İlham Əliyev: Azərbaycan əhalinin həyat səviyyəsini Avropa Birliyi standartlarına çatdırmağa çalışır

0
431

Azərbaycan hökumətinin əsas vəzifəsi ölkə əhalisinin həyat səviyyəsi meyarlarını yaxşılaşdırmaq və onları Avropa Birliyi standartlarına yaxınlaşdırmaqdır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında bildirib.

“Əvvəlki illərdə infrastruktur layihələrinə cox ciddi sərmayə yatırdıq. Məhz buna görə Azərbaycan Ümumdünya İqtisadi Forumun qiymətləndirmələrinə əsasən enerjiyə çıxış üzrə ikinci yeri tutur, ölkədə qazlaşdırılmanın səviyyəsi 96 faiz təşkil edir”, – dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda 16 min kilometr yol çəkilib, üç mindən çox məktəb, 700 xəstəxana inşa edilib.

“Bu dövlətin investisiya proqramının bir hissəsidir. Ancaq bu gün bizə idarəçiliyə yeni yanaşma – şəffaflıq və hesabatlılıq gərəkdir. Biz həyat səviyyəsi meyarlarımızı yaxşılaşdırmalı və onları AB-nin standartlarına yaxınlaşdırmalıyıq. Hesab edirəm ki, buna nail olmaq mümkündür, çünki bizim ciddi siyasi dəstəyimiz var”, – İlham Əliyev deyib.

Dövlət başçısı ölkənin iqtisadi artımının demoqrafik artıma uyğun gəlməli olduğunu vurğulamaqla qeyd edib ki, Azərbaycanın yeni hökuməti səylərini əsas çağırışlara yönəldəcək.

“Müstəqillik illəri ərzində ölkə əhalisi yeddi milyondan 10 milyon nəfərə yüksəlib, demək, əlavə infrastruktur, əlavə ərzaq tədarükü lazımdır. Azərbaycan əhalisi hər il 100 min nəfərdən çox artır, bu isə o deməkdir ki, bizə illik 100 min yeni iş yeri lazımdır. Bu asan deyil, buna görə də hökumət yoxsulluğun səviyyəsini minimum – 5 faizdən aşağı həddə saxlamağa çalışır”, – prezident qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi 2019-cu ildə 2,5 faiz təşkil edən inflyasiyanı saxlamağa çalışır.

“Əhalinin gəlirlərinin artımı həmişə inflyasiyanı üstələməlidir, eyni zamanda, iş yerlərinin yaradılması templəri də demoqrafik artımı üstələməlidir”, – İ.Əliyev deyib.

Prezident Azərbaycanın xarici borcu azaltmağa çalışdığını vurğulayıb.

“Bu gün xarici borcumuz ÜDM-in 17 faizini təşkil edir, lakin biz bu göstəricini ÜDM-in 10 faizinə qədər azaltmaq istəyirik”, – İ.Əliyev qeyd edib.