İlham Əliyev Ağstafada açılışlar etdi – FOTO (YENİLƏNDİ)

0
498

İlham Əliyev Ağstafada açılışlar etdi - FOTO (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Bildirilib ki, uzunluğu 9,3 kilometr olan yol 4-cü, 5-ci texniki dərəcəlidir, hərəkət hissəsinin eni 5-6 metr, hərəkət zolaqlarının sayı isə 2-dir. Dövlət başçısının ötən ilin mayında imzaladığı Sərəncama əsasən yenidən qurulan bu yol 19 min nəfərin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir. Avtomobil yolunun tikintisi 7 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.

Prezident İlham Əliyevə Ağstafa rayonunun Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunun tikintisi layihəsi barədə də məlumat verilib. Dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 10 kilometrdir. Dövlət başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən bu yolun əsaslı təmiri həmin ərazidə yaşayan sakinlərin rayon mərkəzi ilə gediş-gəlişini asanlaşdıracaq, yük və sərnişin daşınmasına töhfə verəcək.

Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələrdən biri də Ağstafa-Yenigün-Xətai-Poylu-Xılxına avtomobil yolunun tikintisidir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

10:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gedib.

Dövlətimizin başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

***

Ağstafa rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Yenidən qurulan 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyası martın 4-də istismara verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiya haqqında məlumat verdi.

Bildirildi ki, Ağstafa və Qazax rayonlarının böyük bir hissəsinin, xüsusən də Qazax rayonunun cəbhəyanı ərazilərinin elektrik təchizatında olan problemlərin aradan qaldırılması və hər iki rayonda elektrik enerjisinə artan tələbatın qarşılanması məqsədilə 1967-ci ildə istismara verilmiş, köhnələrək öz texniki parametrlərini itirmiş 110/35/10 kilovoltluq “Ağstafa” yarımstansiyasında 25 meqavatamper gücündə 2 yeni transformator quraşdırılıb. Nəticədə yarımstansiyanın gücü 10 meqavatamper artırılaraq 50 meqavatamperə çatdırılıb. Yarımstansiyada 110, 35 və 10 kilovoltluq yeni paylayıcı qurğular inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri, məsafədən dispetçer idarəetmə SCADA sistemi quraşdırılıb. Ağstafa və Qazax rayonlarında yerləşən 110 kilovoltluq 3 yarımstansiya arasında yaradılmış 35 kilovoltluq dairəvi elektrik təchizat sxeminin dayanıqlılığının artırılması 110 kilovoltluq “Ağstafa” yarımstansiyasının yenidən qurulması ilə tamamlanıb. Bu da həmin rayonların elektrik təchizatının fasiləsizliyini və etibarlılığını təmin edəcək.

Diqqətə çatdırıldı ki, Ağstafa rayonu üzrə istehlakçıların hamısı, Qazax rayonu üzrə isə 61,9 faizi, ümumilikdə, hər iki rayon üzrə 34 min 590 abonent bu yarımstansiyadan elektrik enerjisi alır.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Ağstafa rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması prioritet məsələlərdən olub. Bu ərazidə son illərdə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin artan elektrik tələbatının qarşılanması üçün geniş imkanlar yaradılıb. Son illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib və hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bunların sayəsində mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib.

Kompleksin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Prezident İlham Əliyev komplekslə tanış oldu.

Sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.

***

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Müdafiə Nazirliyinin Ağstafada yerləşən “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.