İlin ilk Ay tutulması Azərbaycanda da müşahidə edilir

0
459

Günəş və Ay tutulmaları adi kosmik hadisələridir. Bu hadisələr iqlimlə bağlı proseslərə heç bir təsir göstərmir.
Bunu AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.
Onun sözlərinə görə, 2020-ci ildə dörd Ay tutulması hadisəsi baş verəcək. Bu təbiət hadisələrindən yalnız ikisi Azərbaycanda müşahidə ediləcək. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək.
Hazırda ilin ilk Ay tutulmasının baş verdiyini söyləyən X.Mikayılov qeyd edib ki, tutulma yarımkölgəli olduğundan adi gözlə görmək çətindir. Onun sözlərinə görə, təbiət hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayıb, saat 01:12-də isə sona çatacaq. Tutulma maksimum olaraq saat 23:11-də baş verəcək və Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.
Qeyd edək ki, ikinci Ay tutulması 2020-ci il iyunun 5-dən 6-na keçən gecə baş verəcək. Yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi 21:46-da başlayacaq və 01:04-də sona çatacaq. Tutulmanın maksimumu 23:26-da olacaq. Təbiət hadisəsini Avropa, Asiya, Afrika və Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə görünməyəcək proses yalnız xüsusi cihazlar vasitəsilə izlənəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.
İyulun 5-də baş verəcək üçüncü Ay tutulması da yarımkölgəli olacaq. Tutulma hadisəsi 03:07-də başlayacaq və 05:52-də sona çatacaq. Tutulmanın maksimumu 04:31-də olacaq. Təbiət hadisəsini Cənub-Qərbi Avropada, Afrikanın, Şimali Amerikanın əksər hissəsində, Cənubi Amerikada, Sakit, Atlantik və Hind okeanlarında, Antarktidada müşahidə etmək olacaq. Adi gözlə çətin görünəcək. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə edilməyəcək.
Dördüncü Ay tutulması isə noyabrın 30-da baş verəcək. Bu, 2020-ci ilin axırıncı yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi 11:32-də başlayacaq və 15:53-də sona çatacaq. Tutulmanın maksimumu 13:44-də olacaq. Təbiət hadisəsi Şimali və Cənubi Amerika, Avstraliya və Asiyanın bəzi bölgələrində müşahidə ediləcək. Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Ay üfüqdən aşağıda olduğuna görə bu hadisə də Azərbaycanda müşahidə olunmayaq.