İngiltərədə Qarabağ atları və Azərbaycan kəlağayısı Vindzor Kral Atçılıq Şousunda

0
817

Böyük Britaniyada kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ildən etibarən Azərbaycanın da dəvət aldığı beynəlxalq atçılıq şousunda ölkəni növbəti dəfə DSX-nın süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib.

Birləşmiş Krallığın taxt-tac sahibi Kraliça Viktoriyanın xatirəsinə həsr olunmuş bu tədbir üçün nümayəndə heyəti tərəfindən xüsusi olaraq “Azərbaycanın kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya hazırlanıb.

Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi sərvətlərindən ikisinin vəhdətindən formalaşan bu kompozisiyanın əsasını artıq Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanmış, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də Azərbaycan qadınlarının ənənəvi baş örtüyü, ismət və gözəllik rəmzi olan kəlağayı təşkil edib.

Şou aparıcısının təmsilçilərimizin möhtəşəm çıxışını öncələyən təqdimatında şoukompozisiyanın əsas elementlərindən birini təşkil edən 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının hələ iki əsr öncə – 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə Kraliça Viktoriyaya hədiyyə edilməsinin vurğulanması böyük maraqla qarşılanıb.

Milli musiqi alətlərimizdə – balabanda, tütəkdə, zurnada, tarda, kamançada, nağarada ifa olu­nan, xalqımızın kod yaddaşının daşıyıcıları – milli rəqsimiz yallının, gənc muğam ustası Mirələm Mirələmovun ifasında “Ay Laçın” xalq mahnısının və Emin Sabitoğlunun bəstələdiyi “İncəbellim” musiqisinin ecazkar sədalarından, “Sərhədçi” rəqs ansamblının hərarətli və çılğın rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən, alov püskürənlərin qeyri-adi perfomanslarından ibarət şou-kompozisiya Böyük Britaniya tamaşaçısını sözün əsl mənasında ovsunlayıb.

Yeddi dəqiqə davam edən şou müddətində süvarilərimizin başları üzərində Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları, rəqqaslarımızın ifasında qılıncoynatma səhnələri, kəlağayımızın xalqımızın sülhsevərlik simvollarından biri olmasının – döyüş meydanında Azərbaycan qadını tərəfindən kəlağayının yerə atı­ması ilə savaşa son qoyulması adətinin nümayiş etdirilməsi, meydandakı reklam lövhələrinin üçrəngli bayrağımızın rənglərinə boyanması diqqəti xüsusi cəlb edib.