İlham Əliyev Vladimir Putinə zəng etdi

0
610

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Prezident İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisəni ölkə vətəndaşlarının Prezident Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti təzahürü kimi dəyərləndirib. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Konstitusiyaya edilən bu dəyişikliklər Rusiya Federasiyasının daha da inkişaf etdirilməsi, firavanlığı, ölkədə ictimai-siyasi sabitliyin bundan sonra da möhkəmləndirilməsi işinə böyük töhfə verəcək.

Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə edilib.