İlham Əliyev Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak etdi

0
12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.

Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

Qeyd edək ki, kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəb binasının damında da Günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Yeni istifadəyə verilən Kəngərli tam orta məktəbi bunun daha bir nümunəsidir.