İnam Kərimov: Karantin rejiminin kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün zəruri tədbirlər görülür

0
407

Aqrar sektorda fəaliyyət bu gün xüsusi karantin rejiminin tələblərinə uyğun qurulur. Bununla yanaşı, tətbiq edilən karantin rejiminin kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün Sizin verdiyiniz tapşırıqlara uyğun olaraq zəruri tədbirlər görülür. Hazırkı dövr kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirlərin və yazlıq səpinlərin ən intensiv dövrünə təsadüf edir. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş təlimata əsasən, kənd təsərrüfatı işlərinin fasiləsiz həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə iş qurulub.

Bu sözləri Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov söyləyib.

Nazir deyib: “Bölgələrdə hazırda mineral gübrə, pestisid, toxum təchizatı və satışı həyata keçirilir, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib. Kənd təsərrüfatı məhsullarının orta və irihəcmli maşınlarla daşınması məhdudiyyət olmadan həyata keçirilir. Bu günədək xüsusi karantin rejimi dövründə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi problem qeydə alınmayıb”.