Dietoloq Nərgiz Nəzirova səhər yeməyinin vacibliyi barədə əhəmiyyətli detalları açıqlayıb.
Həkim yuxudan oyandıqdan sonrakı 1 saat ərzində mütləq səhər yeməyi yemək lazım olduğunu bildirib.
“Çünki orqanizm 10-12 saatdan çox ac qaldıqda bir sıra sağlamlıq problemləri baş verə bilər. Səhər yeməyi bədənə enerji verir, gün ərzində özünüzü gümrah hiss etməyinizə səbəb olur. Səhər yeməyinin orqanizm üçün əsas 5 faydası var:
İdeal çəkidə qalmağı təmin edir, infarkt riskini azaldır, yaddaşı gücləndirir, şəkər xəstəliyinin qarşısını alır, tox saxlayır”, – dietoloq əlavə edib.
Çox yemənin altında yatan səbəbləri isə mütəxəssis belə izah edib:
“Səbəbi nə olursa-olsun, normadan artıq yemək son dərəcə sağlıqsızdır və çəki artımına səbəb olur. Odur ki, çox yemə səbəblərinizi öncədən görün və qarşısını mütləq alın.
Yemək yemə müddəti 20 dəqiqə olmalıdır. Odur ki, yeməyinizi yavaş, hər loxmanı yaxşıca çeynəyərək yeməyi sınaqdan keçirin. Yeməyi sürətlə yemək toxluq hissi yaratmır.
Böyük qabda yemək yemək olduqca ləzzətlidir, elə deyilmi? Lakin böyük boşqablar sizin çox yeməyinizin əsas səbəblərindən biridir, unutmayın.
Bəzən yorğunluqla aclığı bir-birinə qarışdırır və normadan artıq yeməklə enerji toplayacağımıza və yorğunluqdan xilas olacağımıza inanırıq. Yorğunluq və yuxusuzluğunuzu çox yeməklə deyil, meyvə-tərəvəz kimi yüngül qidalar qəbul etməklə ötüşdürün”.