq kumirim isə şübhəsiz, Ümummilli liderimiz Heydər Əliyev idi: indinin özündə də onu özümə ustad, öndər sayıram.

– Gündəlik mütaliəyə vaxt ayırırsınız?

– Demək olar ki, hər gün qəzetləri, dərgiləri, hansısa kitablardan səhifələri oxuyuram. Üstəlik də son zamanlar daha çox virtual mütaliəyə meyl göstərirəm: İnternet və saytlardan, sosial media və şəbəkələrdən məlumatlarla, analitik materiallara, bəzən də ədəbi-poetik nümunələrlə tanış oluram. Başdan-ayağa kimi oxuduğum ənənəvi – kağız kitabla maraqlanırsızsa, cavab verim: Sonuncu dəfə asudə vaxtım olanda DAMMİB prezidenti, dünyaşöhrətli detektiv ustadı, xalq yazıçısı, dostum Çingiz Abdullayevin silsilə romanlarını oxudum. Düzünü desəm, ilk romanın qəhrəmanı olan Dronqo obrazında özümü gördüyümə görə marağımı cəlb etdi və bir neçə əsəri dalbadal mütaliə etdim. İndi boş vaxt axtarıram ki, ciddi mütaliə ilə məşğul olum. Hazırda əlimin altında istedadlı şairlərin və yazıçıların, eləcə də dəyərli alimlərin mənə bağışladıqları yüzə yaxın kitab var ki, mütaliə növbəsini gözləyirlər.

– Film, teatr, muzeylərə və s. mədəniyyət ocaqlarına necə?

– İNK İB sədri olaraq koalisiyaya daxil olan 100-dən çox qurumu əlaqələndirdiyimdən ictimai fəaliyyətimizin kreativ istiqaməti ilə əlaqədar mütəmadi olaraq təqdimatlara, primyeralara, qala-gecələrə və konsertlərə gedirik. Bir çoxlarını isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB xətti ilə özümüz təşkil edirik. Muzeylər, orta məktəblər, ali təhsil ocağları, hərbi hissələrdə keçirtdiyimiz tədbirlər haqqında bizim inktv.az, ictimaixeber.az, damm.az portallarımızda yayımlanan məlumatlardan, eyni zamanda sosial şəbəkələrdəki resurslarımızdakı müxtəlif formatlı – görüntülü, mətnli, audio-video paylaşımlı, birbaşa yayımlanan materiallardan tanış ola bilərsiz.

– Sizcə, bütün bunlardan gündəlik əlaqəni kəsən gənclərin aqibəti necə olacaq?

– Son vaxtlar sosial şəbəkələrdə və mühacirətdəki bir qrup manqurtlaşmış gənclərin simasında biz ağrılı məsələlərə çevrilən bu milli aşınma probleminə diqqəti cəlb etmək üçün yüzlərlə ictimai dinləmələr, sosial müzakirələr, İnternet debatları, virtual polemikalar təşkil etmişik. Söyüş taktikasını, fanatik təriqətçilər, mühacirətdəki tələbə və gənclərimizin beyinlərinin yuyulması, İnternet, mass-media, sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimizə elan edilmiş psixo-etnik müharibələr, missioner fəaliyyəti nəticəsində dini dəyərlərimizə vurulan zərbələr, ədəbiyyat, mədəniyyət, elm tariximizdə unudulmaz islər qoyub getmiş dəyərli şəxslərimizə, tarixi şəxsiyyətlərimizə atılan iftiralar haqqında danışmaqdan, ictimai SOS həyəcanımızı qaldırmaqdan yorğunluğumuz bizi məqsədlərimizə nail olmaq yolundan çəkindirə bilməz. Bir tərəfdən ateizmi, digər tərəfdən dağıdıcı radikallığı, liberallığı, meşşanlığı, daha nələri, nələri bu yeni nəslin nümayəndələrinin baş-beyninə elə yeridiblər ki, bir balaca dili-ağlı olan gənc durub Zərdüşt peyğəmbərimizi, Dədə Qorqudu, Nizamini, Füzulini, Axundovu, Rəsulzadəni, Səməd Vurğunu, tənqid-təhlil edir, muasirlərdən Anarı, hətta Lütfi Zadəni də bəyənmirlər. Babək, Koroğlu, Qaçaq Nəbi, Qatır Məmməd kimi igidlərimizi bir qırağa atan gənclərimizin böyük qismi Rembo, Polad Əlamdar, Robin Qudu özünə kumir götürür. Milli ideologiyanın zəiflədiyi bir vaxtda, ali və orta təhsildən, ciddi mütaliədən kənar qalan yeniyetmələri, gəncləri isə müxtəlif xarici qara qüvvələrin toruna düşməsi gözləniləndir.
İNK-nın nəzdində Gənclər üçün Kreativ-İnnovativ ideyalar mərkəzi, psixoloji mərkəz, Gənclər Təşkilatları yaratmışıq. Ancaq onu da vurğulayaq ki, təkcə ictimai təbliğat və sosial-mədəni müqavimətlə bu qarşısıalınmaz psixo-mənəvi həmlələrin qarşısını almaq mümkün deyil. Gərək dövlət, özəl, ictimai və mədəni qurumlar səylərini birləşdirib əməli fəaliyyətə keçsinlər

– Vətənə xidmət borcdur yoxsa sevgi?

– İnsanları heyvanlar və başqa canlılardan fərqləndirən amillərdən biri də şüura, idraka, zəkaya, bir sözlə, yaradıcı düşüncəyə malik olmasıdır. Əgər yaşadığın məkana Vətən deyirsənsə, ömür adlı hər kəsə ayrılan zaman ərzində göz bəbəyin kimi o vətəni qorumaq sənin milli-mənəvi borcundur. Bu müqəddəs borcun nüvəsində isə bəşəriyyətə, tarixə, xalqına, lap elə öz doğmalarına olan sevgi durur.

– Rasim müəllim, yeniyetmələrdə və gənclərdə millilik anlayışı hiss edirsiniz?

– Bayaqdan söhbətimiz tənqidi ruhda gedir. İstəməzdim ki, ancaq mənfilikləri görək. Mübariz İbrahimov, 2016-cı ilin aprel döyüşlərindəki rəşadətli ordumuzun qələbəsi, şəhidlik zirvəsində qalxan şəxslərin, eləcə də elm, mədəniyyət, idman, incəsənət, biznes, ictimai-siyasi sektorda böyük uğurlar qazanan kəslərin böyük əksəriyyəti məgər Azərbaycan xalqının 60 faizini təşkil edən gənclərimiz deyil?! Bu günlərdə Harvad  Universitetinə yüksək balla daxil olan, yaxud yağış suyunu enerjiyə çevirən texnolojiya icad edən, Feysbukun mərkəzi ofisində çalışanlar məgər gənclərimiz deyilmi? Millilik deyəndə, ilk növbədə, millətin irəliyə getməsi, Vətənin sivil inkişafı üçün, cəmiyyətin rifahının yaxşılaşdırılmasından ötrü nələrisə etməyi nəzərə almalıyıq. Bu baxımdan yüksək milli-vətənpərvərlik hissləri ilə yaşayan gənclərimizin sayı da çoxdur.

– Sizcə onlar ailə anlayışını düzgün qavraya bilir?

– Dəyərlər tez-tez dəyişir. Əgər əvvəllər Azərbaycan ailəsi deyəndə, 7-8 nəfər uşaqdan ibarət sosial mühit forması nəzərdə tutulurdusa, indi bir-iki nəfərdən ibarət ailələrin sayı durmadan artır. Azövladlı ailələrdə böyüyən uşaqlarımızın əksər hallarda bacı, yaxud qardaşları, eyni zamanda əmi, bibi, xala-dayıları olmur. Odur ki, dövrün tələblərindən çıxış edərək bir çox dəyərlərə yenidən qiymət verməyin tərəfdarıyam. Ötən il 55 min rəsmi nigaha girmiş gənc ailənin beşdə biri uğursuzluqla üzləşərək boşanmağa məcbur olublar. Nigahı pozulmuş gənclərə qarşı daha həssas olmaq lazımdır ki, onlar tənhalığa qurşanmasınlar. İntihara, özünəqəsdlərə əl atmasınlar, cinayət törətməsinlər, əksinə, yenidən ailə qursunlar. Qədim ailə modellərimizin ən dəyərli tərəflərini gənclərimizə yaxşı tanıtmalıyıq ki, milli ailə institutlarımıza olan inam sarsılmasın.

– Özgüvən hissini necə?

– Gənclər sürət əsrinin övladları olaraq hər şeyi qısa bi zamanda əldə etmək istəyirlər. TV, tele-seriallar, kinofilimlər, İnternet və sosial şəbəkələrdə gördükləri parıltılı həyat gənclərin bir çoxlarında eqoizmi qabardır. Onlar qısa müddətdə arzuladıqları uğurları qazana bilməyəndə isə xəyal qırıqlığına uğrayırlar, özlərinə olan inamları azalır. Bax belə kəslərlə də cəmiyyətmiz anlaşıqlı davranmalıdır.

– Özgüvən daha çox ailədən gəlir yoxsa cəmiyyətdən?

– Ailənin rolu olsa da, cəmiyyətin yaratmış olduğu mühit şəxsiyyətin formalaşmasına əhəmiyyətli dərəcədə təsir edir. Özümdən misal gətirmək istəyirəm. Rəhmətlik atam Adil müəllim hər zaman məndən ciddi nailiyyətlər gözləyirdi. Həyatım boyu onun bu gözləntilərini doğrultmağa çalışırdım. Bəzən isə bu cəhət mənim böyük uğurlar qazanmağıma mane olurdu. Tutalım, dövlət adamı olaraq o hər zaman qanunun aliliyinə diqqət ayırmağımı tələb edirdi, amma mən ətrafda heç də hər şeyin ideal olmadığının şahidi olurdum. Bax bu zaman qızıl ortaq nöqtəni tapmaq qazanacağın uğurların tən yarısı deməkdir…

– Gənc valideynlər övladları ilə güclü bağı necə qurmalıdır?

– İmam Əlinin bir kəlamı yadıma düşdü. Deyir ki, uşaqlarımız bizim yox, zəmanənin övladlarıdır. Qlobal dünyada yaşayırıq. Azərbaycan valideynləri öz övladlarına bir qədər azad seçim imkanı yaratsalar, inanın, gənclərimiz dünyaya ağalıq edərlər. Mən 55 milyonluq Azərbaycan insanının fövqəladə imkanına və qüdrətinə, bacarıq və istedadına inanıb bunu deyirəm. Orta əsrlərdə yaşamırıq ki, ailəyə sıx bağlanıb kəndindən kənara çıxmayasan. İnanın, bizim insan harada yaşamasından asılı olmayaraq, hər zaman Vətəninə, doğma elinə, ailəsinə sıx bağlılığını qorumağı bacarır.

– Ailədə qadına verilən söz haqqının limiti var?

– Xalqımız tərəfindən qadına verilən yüksək dəyər hər zaman tariximizin qızıl səhifələrini təşkil edib. Tomris, Nüşabə, Məhsəti, Sara xatun, Natəvan kimi tarixi şəxsiyyətləri olan xalqıq. Dünyada Azərbaycanı tanıdan I vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın fəaliyyəti göz qabağındadır. Azərbaycan ailəsində qadına kifayət qədər haqqlar verilib. Yetər ki, bu hüquqlardan sui-istifadə edilməsin.

– Bir məqama da toxunaq. Qadının ailədə söz haqqı olmayanda, adətən qız övladlarının da təhsil almaq haqqı olmur. Bu barədə nə düşünürsünüz?

– Orta məktəblərdə, eləcə də ali təhsil ocaqlarında yüksək qiymətlərlə oxuyanların böyük əksəriyyəti qızlarımızdır. Tibbdə, təhsildə, mədəniyyətdə, dövlət orqanlarında çalışanların əksər hissəsi məgər xanımlarımız deyil?! Siz başqa Şərq xalqları ilə bizimkiləri müqayisə edin, fərqi aydınca görərsiz.

– Gənclərin cəmiyyət anlayışından razısız?

– İctimai sektorda könüllü fəaliyyət göstərənlər məhz gənclərimizdir. Ölkəmizdə keçirilən bütün idman yarışlarının, beynəlxalq forumların, sənət, elm, mədəniyyət, ictimai-siyasi tədbirlərin əsas təşkilatçıları və könüllüləri də xarici dilləri gözəl bilən, İKT və yeni texnologiyalara bələd olan gənc oğlan və qızlarımızdır ki, bu da onların cəmiyyətə verdikləri dəyər, ictimai fərd olaraq toplumun inkişafındakı xidmətlərinin göstəricisidir.

– Əyləncəyə daha çox meylli olmaları ilə bağlı nə deyə bilərsiniz?

– Normal qarşılamaq lazımdır. Gənclik deyib-gülmək, sevmək, dostluq etmək, şənlənmək deməkdir. Bu yaşda fərdlər özlərini təsdiq etmək üçün, başqalarına göstərməkdən ötrü kütləvi tədbirlərə meyilli olurlar. Sizə kiçik bir sirr açım: Bizim gənclik çağlarımızda da diskotekalara, konsertlərə, el şənliklərinə toylara meyl güclü idi. İndi də elədir. Əksinə, sosial gənclərimizin sayı artır. Elələri isə xarici və daxili dini təriqətlərin toruna düşüb cəmiyət üçün başağrısına çevrilirlər.

– Bu günki gənclik əvvəlki nəsldən daha çox nə ilə fərqlənir?

– İntellektuallığı, çevikliyi, dünyaya açılışı, xaricə can atması, çoxməlumatlılığı və yaşlarından çox bilgilərə malik olmasıyla.

– Gənclərin ictimai-siyasi həyatda yeri və rolu sizi qane edir?

– Bu yaxınlarda keçirilən Prezident seçkilərində həm real həyatda, həm də virtual aləmdə “İlhamla İrəli!” adlı güclü kampaniyanı aparan gənclik bir daha sübut etdi ki, ölkəmizin gələcəyi etibarlı çiyinlərdədir. İctimai Nəzarət Koalisiyasının yüzlərlə gənc könüllüsü simasında deyə bilərəm ki, yeni nəsil nümayəndələri ictimai-siyasi düşüncəmizdə də xüsusi mövqeyə malikdir.

– Gəncliyin potensialından bütöv ictimaiyyət xəbərdar ola bilir?

– Bəli. Vaxtaşırı olaraq yazılı və electron KİV-də, TV-lərdə, yeni media da, sosial şəbəkələrdə gedən məlumatların monitorinqini apardığımızdan qətiyyətlə deyə bilərəm ki, ictimaiyyətimizdə və ictimai fikrimizdə gənclərə olan etimad, inam, güvəng heç vaxt bu qədər yüksək olmamışdı. Aprel döyüşləri zamanı gənc əsgərlərimizə olan xalq sevgisini yada salmaq kifayət edir ki, sözlərimin səmimiyyətinə inanılsın.

– Təhsil siztemində yaradılan islahatlardan bütöv gənclik yararlana bilir?

– Ali məktəblərə testlə qəbul, Boloniya sistemi, imtahanların kompyüter vasitəsi ilə yoxlanılışı, yüksək nəticələr toplayanlara verilən Prezident təqaüdləri, dövlət vəsaiti hesabına xaricdə təhsil proqramları, açılan yeni universitetlər və sairə liberallaşmalardan kimlərsə yararlana bilmirsə, özündən küssün.

– Gənclərin beynəlxalq səviyyədə təhsil alma imkanları barədə nə düşünürsünüz?

– Peşəkarlığa, intellektuallığa, ali təhsilə xüsusi önəm verən Pezident İlham Əliyev cənablarının şəxsi təşəbbüsü ilə dövlət vəsaiti hesabına xaricdə təhsil proqramının uğurları artıq göz qabağındadır. Son illər yüksək dövlət vəzifələrində çalışanların əksəriyyəti də məhz müxtəlif əcnəbi ölkələrdə ali təhsilin bakalavr və magistr pillələrini uğurla bitirmiş gənc kadrlardır.
Vaxtilə bizim nəslin nümayəndələri də Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil məktəblərinə oxumaq üçün göndərilirdilər. İndi onlar müxtəlif sahələrdə bilik və bacarıqlarını Vətənimizin inkişafına sərf edirlər. Xaricdə yaşayanlarının isə milli diasporumuzun formalaşmasında əvəzsiz rolları var.

– Mütaliə mədəniyyəti ilə bağlı təbliğat proqramlarında nə kimi yeniliklərə ehtiyac var?

– İNK-ya daxil olan www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, yazıçı-kulturoloq Aydın Xan Əbilovun təbirincə desəm, ənənəvi mütaliə ilə yanaşı virtual, electron oxunu da inkişaf etdirmək vacibdir. Bizim vaxtımızda bir kitabı oxumaq üçün Axundov adına kitabxanada günlərlə növbədə dururduq. Amma indi kompyutr texnologiyaları, e-kitablar, elektron kitabxanalar mütaliəni çox asandlaşdırıb. İstənilən halda, hər zaman oxu vərdişləri, mütaliə mədəniyyəti ilə bağlı ictimai-mədəni aksiyalara ehtiyac duyulur.

– Yeni nəslin həyatın müxtəlif sahələrində layiqincə təmsil olunma prosesi ictimaiyyətə nələr vəd edir?

– İnkişaf, rifah, tərəqqi, gözəl gələcək.

– Sizcə, yeniyetmə və gənclərin özünüinkişaf prosesi düzgün formalaşır?

– İnsan faktoruna xüsusi önəm verilməlidir. Təəssüflər olsun ki, uşaqlarımız valideyn diqqətindən, pedaqoq-müəllim qayğısından çox İnternet, kompyüter, smartfon və digər  sosial şəbəkələrin müxtəlif təsirlərinə məruz qalırlar. Bu isə gənc nəslin tərbiyəsinə, mənəvi-ruhi inkişafına mənfi təsir edir.

– Prezident təqaüdləri, istedadlı uşaq və yeniyetmələr üçün Qırmızı kitab, Prezident yanında Gənclər Fondu tərəfindən innovativ fərdi layihələrin maliyyələşdirilməsi, müxtəlif olimpiada, yarışlar, müsabiqə və başqa tədbirlərin təşkili məhz bu yöndə atılan ciddi addımlar sayılmalıdır.

– Gənclər və idman. Bu ikili ölkədə idmanın gələcəyi üçün daha hansı vəddləri verə bilər?

– İdmana olan dövlət qayğısının uğurlu nəticələri barədə danışmağa ehtiyac görmürəm, göz qabağındadır. Ancaq düşünürəm ki, bütün sahələr gənclərimizin fərdi və social inkişafına xidmət eləməlidir.

– Yeni nəslin kreativ düşüncəsinə sizing qiymətiniz də maraqlıdır…

– Əgər bizimkilər Avrovizionda qalib gələ bilirlərsə, bu, gənclərimizin kreativ düşüncəyə malik olmasına dəlalət etmirmi? Avropada, Amerikada, Türkiyədə, MDB ölkələrində, Rusiyada, hətta uzaq Yaponiya və Cənubi Koreyada bizim gənclər öz savadı, intellektuallığı, məşğul olduqları sahələrə kreativ yanaşmalarıyla özlərinə karyera qura biliblərsə, nə qədər böyük potensiala malik olduğumuzu görürük. Bu hələ Şimali Azərbaycanın 10 milyonluq insanlarının arasında olan gənclərimizdir, Güney və Qərbi Azərbaycan, Borçalı və Dərbənd torpaqlarımızda, Anadoluda, İraq-Türkman elindəki 55 milyonluq azərbaycanlı gənclərin uğurlarına nəzər salınanda necə nəhəng gücə malik olduğumuz görünür.

– Müasir innovativ gənclik və millilik anlayışının paralel inkişafına münasibətiniz…

– Gənclik bizim milli sərvətimizdir. İnnovasiya və kreativlik daha qlobal düşüncə tərzi, yaşam və fəaliyyət istiqaməti olduğundan milli baxımdan bəzi tərəflərimiz “axsasa” da, qazancımız bütün dünya, zəmanə, bir sözlə inkişaf olur.

– Yeni kadrların peşəkar fəaliyyətlərinin dəstəklənməsi ilə bağlı valideyn-övlad münasibətləri ictimaiyyətə nə vəd edir?

– Nəsillər arasında mübarizə, rəqabət, bəzən də savaş hər zaman və bütün xalqlarda olub. Düzdür, bu mənada bizim bəxtimiz gətirib. Azərbaycanda təlatümlərə aparıb çıxaran nəsillərarası münaqişələr heç vaxt olmasa da, gənc nəslin özünütəsdiq istəyinin qarşısını almaq olmaz.

– Gənclərin vətənpərvərlik, o cümlədən hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində aparılan təbliğatlardan razısınız?

– Bu sahədə son illər çox iş görüldüyünü söyləyə bilərik, amma fəaliyyətlərin ardıcıl qurulmasına böyük ehtiyac duyulur. Bu mənada “And yeri” qəzeti və saytının fəaliyyətini yüksək qiymətləndirirəm. Çağdaş gənclik daha praqmatik, maksimalist, reallığı dəyərləndirən virtual nəslin nümayəndələrindən ibarətdir. Onların dünyaduyumuna, həyat və zamana baxışlarına cavab verən təbliğat formalarını arayıb tapmaq məqsədə uyğun olardı…

– Yeni nəslin mükəmməl vətəndaş kimi yetişməsi ölkəmizdə yüksək sivil cəmiyyət formalaşdıra biləcək?

– Vətəndaş cəmiyyəinin inkişafında yeni nəsil nümayəndələrinin fəal iştirakı, eləcə də Gənclər QHT-lərinin əvəzsiz rolu danılmazdır. İstər minlərlə layihələrin həyata keçirilməsində, istərsə də beynəlxalq aləmdə, xarici qlobal təşkilatlarını müxtəlif platformalarında ardıcıl səviyyəli fəaliyyət quran gəncləri hər zaman dəstəkləmişik və bundan sonra da gəncliyimizin yanındayıq.

– Müstəqillik illərində doğulub-böyümüş, milli dövlətçilik ideyaları ilə tərbiyələnmiş yeni nəsil barədə son fikirləriniz…

– Gənclər unutmamalıdırlar ki, müstəqil, modern Azərbaycanımız babalarımızdan onlara yadigar qalmış və gələcək nəsillərə də onu layiqincə ötürmək lazımdır. Deməli gənclərimiz gələcəyimizin qarantı, inkişafımızın memarlarıdır. Onlar xoşbəxtdirlər ki, Prezident İlham Əliyevin hər zaman dəstəyini alırlar. Bu istiqamətdə hamımıza uğurlar diləyirəm…

 

Söhbətləşdi: Ayxan Əbilli