İlham Əliyev marketdə

0
725

“İçəridə müştəriyə məhsul satırdıq. Qəfildən bir də gördük ki, cənab Prezident içəri daxil oldu. Həyəcan bizi bürüdü. İnana bilmirdim ki, bizimlə üzbəüz dayanan Prezidentimizdir”.

Bunu bu gün Prezident İlham Əliyevin Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirakı çərçivəsində həmsöhbət olduğu marketin satıcısı H.İbrahimova deyib.

O bildirib ki, dövlət başçısının onunla səmimi söhbətində marketdə satılan məhsulların keyfiyyətindən danışıb: “Cənab Prezident içəri daxil olan kimi bizimlə salamlaşıb hal-əhvalımızı, işlərimizin necə getdiyini soruşdu. Biz də hər şeyin qaydasında olduğunu dedik. Bizimlə çox səmimi söhbət etdi. Bizdən məhsulların keyfiyyətini və satışda nə qədər yerli məhsulların olduğunu soruşdu. Biz də burada satılan məhsulların 90 faizinin yerli olduğunu dedik. Həyatda ən böyük arzum Prezidentimizlə söhbət etməyim idi, bu arzuma da çatdım. Təsəvvür edin ki, Prezident içəri daxil olanda mən müştərini yola salırdım. Həmin vaxt içəridə bir neçə müştəri var idi”.

Digər satıcı Yuliya Quliyeva Prezidentlə söhbəti zamanı əldə etdiyi təəssüratları bölüşüb. Satıcının sözlərinə görə, ölkə başçısının qəfildən marketə daxil olması onun üçün gözlənilməz olub: “Biz hər zaman Prezident İlham Əliyevi televiziya vasitəsilə görürdük. Bu gün isə onunla canlı şəkildə həmsöhbət olduq. Bizdən satılan məhsullar haqqında bəzi məlumatları soruşdu. Biz də dedik. İnanın ki, cənab Prezidentin bizim mağazaya gələcəyini əvvəlcədən bilsəydik, hazırlıq görərdik. Hər şey yuxu kimi gəlir mənə”.

Daha sonra qəsəbə sakinləri Prezidentlə görüşünün təəssüratlarını bölüşüblər. Onlar dövlət başçısına cansağlığı arzu ediblər.