İndoneziya mediasından Moskva görüşünə xüsusi diqqət

0
391

İndoneziya mətbuatı yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə Moskvada keçirilən üçtərəfli görüşü geniş işıqlandırıb.

İndoneziyanın ANTARA Milli Xəbər Agentliyi, “respublika.co.id”, “dunia.rmol.id”, “gontornews.com”, “arrahmah.com”, “ihram.co.id” və digər saytları Rusiya Prezidenti Valdimir Putinin təşəbbüsü ilə keçirilən görüş barədə ətraflı məlumatlar yayıblar. İnformasiylarda görüş zamanı müzakirə olunan məsələlərə və qəbul edilən üçtərəfli bəyanata xüsusi diqqət yetirilib. Vurğulanıb ki, bu, ötən ilin sentyabrında başlayan və noyabrda başa çatan altı həftə davam edən müharibədən sonra tərəflər arasında keçirilən ilk görüşdür.

Bildirilir ki, görüşdən sonra açıqlama verən liderlər bərpa işlərinin aparılması məqsədilə işçi qrupun yaradıldığını elan ediblər.

Məlumatlarda münaqişənin tarixinə də nəzər salınıb. Azərbaycanın 30 ilə yaxın Ermənistan ordusu tərəfindən işğal altında saxlanılan torpaqlarının son döyüşlər nəticəsində azad edildiyi qeyd olunub.

Qeyd edilib ki, bu görüş regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, tərəflər arasında davam edən kiçik iğtişaşların aradan qaldırılması üçün xüsusi əhəmiyyətə malikdir.