İlham Əliyev 40 milyon ayırdı, şagirdlərdən yenə pul yığılır

0
564

Prezident İlham Əliyev “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə  40.0 (qırx) milyon manat ayrılıb. 2018/2019-cu tədris ilinin son günlərində isə Bakının əksər orta məktəblərində şagirdlərdən məktəblərin təmiri üçün 5, 10, 20, hətta 50 manat yığılıb. Məbləğ orta məktəbin yerləşdiyi qəsəbəyə və təhsil alan şagirdlərin maddi vəziyyətinə görə dəyişir. Rəsmilər hər nə qədər “məktəblərdən pul yığılmır, pul yığıla bilməz” desələr də, görünən kəndə bələdçi gərək deyil!

“Yeni Sabah” xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Modern.az-abildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikası baxımdan mühüm əhəmiyyət kəsb edir:

“Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib. Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağa və ömür boyu təhsil prosesinə qoşulmağa imkan verən strateji və konseptual məqamlardır. Bu baxımdan, Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil-müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub”.

K.Əsədov qeydedib ki, dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir:

“Heydər Əliyev Fondu təhsil sahəsinə hər zaman xüsusi diqqət ayırıb. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi önəmin bariz nümunəsi kimi ölkənin hər yerində, ən ucqar kəndlərdə belə, yeni məktəb binalarının tikintisini və həyata keçirilən digər layihələri misal göstərmək olar. Fondun xətti ilə inşa olunan orta məktəblərin sayı bu gün 3500-dən yuxarıdır. Fondun təhsil sahəsində gördüyü işlər sırasında müxtəlif bölgələrdə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşıyır. Son 3 ildə Azərbaycanda məktəbə hazırlıqla əhatəlilik səviyyəsi 24%-dən 65%-ə qədər qalxıb, heç vaxt məktəbəhazırlıq təşkil edilməyən yüzlərlə yaşayış məntəqəsi əhatə edilib. Ölkə ərazisində məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılmasını nəzərdə tutulub. 2018-2019-ci dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü 1206 onuncu sinfinə 27 005 nəfər şagird cəlb olunub. Bütün bunlar təhsil sisteminə, onun infrastrukturunun inkişafına ayrılmış vəsaitlərin səmərəli istifadə olunduğunu göstərir”.

Ekspert məktəblərdə təmir üçün yığılan pullara görə, direktorları ittiham edib:

“Orta məktəblərdə şagirdlərdən təmir üçün vəsait yığılması yolverilməzdir. Məktəbin təmiri üçün şagirdlərdən hər hansı bir vəsait yığıla bilməz. Çünki bütün təmir və tikinti işləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Şagirdlərdən bu məqsədlə pul yığılması qanunsuzdur və bunu direktor öz məqsədi üçün edir”.