ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, İndoneziyanın şərqində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Ölkənin Flores adasının yaxınlığında yerli vaxtla saat 11:20-də 18,5 kilometr dərinlikdə baş verən zəlzələdən sonra sunami barədə xəbərdarlıq edilib.
İndoneziyanın Təbii Fəlakətlərin Azaldılması üzrə Milli Agentliyinin sözçüsü Abdul Muhari zəlzələnin bölgədə güclü hiss edildiyini bildirib.
“Hələlik zərər haqqında məlumat yoxdur, bu istiqamətdə araşdırmalar aparılır”, – deyə o bildirib.
Qeyd edək ki, yanvar ayında İndoneziyanın Qərbi Sulavesi bölgəsində baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində 100-dən çox insan həlak olub