İnam Kərimov Bərdə və Tərtərdə əkin sahələrinə baxış keçirib – FOTO

0
364

Kənd Təsərrüfatı naziri İnam Kərimov Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasının əkin sahəsində Çin texnologiyası əsasında pambıq əkini sahəsinə baxış keçirib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 18 hektar sahədə əkinin aparılması üçün torpaqbecərmə işləri Çindən gətirilmiş diskli maladan istifadə edilərək həyata keçirilib. Çiyid səpini Çin texnologiyası ilə hazırlanan səpin aqreqatı ilə aparılıb. Ötən il olduğu kimi, bu il də Çin texnologiyası əsasında becərilən pambıq sahələrində yüksək məhsuldarlıq gözlənilir.

Daha sonra nazir İnam Kərimov Bərdə rayonunda baramaqurutma məntəqəsində tikinti işlərinin gedişi ilə tanış olub, Yeni Daşkənd kəndi ərazisində pambıq və taxıl sahələrinə baxış keçirib, soğan yığımı prosesini izləyib, məhsuldarlıqla bağlı fermerlərlə fikir mübadiləsi aparıb.

Nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir İnam Kərimov koronavirus pandemiyasının kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün dövlət başçısının tapşırığı əsasında müvafiq tədbirlərin görüldüyünü vurğulayıb:

“Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri davam edir. Koronavirusun yayılmasına qarşı görülən tədbirlərin kənd təsərrüfatına, fermerlərin fəaliyyətinə, vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təminatına mənfi təsir göstərməməsi üçün bütün zəruri addımlar atılıb. Hazırda Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməklə bölgələrdə aqrar sektorda fəaliyyət davam etdirilir.

Eyni zamanda, həm rayonlararası, həm də şəhərlərarası ərzaq məhsullarının daşınmasında heç bir problem yoxdur. Biz bu gün ölkənin aparıcı aqrar rayonlarından biri olan Bərdə rayonundayıq.

Ötən il bərdəli fermerlər soğan ixracatından çoxlu gəlir əldə ediblər. Bu, bölgədə soğan əkininə, xüsusilə faraş soğan əkininə marağı artırıb. Bu il soğan sahələrində məhsul boldur. Artıq bir müddətdir ki, Bərdə, Beyləqan və Ağdamda may soğanının yığımına başlanıb. Fermerlər məhsulu həm daxili bazara çıxarır, həm də xarici ölkələrə ixrac edirlər”.

Daha sonra nazir İnam Kərimov Aqrar Elm və İnnovasiya Mərkəzinin Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin Zona Təcrübə Stansiyasının inzibati binasında yenidənqurma işləri ilə tanış olub, Tərtər rayonu sort sınaq məntəqəsində yeni üsulla pambıq əkini sahəsinə, İrəvanlı kəndində intensiv meyvə bağı, istixana və meyvə çeşidləmə məntəqəsinə baxış keçirib.

Kənd təsərrüfatı məhsulları istehsalçıları bildirib ki, məhsuldar toxumların səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Fermerlər məhsulların daşınması və ixracı ilə bağlı çətinliklərin olmadığını, bu il soğan ixracından daha çox gəlir əldə edəcəklərini bildiriblər.

Əkinə vaxtında və mütəşəkkil başlanıldığını deyən fermerlər dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.