Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı:
-Hörmətli xanımlar və cənablar, əziz dostlar.
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Gülüstan sarayında Azərbaycanda inşa ediləcək yeni külək elektrik stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu, çox gözəl hadisədir. Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır.
Mən şadam ki, bizim bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investoru qardaş Səudiyyə Ərəbistanının şirkətidir. Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri vardır. Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq. Mən Səudiyyə Ərəbistanı Krallığına səfərlərimi böyük məmnuniyyətlə xatırlayıram. Kral həzrətləri, Vəliəhd həzrətləri ilə keçirdiyim görüşlər bir daha bizim aramızdakı dostluq və qardaşlığın təzahürüdür. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.
Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq edirik. Pandemiyaya qədər Səudiyyə Ərəbistanından gələn turistlərin sayı ildən-ilə artırdı. Ümid edirəm ki, pandemiya başa çatandan sonra biz yenə də Səudiyyə Ərəbistanının vətəndaşlarını, öz qardaşlarımızı Azərbaycanda görəcəyik.
İqtisadi sahədə çox böyük perspektivlər var. Təbii ki, biz birlikdə energetika sahəsində OPEC+ formatında fəal çalışırıq. Deyə bilərəm ki, OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynamışdır. Bu formatda iştirak edən digər ölkələrlə bərabər biz neftin qiymətinin sabitləşməsinə nail ola bilmişik.
Bu stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan Akvopao şirkətidir. Şirkət haqqında çox danışmaq olar, təkcə onu qeyd etməliyəm ki, bu, enerji sahəsində dünyanın ən böyük şirkətidir. Mənə verilən məlumata görə, şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. Yəni, təsəvvür etmək o qədər də çətin deyil və şadam ki, bu şirkət Azərbaycana da maraq göstərir.
Əlbəttə ki, burada bizim ikitərəfli dövlətlərarası əlaqələrimizin rolu çox böyükdür, eyni zamanda, son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Bir də ki, Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Bu möhtəşəm Gülüstan sarayında 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi artıq uzun illərdirki icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir. Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması – bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib, bu qərarı qəbul edib və bu gün biz Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməlini qoyuruq. Onu da bildirməliyəm ki, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Beləliklə ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Ancaq onu da bilməliyik ki, ölkə sürətlə inkişaf edir. Keçən ilin yekunlarına görə, bizim neft və qazla bağlı olmayan, yəni qeyri-neft sənayemiz təxminən 20 faiz artıbdır. Ölkə əhalisi artır, tələbat artır. Ona görə təbii ki, biz yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir. Onu da bildirməliyəm ki, işğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Deyə bilərəm, aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Əlbəttə, biz çox istərdik ki, dost ölkələrin investorları, şirkətləri bu imkanları da araşdırsınlar və bizimlə bərabər bu böyük layihələrə start versinlər.
Onu da bildirməliyəm ki, Azərbaycan həm daxili tələbatı tam ödəyir, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Qonşu ölkələrlə bizi birləşdirən yüksəkgərginlikli enerji xətləri bu imkanı bizə yaradır, lazım olarsa, yeni xətlər də çəkilər. Çünki region ölkələrində və eyni zamanda, Avropada elektrik enerjisinə tələbat artır. Bəzi ölkələr nüvə elektrik stansiyalarının bağlanması ilə əlaqədar qərar qəbul ediblər, biz, eyni zamanda, kömürlə işləyən elektrik stansiyalarının bağlanması prosesini müşahidə edirik. Eyni zamanda, dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan “Yaşıl gündəliyi” də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri – 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etmişik. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var.
Bir sözlə, bu külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. Bu, gözəl göstəricidir. Digər potensial investorlar üçün də bir siqnaldır ki, onlar da vaxt itirmədən müəyyən addımlar atsınlar. Onu da bildirməliyəm ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq vardır. Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni, həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir.
Mən tam əminəm ki, hazırda ölkəmizdə inşa ediləcək bu ən böyük bərpaolunan enerji stansiyasının açılışından sonra və bəlkə də açılışına qədər biz digər investisiya layihələrini icra etməyə başlayacağıq. O ki qaldı bu stansiyanın açılışına, ümid edirəm, çox vaxt keçmədən biz bu böyük enerji layihəsinin açılışını birlikdə qeyd edəcəyik.
Bir daha sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, dediyim kimi, yaxın gələcəkdə bu stansiyanın açılışını birlikdə qeyd edək. Sağ olun.
12:41
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron Külək Elektrik Stansiyasının yanvarın 13-də təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud tədbirdə çıxış ediblər.
Prezident İlham Əliyev və şahzadə Əbdül Əziz bin Salman Əl-Səud stansiyanın təməlini qoyublar.