Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Toivo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Şarl Mişelin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa İttifaqı Şurasının Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edilib.
Söhbət zamanı həmçinin bu ay Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Toivo Klaar helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlət başçısına başsağlığı verib. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür edib.