İlham Əliyev Bakıda açılışda – YENİLƏNİB + FOTO

0
742

Prezident İlham Əliyev iyulun 9-da Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/10 kilovoltluq “8-ci km” yarımstansiyasının açılışında iştirak edib.

“Azərenerji” ASC-nin sədri Baba Rzayev yarımstansiyada görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, “8-ci km” yarımstansiyası 52 il əvvəl tikilmişdir və istismar müddətini çoxdan başa vurmuşdu. Nəticədə burada tez-tez qısa qapanmalar olurdu və enerji sistemi qəza təhlükəsi ilə üzləşirdi. Yenidənqurma nəticəsində bu problemlərin hamısı aradan qaldırılıb. Burada görülən yenidənqurma işləri çərçivəsində yarımstansiyanın açıq və qapalı paylayıcı qurğuları, transformatorları, inzibati-idarəetmə binası və digər zəruri infrastrukturu müasir səviyyədə yenilənib. Yarımstansiyanın yenidən qurulmasını zəruri edən səbəblərdən biri də Nizami rayonunda 35 kV-luq şəbəkənin genişlənməsi və gərginlik sinfinin dəyişdirilməsi idi. Görülən işlər nəticəsində yarımstansiyanın gücü 55 MVA-dək artırılıb. Burada yaradılmış Dispetçer İdarəetmə Mərkəzi və mikro SCADA sistemi yarımstansiyanın fəaliyyətinin səmərəliliyini daha da yüksəldib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Yenidən qurulan bu yarımstansiya Xətai və Nizami rayonlarında yüzminlərlə əhalinin, sənaye, məişət-kommunal, təhsil, tibb və iaşə müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsində mühüm rol oynayacaq.

Qeyd edək ki, son iki ildə ölkəmizdə sistem əhəmiyyətli 20-dən çox yarımstansiyada tikinti, yenidənqurma, təmir və bərpa işləri aparılır. Bu günədək 220 kV-luq “Müşfiq”, 110 kV-luq “Zabrat”, “Dübəndi” və “Əhmədli” yarımstansiyaları yenidənqurmadan sonra istismara verilib. 220 kV-luq yeni tikilən “Böyükşor” və yenidən qurulan “Xırdalan” yarımstansiyalarında işlər tamamlanıb. Eyni zamanda, 500 kV-luq “Abşeron” və 110 kV-luq 10-dan çox yarımstansiyada işlər davam edir.

Bu gün Azərbaycanda enerji sistemdə aparılan köklü islahatların nəticəsidir ki, ölkə əhalisini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək mümkün olub. Ümumilikdə, son dövrlərdə bu sahədə həyata keçirilən kompleks tədbirlərin sırasında mövcud yarımstansiyaların müasir səviyyədə yenidən qurulması və bu cür yeni qurğuların inşası xüsusi yer tutur. “8-ci km” yarımstansiyasının yenidən qurulması bu istiqamətdə icra olunan işlərin ardıcıllıqla həyata keçirildiyini nümayiş etdirir.