İmamoğlunun ermənilərə Pasxa təbrikinə reaksiyalar – etiraz

0
412

 

Elxan Şahinoğlu: “Nə vaxt İstanbuldakı ermənilər Ermənistandakı ermənilərə müraciət edib deyiblər ki, vətəndaşı olduğumuz Türkiyəyə qarşı ərazi iddiasından və “erməni soyqrımının” tanınması iddiasından əl çəkin?!”

Elçin Mirzəbəyli: “Ermənilər Türkiyəni ən ağır bəşəri cinayətdə – soyqırımında ittiham edirlər”

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Türkiyənin erməni millətindən olan vətəndaşlarını Pasxa bayramı münasibətilə təbrik yazması, üstəlik, mesajın sonunda ermənilərə elə öz dillərində xitab etməsi Azərbaycanda etirazlar doğurub.

Buna bənzər addımı hansısa başqa ölkənin məmuru atsa, təbii ki, bu dərəcədə diqqət çəkməzdi. Amma qardaş Türkiyənin İstanbul kimi nəhəng şəhərinə rəhbərlik edən şəxsin, o cümlədən Azərbaycanda xüsusi hörmət qazanmış məmurun davranışı birmənalı qarşılanmayıb. İmamoğlu İstanbul meri seçilərkən Azərbaycanda da ona kifayət qədər rəğbət və diqqətlə yanaşan insanlar var idi. Həmçinin Azərbaycanın əlamətdar günlərində İstanbul merinin mesajlar ünvanlaması, xalqımıza və dövlətimizə yönəlik fikirlər söyləməsi ona olan sayğını daha da çoxaltdı. Bu mənada onun ermənilərə ünvanladığı təbrik qəbul olunmur.

Əkrəm İmamoğlunun erməni dilində yazdığı sıcaq mesaj birmənalı ...

Əkrəm İmamoğlu özünün tvitter hesabından Türkiyədə yaşayan erməniləri Pasxa günü münasibətilə təbrik edib. Bələdiyyə sədri ermənilərə xitabən qeyd edib ki, əsl bayramı el birliyi ilə bu çətin günləri dəf etdikdən sonra birlikdə qeyd edəcəyik: “Erməni vətəndaşlarımızın Pasxa bayramını səmimi qəlbdən təbrik edirəm”. .İmamoğlu hətta erməniləri onların öz diliylə də təbrik etməkdən yayınmayıb. Bələdiyyə sədri bayram təbrikini ermənicə də yazıb: “Şinorhavor Surp Zadig” (Newscenter.az)

Bu məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Əksəriyyət vurğuladılar ki, Türkiyədə başqa xristian xalqların da nümayəndələri yaşayır. Elə kisə İmamoğlu nədən məhz erməniləri təbrik etdi? Düzdür, Turkiyədə yaşayan 70  minə yaxın erməninin 50 mindən çoxunun İstanbulda məskunlaşması faktı da vurğulanır. Amma İstanbulun 16 milyon əhalisinin içərisində 50 min rəqəmi elə də böyük deyil. Bu mənada İstanbul merinin xitabına etirazlar var.

Elxan Şahinoğlu: "Tramp münasibətlərin yumşalmasını istəyir"

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamadında bildirdi ki, İstanbulda təxminən 50 min erməni yaşayır: “İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu həmin erməniləri nəzərdə tutaraq onları Pasxa bayramı münasibətilə təbrik etməyə qərar verib. Yəqin onların arasında İmamoğlunun seçiciləri də var. Bu arada, Türkiyənin koronavirusun yayılmasıyla bağlı Ermənistana tibbi avadanlıqlar göndərə biləcəyi də açıqlanıb. Ermənistan hakimiyyəti etitaf etməsə də, vəziyyətləri ağırdır, kömək məqsədilə düşmən adlandırdıqları, torpaqlarına iddia etdikləri dövlətə də müraciət edirlər. Ermənistan o zaman yardım etmək olardı ki, bu düşmən həm Türkiyə, həm də Azərbaycana ərazi iddilarından vaz keçəcəyini açıqlayaydı. Ancaq onlar bunu etmirlər. Ona görə də heç nə dəyişməzkən Ermənistana yardım edilməsinin mənasını anlamıram. Əlbəttə, koronavirusun yayılmasıyla bağlı indiki ağır vəziyyətdə dövlətlər arasında insani və humanitar yardım təqdir olunur. Ancaq söhbət normal dövlətlərdən gedir. Türkiyənin mərhum dövlət başçısı Süleyman Dəmirəl Ermənistana 1990-cı illərin əvvəllərində taxıl göndərdi ki, acından ölməsinlər. Yəqin Dəmirəl ümid edirdi ki, ermənilər bunu qiymətləndirəcəklər. Əksi baş verdi. Dəmirəldən taxıl alan ermənilər Azərbaycan torpaqlarını işğal etdilər, Türkiyəyə yenə dil uzadaraq, “Ağrıdağ bizimdir” dedilər. Ona görə bu gün Ermənistana kömək et, sabah yenə deyəcək ki, “Türkiyə ermənilərin düşmənidir””. E.Şahinoğlu  İstanbul merinin erməniləri təbrik etməsi ilə bağlı bir mühüm məqamı da qeyd etdi: “Nə vaxt İstanbuldakı ermənilər Ermənistandakı ermənilərə müraciət edib deyiblər ki, vətəndaşı olduğumuz Türkiyəyə qarşı ərazi iddiasından və “erməni soyqrımının” tanınması iddiasından əl çəkin?! Olmayıb belə bir hadisə”. Politoloq qeyd etdi ki, biz Türkiyənin daxili işlərinə qarışa bilmərik: “İmamoğlunun İstanbul ermənilərini təbrik etməsin daxili işləridir. Sadəcə, biz bu təbriklə bağlı fərqli düşündüyümüzü bildiririk. O ki qaldı Qarabağa, ermənilər öz xoşları ilə torpaqlarımızı geri qaytarmayacaqlarına görə, barışın nə zaman baş verəcəyini söyləmək mümkün deyil. Barışdan sonra ermənilər azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edərlərsə, biz də ərazimizdə yaşayan erməniləri və digər xristianlar kimi Pasxa bayramı münasibətilə təbrik edərik”.

Elçin Mirzəbəyli: “Atəşkəs məğlubiyyət deyildi, məcburiyyət idi”

Politoloq Elçin Mirzəbəyli Musavat.com-a bildirdi ki, əgər Əkrəm İmamoğlu bütövlükdə xristianları təbrik etsəydi, bunu anlamaq olardı: “Çünki Türkiyədə qriqoryan ermənilərlə yanaşı, pravoslav və katolik ermənilər, eləcə də xristianlığın müxtəlif qollarına mənsub olan digər millətlərin nümayəndələri də var. Katoliklərlə, pravoslavlar və digər təriqətlərin təmsilçiləri Pasxanı fərqli günlərdə qeyd edirlər. Digər tərəfdən, pasxa dini bayramdır və Əkrəm İmamoğlu da bunu bilməmiş deyil. Məntiqlə o, bütövlükdə xristianları təbrik etməliydi. Necə ki, bunu Türkiyənin və müsəlmanların çoxluq təşkil etdiyi digər ölkələrin siyasətçiləri edirlər. İmamoğlu isə vurğunu erməniliyin – milli mənsubiyyətin üzərinə vurdu”. E.Mirzəbəyli hesab edir ki, bunun bir sıra səbəbləri var: “Əvvəla qeyd edim ki, ermənilər Türkiyənin siyasət və sənət aləmində hər hansı bir çəkiyə malik deyillər. Bu mifin ermənilərin özü tərəfindən uydurulur. Necə ki, vaxtilə Bakıda ən yaxşı sənətkarların ermənilər olduğu mifi vardı, elə bir mifin də Türkiyədə formalaşması üçün cəhdlər hər zaman olub. Türkiyədə yaşayan ermənilərin əhəmiyyətli hissəsi, xüsusilə də ciddi maliyyə imkanlarına malik olanlar İstanbulda cəmləşib. İmamoğlu da İstanbulun bələdiyyə başqanıdır. Onun seçki kampaniyasına erməni iş adamlarının maliyyə dəstəyi vermələri ilə bağlı iddialar var. Digər tərəfdən, görünür türk millətindən olan iş adamları arasında dəstək qazana bilmədiyi üçün Əkrəm İmamoğlu ermənilərə xüsusi münasibət göstərməyə çalışır”.

Digər tərəfdən, politoloq qeyd etdi ki, İmamoğlunun iddiaları bələdiyyə başqanlığı ilə yekunlaşmır: “Ola bilsin ki, bu təbrikin təməlində gələcəkdə erməni diasporu və lobbisinin dəstəyini qazanmaq niyyəti də dayanır. Hər halda bu, ilk növbədə Əkram İmamoğlunun öz ölkəzinə münasibətdə qeyri-səmimiliyini nümayiş etdirir. Ermənilər Türkiyəni ən ağır bəşəri cinayətdə – soyqırımında ittiham edirlər. Türkiyədə yaşayan ermənilər də bu ittihamı irəli sürənlərin arasında yer alırlar…”