İlham Əliyev koronavirusdan sonrakı dünyanı təsvir etdi

0
480

“Dünya əlbəttə ki, dəyişəcək. Ancaq başlıcası, müsbət məzmunu qorumaq və pandemiya nəticəsində gördüyümüz bəzi müsbət halları artırmaqdır. Bunlar hələ erkən təzahürlərdir, lakin hətta gərgin münasibətlərdə olan ölkələr arasında da həmrəylik, əməkdaşlıq elementləri görünür”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində koronavirusdan sonrakı dünyanı təsvir edərkən bildirib.

Dövlət başçısının sözlərinə görə, bir çox siyasi və ictimai xadimlər, beynəlxalq ictimaiyyət pandemiyadan sonrakı dövrdə dünyanın fərqli olacağını deyirlər, ancaq dünya artıq fərqlidir, yeni iş formatına, yaşam tərzinə, özünü təcridetmə rejiminə tədricən hər kəs alışır:

“Əslində, bu, xüsusən ciddi karantin şəraitində bir çox insanın həyat tərzinə və psixoloji vəziyyətinə ciddi təsir göstərir. Yaxşı bilirik ki, həftələrlə evdə oturmaq, bayıra çıxmamaq, aktiv həyat tərzinə, fəal işləməyə öyrəşmiş insanlar üçün ciddi bir imtahandır”.

Prezident İlham Əliyev işini itirənlərə hökumət tərəfindən vəsait ödənilməsinə baxmayaraq, bunun onlara motivasiya üçün kifayət etmədiyini deyib:

“İnsanlar, əslində, sevimli işlərini itiriblər və əlbəttə ki, bu onların psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Buna görə gələcəkdə dünyanın necə olacağını təsəvvür etmək çətindir”.

Dövlət başçısı respublikada beynəlxalq tədbirlərin keçirilməsinə də münasibət bildirib: “İştirak etdiyim iki sammit bu formatda işləyə biləcəyimizi göstərdi. Əlbəttə, ünsiyyət çatışmazlığı yaşayırıq. Zirvəni həmişəki kimi keçirsəydik, təbii ki, iki, bəlkə də üç gün çəkərdi. Çoxlu ikitərəfli görüşlər, bir çox mədəni tədbirlər olardı. Lakin məsələn, mayın 4-də sammit fasiləsiz olaraq altı saat yarım davam etdi. Sədr olaraq onu tərk etməyim mümkün olmadığından bu formatda yaşamağa alışmaq lazımdır”.

Beynəlxalq forumlara gəlincə, prezident Azərbaycanın ilk növbədə humanitar əməkdaşlıq üçün vacib platformaya çevrildiyini xatırlatdı: “Bu, həm Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında təşkil olunan, formalaşmasında sizin, Mixail Solomonoviçin şəxsən çox böyük rolu olduğu Beynəlxalq Humanitar Forumdur, həm mədəniyyətlərarası dialoq forumlarıdır, həm də bu gün təxirə salınan bir çox digər tədbirlərdir. Onları necə keçirəcəyik? Beynəlxalq forumların, müzakirələrin videokonfranslar rejimində aparılmasının mümkün olub-olmaması hələ də gələcəyə aid bir sualdır”.

Dövlət başçısı koronavirusu məğlub etdikdən sonra bu vəziyyətdən çıxmaq üçün çox vaxt lazım olacağını və bunun nə qədər davam edəcəyini söyləməyin çətin olduğunu vurğulayıb.

“Ancaq düşünürəm ki, ən əsası xüsusən də beynəlxalq siyasət məsələlərində məzmunu saxlamalı, pozitiv əməkdaşlıq təcrübəsini qorumalıyıq ki, bu ünsiyyətsizlik dövrü ölkələri ayırmasın, dialoqumuzu davam etdirək, videokonfrans formatında işləyək”, – deyə dövlət başçısı İlham Əliyev bildirib.