İlham Əliyev Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşdü – YENİLƏNİB + FOTO

0
311

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Son görüşümüzdən uzun müddət keçib, bu, ötən il olmuşdur. Bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir.

Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür.

Artıq qeyd etdiyim kimi, mən Prezident olaraq bu danışıqlarda 17 il ərzində iştirak etmişdim. Mənim Ermənistanın əvvəlki prezidentləri ilə də danışıqlar aparmaq təcrübəm olmuşdur. Burada hər hansı bir nəticə əldə olunmasa da, proses baş verirdi. Paşinyan prosesi məhv etmişdir. O, danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etmişdir və onun təxribatçı hərəkətləri və bəyanatları danışıqları tamamilə mənasız etmişdir. Mən dəfələrlə onun hərəkətlərinə və söylədiklərinə istinad etmişəm. Bu, tamamilə qəbuledilməz idi. Onun Azərbaycan dövlətinə və xalqına qarşı təxribatçı və təhqiredici əməllərinə, bəyanatlarına cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq. Beləliklə, o, öz məğlubiyyətini etiraf etməyə, atəşkəs üçün yalvarmağa məcbur oldu. Əslində o, bunu 44 günlük müharibə əsnasında hər gün edirdi və gündə bir neçə dəfə dünya liderlərinə zəng edirdi. Onun zəng etmədiyi avropalı lider tapmaq çətin olar. O, atəşkəsin təmin edilməsini xahiş edirdi. Lakin o, mənim şərtlərimə əməl etmək istəmirdi. Halbuki mənim yeganə şərtim var idi. O, isə bir neçə ay öncə mənə 7 şərt irəli sürmüşdü. Mən onları rədd etdim və dedim ki, mənim yeganə şərtim var – torpaqlarımızdan çıx! Əks təqdirdə, Azərbaycanın dəmir yumruğunu görəcəksən. Müharibə zamanı mən bir neçə dəfə bunu bəyan etmişdim. Onun hansısa naziri deyil, şəxsən Paşinyan bizə torpaqlarımızdan çıxmaqla bağlı tarix verən kimi biz dayanacağıq. Nəticədə bu, baş verdi və mən hər zaman olduğu kimi, verdiyim sözə əməl etdim. Paşinyan isə nə mənim, nə də öz xalqının qarşısında heç vaxt vədlərinə sadiq olmadı. O, yalançıdır və hesab edirəm ki, erməni xalqı artıq bunu anlayıb. O, indi də yalan danışmağa davam edir. Ancaq bunun artıq Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bu, artıq Ermənistanın daxili siyasətinə aiddir. Noyabrın 9-dan 10-na keçən gecə o, Bəyanatı imzaladığı andan biz dərhal dayandıq. Növbəti saatda biz dayandıq. Biz, həmçinin qoşunların çıxarılmasına da vaxt verdik. Bundan əlavə, Rusiya Prezidentinin müraciəti əsasında biz onlara Kəlbəcərin boşaldılması üçün əlavə 10 gün vaxt verdik. Halbuki erməni quldurları və Ermənistan qoşunları Kəlbəcərdə etnik təmizləmə apararkən azərbaycanlılara heç bir gün də vaxt verməmiş və onları qətlə yetirmişdilər. Azərbaycanlılar oradan qovulmuş, aprel ayının əvvəli, havanın çox soyuq olduğu vaxtda 3500 metr yüksəklikdə olan dağlardan keçməyə məcbur edilmişlər. Onların bir çoxu oradaca donmuşdu. Biz isə onlara əlavə vaxt verdikdə onlar nə etdilər? Onlar özlərinin tikmədiyi evləri yandırmağa başladılar. Onlar hər şeyi dağıtmağa başladılar. Mənə bir neçə gün öncə verilən məlumata görə, onlar orada bütün su elektrik stansiyalarını dağıtmışlar. Onlar bizim meşələri yandırmış və ağaclarımızı kəsmişlər. Özlərini vəhşi kimi aparmışlar – bu cür davrananlara başqa ad vermək olmaz. Ancaq biz sözümüzü tutduq. Biz müharibəni dayandırdıq. Hər kəsə bəllidir ki, bunu etməsəydik nə baş verəcəkdi. Ermənistan ordusu darmadağın edilmiş, ruhdan düşmüşdü və artıq nə isə etmək üçün heç bir imkana malik deyildi. Biz isə döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın etdik. Biz Azərbaycan Ordusunun məğlubedilməz olduğunu nümayiş etdirdik. Biz işğal edilmiş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində işğaldan azad etdik. Biz kimin kim olduğunu göstərdik. Mən işğaldan azad olunan ərazilərə səfərim zamanı o torpaqlarımızı nə vəziyyətə saldıqlarının şahidi oldum. Bu haqda məlumatım var idi və internetdə bununla bağlı materiallarla da tanış idim. Füzulidə bir dənə də olsun salamat bina yox idi, hər şey yerlə-yeksan edilmişdir. Bir dənə də bina tapılmadı ki, orada bayrağımızı qaldıraq. Ağdamda isə tamamilə dağıdılmamış yeganə tikili məscidin binasıdır. Araşdırdıqda məlum oldu ki, onlar Ağdamda məscid binasını məsafə ölçmək üçün saxlayıblarmış. Azərbaycan Ordusu hücuma keçdiyi təqdirdə onlar bu vasitə ilə məsafəni ölçməli idilər, yəni, məscid istinad nöqtəsi kimi istifadə edilirdi. Lakin biz Ağdamdan əks-hücuma keçmədik və onların gözləmədikləri istiqamətdən irəlilədik. Biz Ağdama bir güllə atmadan gəldik. Bunları danışmağıma səbəb bunun, ilk növbədə, həqiqət olmasıdır. Bundan əlavə, siz bir ildən artıq müddətdən sonra buraya səfərə gəlmisiniz. Mən Azərbaycan xalqı ilə açıq və səmimi olduğum kimi, sizinlə də eyni dərəcədə açıq və səmimi danışmaq istəyirəm. Bütün bu 44 gün ərzində mən xalqa yalnız həqiqəti söyləyirdim. Paşinyan isə həm xalqına, həm də gündə bir neçə dəfə zəng etdiyi tərəfdaşlarına yalan danışırdı. O, bu gün də yalan danışmağa davam edir. Ancaq dediyim kimi, artıq bu məsələ narahatlıq doğurmur. Biz məsələni həll etdik. Biz ərazimizi işğaldan azad etdik. Müharibə zamanı mənə Azərbaycan Ordusunun itkiləri barədə çoxsaylı suallar verilirdi. Mən demişdim ki, biz bu məlumatı müharibə bitdikdə açıqlayacağıq. Belə də oldu, bizim qəhrəmanlarımızın – şəhidlərimizin fotoşəkilləri və onların adları televiziya vasitəsilə nümayiş etdirilir. Müharibə zamanı mən Ermənistan ərazisini işğal etmək niyyətində olmadığımızı bəyan etmişdim. Halbuki sizin də təsəvvür etdiyiniz kimi, bunun üçün bütün imkanlarımız var idi və həmin imkanlar bu gün də mövcuddur. Lakin bizim belə bir niyyətimiz yoxdur. Mənə bununla bağlı sual veriləndə dedim, xeyr, biz öz ərazimizi işğaldan azad etmək istəyirik və öz torpağımızda döyüşəcəyik. Biz sözümüzə sadiq olduq.

Eyni zamanda, bildirmişdim ki, bizim üçün Naxçıvanla quru əlaqəsinin yaradılması həyati əhəmiyyət kəsb edir. Biz buna siyasi yollarla nail olduq və Paşinyan bunu Bəyanat vasitəsilə imzaladı. Bununla da Naxçıvanın Azərbaycanın digər hissəsi ilə əlaqəsi təmin ediləcək. Bunun özü də Azərbaycan üçün vacib tarixi nailiyyətdir. Eyni zamanda, bu, regionun gələcəkdəki fəaliyyəti ilə bağlı müzakirələr üçün yeni imkanlar yaradır.

Müharibə zamanı beynəlxalq mediaya verdiyim çoxsaylı müsahibələrimdə mən bildirmişdim ki, bizim erməni xalqı ilə problemimiz yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Ermənilər isə hazırda ölkəmizin müxtəlif bölgələrində yaşadığı kimi, təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. Onların güzəranları da bizim idarəçiliyimiz altında yaxşı olacaq. Biz müharibədən sonra ermənilərin əvvəl yaşadıqları kəndlərin vəziyyətini görürük. Orada səfalət hökm sürüb. İnsanlar oralarda inanılmaz şəraitdə yaşayıblar. Bəs bu işğalın məqsədi nə idi? Nə üçün ermənilər öz xalqının nümayəndələrini uzun illər ərzində orada qul kimi saxlayırdılar? Bilmirəm, görmüsünüz yoxsa yox, müharibənin ilk günlərində Azərbaycan Ordusu Ermənistan ordusunun səngərlərinə daxil olanda, orada məhv edilmiş işğalçıların bəzilərinin bir-birinə zəncirləndiyinin şahidi oldu. Bu, şokedici videolar idi. Yəni, onlar insanları səngərdə durmağa məcbur edirdilər. Qaçmaq, mövqelərini tərk etmək istəyənlərin qarşısı belə alınırdı. Müharibə zamanı onların xüsusi qrupları var idi ki, onlar Ermənistan qoşunlarının arxasında dayanaraq qaçmağa cəhd edən öz millətinin nümayəndələrini qətlə yetirirdilər. Belə hadisələr çox baş vermişdir. Onlar müharibə caniləridirlər. Gəncəni ballistik raketlə atəşə tutmaları, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma – bunların hamısı hərbi cinayətlərdir və onlar bununla fəxr edirdilər. Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar. Dağıdılmış Ağdam məscidi qarşısında çıxışımda dediyim kimi, biz Sarkisyan və Köçəryanı məğlub etdik. Onlar məsuliyyəti Paşinyanın üzərinə atmaq istəyirlər. Ancaq mən demişəm ki, Paşinyan heç kimdir. O, Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır. Bu adamın heç bir bilik və təcrübəsi yoxdur. Onun beynəlxalq münasibətlər və ölkənin idarəçiliyi haqqında təsəvvürü yoxdur. Həyatında kiçik bir kolxoza belə rəhbərlik etməyən insandır. Yəni, təkcə onu günahlandırmaq olmaz. Düzdür, o, bizi təhrik etdi, qəbuledilməz hərəkətlər etdi və buna görə cəzalandırıldı. Lakin biz, Sarkisyan və Köçəryan ordusunu məğlub etdik. Bu ordunu 30 il ərzində yaradanlar onlar idi. Beləliklə, bu hərbi cinayətlər hazırda sənədləşdirilir. Biz artıq şəhərlərimizə qarşı törədilən əməllərlə bağlı hüquqi prosedurlara başlamışıq. Biz beynəlxalq tərəfdaşlarımızı dəvət etmişik ki, mülki əhalimiz, infrastrukturumuz, dini və mədəni abidələrimizə dəymiş ziyanın müvafiq təhlili aparılsın. Hər bir şey sənədləşdiriləcək və biz bu cür şəraitə uyğun olaraq zəruri addımlarımızı atacağıq. Qanunsuz məskunlaşdırma hərbi cinayətdir. Minsk qrupu işğal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiyalar təşkil etmişdir – birində bu, faktaraşdırıcı missiya adlandırılmış, digər vaxtda isə bunun adı vəziyyətin yerində qiymətləndirilməsi missiyası idi. Anji Kaspşik bunu yaxşı bilir. O, bu prosesin veteranlarından olub. O, da oralarda olub.

Eyni zamanda, Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər etmişlər və Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olmuşlar. Şəhərlərimizin tam dağıdılmasının şahidi olmuşlar. Söhbət yalnız Ağdam və Füzulidən getmir, Cəbrayıl da eyni vəziyyətdədir. Kəlbəcər və Laçında onlar bəzi evlərdən yalnız məskunlaşmaq üçün istifadə edirdilər. Qubadlı ilə Zəngilanda onlar suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var. Mən artıq dedim ki, oranın sakinləri əslində kimlərdir və bunu təkrar etmək istəmirəm. Lakin əlimizdə pasportlar var. Həbsxanalarımızda əcnəbilər var. Bir sözlə, bütün bunlar böyük sual doğurur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.

Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinin bəyanatları olub. Məncə, bu, təxminən on il əvvəl baş verib. Biz həmin bəyanata dəstək verdik, çünki o, müəyyən ümidlər yaratdı. Onlar birgə bəyannamə ilə çıxış etdilər və bildirdilər status-kvo qəbuledilməzdir. Biz dedik: “Bəli. Yaxşı bəyanatdır. Gəlin onun üzərində işləyək”. İndi isə bunu Ermənistana deyin. Mən sizə və sələflərinizə nə qədər deyirdim ki, gedin deyin ermənilərə çıxsınlar. Onlara təzyiq göstərin. Mən ölkələrinizin yüksək rütbəli rəsmilərinə bunu dəfələrlə deyirdim: “Gedin, deyin onlara, təzyiq göstərin, hələ ki, gec deyil!” Lakin nə baş verdi? Müəyyən vaxt keçdi, ölkələrinizin liderləri bu sözləri dəyişməyə başladılar. Onlar artıq status-kvonun qəbuledilməzliyi barədə danışmadılar. Onlar dedilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo onlar üçün qəbul ediləndir. Bunu hansı başqa formada izah edə bilərik. Onlar Akvildə, Muskokada söylədilər ki, status-kvo qəbuledilməzdir. Sonra da onlar dedilər ki, status-kvo dayanıqlı deyil. Bu, o deməkdir ki, status-kvo artıq qəbul edilir. Bir çox siyasətçilər hesab edirdilər ki, sülhün qorunması üçün yeganə yol status-kvonun qalmasından keçir. Biz isə bunu dəyişdik. Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik.

Sonradan isə əlbəttə, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox! Biz və Prezident Putin. Bu, reallıqdır. Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı.

Lakin biz planlaşdırdığımıza nail olduq. Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq.

Hazırda isə Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək. Bir sözlə, sülhməramlıların missiyası qüvvədədir. Bilirsiniz ki, sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Lakin biz bunu heç zaman ciddi müzakirə etməmişik. Anji bir veteran kimi bunu bilir. Biz həmin mövzuya hətta heç vaxt toxunmamışıq.

Biz sadəcə ümumi şəkildə fikir mübadiləsi etmişik. Sülhməramlıların tərkibi necə olar bilər? Onlar hansı ölkələri təmsil edə bilər? Onlar qonşu, yaxud həmsədr ölkələr olmalıdır? Fikirlər müxtəlif idi. Şəxsən mən bu haqda heç zaman fikir söyləməmişəm, çünki deyirdim, bu, hələ tezdir. Biz əvvəlcə münaqişəni həll etməliyik. Biz heç zaman sülhməramlılara etiraz da etməmişik. Biz dedik, bəli, sülhməramlılar gəlsinlər və müəyyən vaxtda mülki şəxsləri, erməniləri və azərbaycanlıları qorusunlar. Bu, elə baş verir. Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib.

Eyni zamanda, bildiyiniz kimi, biz artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik. Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır.

Eyni zamanda, qaldırmaq istədiyim sonuncu məsələ, – əminəm ki, siz bu haqda eşitmişiniz, – bizim gələcəklə bağlı fikrimizdir. Yəni, regionun gələcəyi ilə bağlı demək istəyirəm. Mən artıq bir neçə dəfə ictimaiyyət qarşısında bu məsələni qaldırmışam ki, regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır. Azərbaycan iqtisadi və hərbi baxımdan güclüdür. Ölkəmiz çox geniş beynəlxalq dəstəyə malikdir. Ölkəmiz bu gün BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata – Qoşulmama Hərəkatına sədrlik edir. Əlbəttə, biz bunu işimizin bir hissəsi kimi icra edəcəyik ki, uzunmüddətli sabitlik və təhlükəsizlik təmin olunsun.

Lakin, əlbəttə ki, bu, həmçinin Paşinyan rejimindən, yaxud da həmin rejimi devirəcək dairələrdən asılı olacaq. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir. Birincisi, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəksiniz! Biz səbirliyik. Biz hazırlaşırdıq. Biz bütün işləri lazımınca apardıq. İyulda ilk erməni təxribatına cavab vermədik, yəni dövlət sərhədini keçmədik, halbuki, bunu edə bilərdik. Biz avqustdakı ikinci erməni təxribatına səbirlə yanaşdıq. O vaxt onlar insanlarımızı qətlə yetirmək üçün diversiya dəstəsi göndərdilər. Lakin üçüncü dəfə, sentyabrda biz cavab tədbirlərinə keçdik. Elə cavab verdik ki, onların Ermənistan ordusunu və demək olar ki, erməni dövlətini məhv etdik və ərazimizdə cinayət rejiminə son qoyduq, erməni millətçilərinin üzdəniraq “artsax” xülyalarını dağıtdıq. O, mövcud deyil. Paşinyan deyirdi ki, “Qarabağ Ermənistandır”. O, səhv etdi və layiqli cəzasını aldı. O, bu alçaltmaya layiqdir. Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi.

Bununla, mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm.

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti dedi:

-Cənab Prezident, biz Sizi diqqətlə dinlədik. Əvvəlcə, bu gün, xüsusi gündür, dekabr ayıdır. Atanızla görüşməyim xatirimə gəlir. Parisdə, Prezident Şirakla görüş zamanı orada idim və mən o vaxt aparılan danışıqlarda iştirak edirdim. Biz Sizi anlayırıq. Siz də indicə qeyd etdiniz ki, həmsədr ölkələr son 28 il ərzində bacardıqları qədər öz mandatını icra etməyə çalışmışlar. Bu mandat əsasında iki tərəf arasında məsələnin nizamlanmasına şərait yaratmalı idilər. Mən Sizin tərəfdən verilən maraqlı təklifləri yüksək dəyərləndirirəm. Biz bunun üzərində çalışacağıq və tərəflərin iradəsinə uyğun olan variantı tapmağa vasitəçi olaraq çalışacağıq. Mənim hökumətim qırğına son qoyan atəşkəsi alqışlayıb. Biz noyabrın 9-dan 10-na gecən gecə əldə olunmuş razılaşmanın bütün müddəalarına çox müsbət yanaşırıq. Hadisələrin cərəyan etməsinin yeni gündəliyini qavrayırıq. Siz də qeyd etdiniz ki, regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yaranıb. Bütün qalan məsələlər üzərində Minsk qrupunun işləməsinə gəldikdə, bu, tam Sizdən asılı olacaqdır. Bəli, bunun üçün yaxşı zəmin var. Biz keçid mərhələsindəyik və gələcək planlar tərtib oluna bilər. Mən, əlbəttə ki, sizin indi açıq şəkildə söylədiyiniz fikirləri öz hökumətimə məruzə edəcəyəm. Əlbəttə ki, Bakıda olmağımız, belə başa düşürəm ki, dəvət əsasında olub. Dəvət olmasaydı, mən gəlməzdim. Ola bilsin, bu missiyanın təşkilində, yazışmada qeyri-aydınlıq olub. Lakin mən bizi bu görüşdə qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən sözlərinizi lazımi qaydada Prezidentimə və hökumətimizə çatdıracağam. Sağ olun.

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer dedi:

-Bu gün bizi burada qəbul etdiyinizə və səmimi qonaqpərvərliyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin mövqeyinizi çox aydın ifadə etdiyinizə görə minnətdarıq. Həmkarımın söylədiyi kimi, biz bunu öz hökumətlərimizə məruzə edəcəyik. Sizin söylədiyiniz sözlərə və açıq verdiyiniz bəyanata gəldikdə, anlayırıq ki, hazırda yeni vəziyyət yaranıb. Hamımız anlayırıq və etiraf edirik ki, indi qarşımızda yeni reallıqdır. Hesab edirəm ki, Sizinlə söhbət aparmağımın əsas səbəbi Sizin mövqeyinizi daha yaxşı anlamaq idi. Siz həmin mövqeyi açıqladınız və bir azdan biz hadisələrin sonra necə cərəyan edəcəyi ilə bağlı təfərrüatları müzakirə edəcəyik. Hazırda cari vəziyyət fərqlidir. Bilmək istərdim, Siz gələcəyi, ümumiyyətlə, necə görürsünüz? Xüsusən də Madrid prinsiplərində deyilir ki, xətlər və kommunikasiyalar açılsın, münasibətlər yenidən qurulsun, regionda bütün xalqlar üçün müsbət mühit yaradılsın. Əgər, bunlar sizin mövqeyinizin bir hissəsidirsə, onda, fikrimcə, buna nail olunmasında bizim və ölkələrimizin oynayacağı rol ola bilər. Biz bunu Sizdən eşitmək istərdik, gələcəkdə hansı addımları atmaq istəyirsiniz? Bildiyiniz kimi, bundan sonra, biz İrəvana gedəcəyik və digər tərəflə də eyni söhbət aparacağıq. Bizim daha təfərrüatlı müzakirələrimiz olacaq.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov dedi:

-İcazənizlə, cənab Prezident. Minsk qrupu həmsədrlərinin Sizinlə görüşmək fürsətinə görə çox minnətdaram. Bildiyimiz kimi, Rusiya əldə edilmiş üçtərəfli razılaşmanın iştirakçısıdır, həmin Bəyanatın müddəalarının icrasına xüsusi önəm verir. Fikrimcə, bu sənədin tam icrası üçün hələ də görüləcək işlər var. Onlar Siz söylədiyiniz kimi, cənab Prezident, insanların, yəni məcburi köçkünlərin öz yerlərinə qayıtmasına, bölgənin dinc yolla yenidən qurulmasına aiddir. Əlbəttə ki, o, Sizin də təsvir etdiyiniz kimi, bölgənin sülh şəraitində dinc yolla və uğurlu şəkildə inkişafına aiddir. Minsk qrupuna gəldikdə, hökumətimiz hər zaman bu qrupun vacibliyini qeyd edib. Bu səbəbdən, biz iştirak etmişik və bu gün də qrupda iştirak edirik. Hesab edirəm ki, qrupun birgə mövqeyi bu yaxınlarda Minsk qrupu həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən 3 dekabr tarixli bəyanatında ifadə olunmuşdur. Bu sənəddə ümumi münasibət bildirilir və biz istənilən sahədə, eləcə də, cənab Prezident, bu gün söylədiyiniz kimi, yenidənqurma işlərinin icrasında bacara biləcəyimiz yardımdan çox məmnun olardıq. Sağ olun.

14.00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.