İlham Əliyev: “Belə çirkin əməllər törədən ölkə ilə hansı dostluq ola bilər?”

0
531

“Müsəlman məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr ola bilər? Açın baxın internetdə, görün Ağdam məscidi nə gündədir, Şuşa məscidi nə gündədir, digər şəhərlərdəki məscidlər nə gündədir, onları söküblər. Bu azmış kimi, ermənilər orada heyvan saxlayırlar, hətta bizim müqəddəs ocaqlarımızı təhqir edirlər. Kim edir bunu? Ermənistan. Bu məscidlər təkcə bizim deyil, bütün müsəlman aləminə məxsusdur”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən deyib.

O bildirib ki, belə çirkin əməllər törədən bir ölkə ilə hansısa əlaqələr ola bilməz:

“Hansı dostluq ola bilər? Ona görə, mən bir daha demək istəyirəm, Ermənistan çalışır ki, onları öz tərəfinə çəksin. Ancaq, ilk növbədə, o ölkələrin xalqları buna imkan verməyəcəklər və verməməlidirlər. Əgər görsələr ki, bu ölkələrin hakimiyyəti öz dini mənsubiyyətini ancaq dildə ifadə edir, o ölkələrin vətəndaşları öz sözünü deməlidir, Azərbaycanla həmrəy olmalıdır. Necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə həssas günlərdə, həssas məsələdə ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb.

Mən dünən Sərəncam imzaladım, Tovuz rayonunda zərər çəkmiş bütün binalar, – indi komissiya təşkil olunub, – inventarlaşdırılacaq və qısa müddət ərzində biz bütün evləri bərpa edəcəyik. Amma insanların həyatını bərpa etmək olarmı? 76 yaşlı ağsaqqalın həyatını bərpa etmək olarmı? Bunu kim edib? Ermənistan edib.

Əfsuslar olsun ki, özünü bizə dost kimi təqdim etmək istəyən bəzi ölkələr onlara bu mərmiləri veriblər ki, Azərbaycan əsgərini, Azərbaycan vətəndaşını, uşağı, qocanı Xocalıdakı kimi öldürsünlər. O vaxt bizim gücümüz yox idi. Bizim deyəndə, əvvəlki iqtidarın, hansı ki, bu faciə vaxtı Azərbaycana rəhbərlik edirdi. Açıq danışmalıyıq, bu, belədir. Azərbaycan xalqı, Azərbaycan vətəndaşları hər şeyi bilməlidir. Ona görə İslam Əməkdaşlıq Təşkilatının bu qərarını biz çox yüksək qiymətləndiririk. Qoşulmama Hərəkatı da, – burada 120 ölkə cəmləşir, – birmənalı şəkildə Azərbaycanı dəstəklədi”.