İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum – Heydər Əliyevin tərcüməçisi YAZIR

0
839

Kiprin ayrılmış yunan və türk icmaları üçün 20 iyul tarixi fərqli məna kəsb edir. 1974-cü il iyulun 20-si türk ordusu Kiprə daxil oldu və bununla da adanın şimal və cənub hissəyə bölünməsinin əsası qoyuldu. Hərbi əməliyyata “Atilla planı” adı verilmişdi və adanın çoxluq təşkil edən yunan icması üçün bu tarix işğalın başlanğıcı, azlıqda olan türklər üçün isə onlara qarşı törədilən qətliamın sona çatdığı gündür.

Bir qədər tarix

 1571-ci ildə Kipr Osmanlıların hakimiyyəti altına keçir(1570-1573-cü illər Osmanlı-Venesiya savaşları). Adaya ilk türk köçləri məhz həmin zamandan başlayır. Amma, yunanlar da Kiprin ilk sakinləri deyillər. Kipr adasında romalıların, misirlilərin, bizanslıların, luzianların və venesiyalıların tarixi izləri qalmaqdadır. Türk qismi adadakı yunanları rumlu adlandırır. Bu isə yunanların Şərqi Roma İmperiyası sayılan Bizans dönəmində adaya gəlmələri anlamına gəlir. Paytaxt Nikosiyanın qədim adı Lefkoşedir və bu da yunanlardan əvvəl yaşayan xalqların qoyduğu addır.

1878-ci ildən Böyük Britaniyanın idarəçiliyi altında olan Kipr  1960-cı ildə müstəqilliyini elan etdi. Bununla belə, Britaniya Akrotiri və Dhekeliya əraziləri üzərində suveren hərbi nəzarəti   əlində saxlayır.

Kiprdə yunanlar və türklər zaman-zaman dinc və yanaşı yaşamışlar. Türklər əhalinin üçdə birini təşkil etsələr də, adanın hər yerində məskunlaşmışdılar.

Ötən əsrin 40-cı illərindən başlayaraq, Yunanıstan ingilis müstəmləkəçiliyinə son qoymaq və Kipri özünə birləşdirmək üçün enosis(birləşmək) siyasətinə başladı. 1948-ci ildə Yunanıstan kralı Paul bəyan etdi ki, Kipr Yunanıstana birləşmək arzusunu ifadə edib. 1950-ci ildə Kipr ortodoks kilsəsinin adada keçirdiyi referendum nəticəsində kiprli yunanların 97%-i enosisə səs verdi. 1955-ci ildə Yunanıstanın birbaşa rəhbərliyi ilə EOKA(Ethniki Oraganosis Kyprion Agoniston-Kipr Yunanlarının Azadlığı Təşkilatı) yaradıldı. Təşkilatın əsas məqsədi adanı Yunanıstana birləşdirmək, Kipri britaniyalılardan və türklərdən təmizləmək idi. Mübarizə vasitəsi isə terror seçilmişdi. Kipr yunanlarının solçulardan ibarət qismi terror aksiyalarına qarşı çıxaraq türklərin gündəlik həyatda sıxışdırılması, işdən qovulması, evlərinin kilsələrdən ayrılan ianələr hesabına alınması yolu ilə etnik təmizləməsini qarşıya məqsəd qoymuşdu. EOKA-ya görə bu, daha uzun bir yol idi, ona görə də  yunan solçular da EOKA-nın terror hədəfinə tuş gəlirdilər. Belə olan halda, britaniyalılar polis qüvvələrini türklərin hesabına artırmağa qərar verdilər. Əlavə olaraq, Kipr türkləri Türk Mükavemet Teşkilatını(TMT) yaratdılar.

Britaniya müstəmləkəçiliyi dövründə ingilis dilli məktəblərlə yanaşı, ayrıca yunan və türk dillərində təhsil də təşviq edilir, müəllimlərin müvafiq olaraq Yunanıstan və Türkiyədən gəlməsinə icazə verilirdi. Afina bu imkanı türklərə qarşı ideoloji təbliğat və mübarizə vasitəsinə çevirdi. Kiprli yazıçı Yiannis Papadakisin etirafına görə, məktəbdə kiprli yunan uşaqlara bir vaxtlar mehriban qonşu kimi yaşadıqları türklərin köçəri, mədəniyyətsiz, monqoldan törəmə, imansız müsəlman fanatikləri olduğu barədə dərslər keçilir, nifrət və düşmənçilik təbliğatı aparılırdı.

Zaman keçdikcə EOKA-nın türk toplumuna qarşı amansızlığı tüğyan etməyə başladı. 1963-cü ilin dekabrın 21-31-i Kiprin tarixinə Qanlı Milad kimi həkk olundu. Etnik toqquşmalar 364 türkün və 174 yunanın ölümü ilə sonuclandı. 18667 kiprli türk adanı tərk edərək İngiltərə və Avstraliyaya sığınmağa məcbur oldu. 104 kənddən 25 min türk ada ərazisinin cəmi 3%-ni təşkil edən anklavlara yerləşdirildi və anklavlardan çıxışa məhdudiyyətlər, yoxlanış məntəqələri qoyuldu.

Türkiyə hökuməti soydaşlarının qırğınına kəskin reaksiya ilə çıxış etdi. Baş nazir İsmət İnönü ABŞ prezidenti Johnson Lindon B. Johnsona təcili tədbir görülməsi tələbi ilə məktub ünvanladı, əks halda türk ordusunun Kiprə müdaxilə edəcəyi bildirilirdi. Məsələ ondadır ki, 1960-cı ildə Kipr müstəqilliyini qazanarkən Britaniya, Yunanıstan və Türkiyə adada təhlükəsizliyin təminatına qarant ölkələr kimi müəyyən olunmuşdu. Konstitusiyaya əsasən, türklərin sayı dövlət qulluğunda 30%, orduda 40%, polisdə 30% nisbətində göstərilirdi. Amerika prezidenti Türkiyənin müraciətinə aşağılayıcı cavab göndərərək müdaxilənin yolverilməz olduğunu bildirdi. Həmin dövrdə bir sıra beynəlxalq və regional amillər, eyni zamanda türk donanmasının gücü Aralıq dənizində hərbi əməliyyat keçirmək üçün münasib hesab edilmirdi və Türkiyə tərəfi bunu anlayırdı.

Lakin vəziyyətin kəskinliyini nəzərə alaraq, BMT Təhlükəsizlik Şurasının 186-cı Qərarına əsasən adaya sülhməramlılar yerləşdirildi. Sülhməramlılar tükrləri kütləvi qırğından qorumağa çalışsa da, türk ordusunun adaya müdaxilə edə bilməyəcəyinə əmin olan EOKA-nın qanlı terroru davam edirdi. Artıq türklərin adadan sıxışdırılıb qovulması Makariosun rəhbəri olduğu Kiprin rəsmi siyasətinə çevrilmişdi. ABŞ dövlət katibi Kissincer həmin zamanlar Makariosu Aralıq dənizinin Kastrosu adlandırırdı. Adada yaşayan türk toplumunun iztirabları azmış kimi, rəsmi radio ilə tez-tez Türkiyənin öz soydaşlarına kömək əli uzatmağa cəsarət etmədiyi barədə təxribatçı verilişlər yayınlanır, hətta yunan müğənnisi Stelios Kazançidisin ifasında aramsız olaraq “Bekledim de gelmedin” (https://www.youtube.com/watch?v=1RhCYEUAzsc) türk mahnısı səsləndirilirdi. Həzin musiqili bu lirik mahnı kiprli türklərdə əlacsızlıq kompleksi yaradırdı:

Bekledim de gelmedin,

Sevdiyimi bilmedin,

Göz yaşımı silmedin,

Hiçmi beni sevmedin?

Anti-türk isteriyasının, talan və qırğınların get-gedə qızışdığı bir dövrdə EOKA ilə Kiprin yunan rəhbərliyi arasında ziddiyyətli və münaqişəli münasibətlər yaranmışdı. 1974-cü il iyulun 2-də Kiprin rəhbəri Makarios Yunanıstan prezidenti Gizikisə məktubla müraciət edərək, Yunanıstan hərbi rejiminin kadrlarının EOKA-nı müdafiə etməsindən şikayətlənir və Kipr Milli Qvardiyasından 600 Yunanıstan təlimatçı zabitinin çıxarılmasını tələb edirdi. İyulun 15-i Yunanıstan zabitlərinin rəhbərliyi ilə Kipr Milli Qvardiyası dövlət çevrilişi edərək Makariosu devirdi və ultra-millətçi, enosis tərəfdarı, fanatik anti-türk Nikos Sampsonu prezident elan etdi. Bununla da adada anti-türk siyasətinə yeni nəfəs verilmiş oldu. İyulun 20-də Alaminosda 14 türk qətlə yetirildi.

Vəziyyətin dözülməz həddə çatdığını görən B. Ecevit hökuməti qətiyyətli iradə nümayiş etdirdi və Türkiyə Kiprlə bağlı müqavilələrə əsasən qarantör hüquqlarından istifadə edərək ildırım sürətli bir əməliyyatla 1974-cü ilin 20 iyulunda adaya hərbi kontingent yeritdi. Yuxarıda qeyd etdiyimiz kimi yunan müğənnisinin ifasında dönə-dönə səsləndirilən türk mahnısının qəmli və ümidsiz notlarına cavab olaraq, türk əsgərləri “ Biz geldik!” sədaları ilə adaya daxil oldular. Lakin, EOKA öz cinayətkar əməllərinə son vermədi və 14-16 avqustda Maratha, Santaris və Alodada 126 kiprli türk amansızcasına qətlə yetirildi. Beləliklə də Türkiyə tərəfə başqa seçim buraxılmadı və Türk ordusu adanın  38% ərazisini ayıraraq Kipri şimalda türk və cənubda yunan hissələrinə bölməyə qərar verdi.

  Bir qədər də bu günümüz

 Bu gün 45 ildir ki, Kipr ikiyə bölünmüş adadır. Təbiət buradan heç nəyi əsirgəməmişdir. Aralıq dənizindəki bu turist məkanına dağlar, portağal bağları, zeytunluqlar və küknar meşələri xüsusi gözəllik verir.

Şimali Kiprin əhalisi özlərini ərazi mənsubiyyətinə görə kiprli, milli mənsubiyyətcə isə kipr türkü kimi tanıyır. Şimali Kiprdə qədim yunan kilsə və məbədlərinə hörmətlə yanaşılır. Bir vaxtlar yunanlara məxsus olmuş ərazilər alqı-satqı mövzusu deyil. Yaşlı nəsil yunancanı unutmayıb. Yunanlara qarşı nifrət hissi yoxdur. Şimali Kiprdə hər kəs Kiprin federasiya şəklində birləşəcəyi günə ümid edir. 2004-cü ildə BMT-nin Baş Katibi Annanın planına əsasən şimali və cənubi Kiprin federasiya əsasında birləşməsi real görünürdü. Türklər bu planı dəstəkləsələr də, yunanlar tərəfindən rədd edildi.

Optimistlərin fikrincə Kipr sahillərinə yaxın sularda 4 trilyon kub fut qaz yataqlarının aşkar olunması tərəflərin yaxınlaşması üçün yeni perspektivlər aça bilər. ABŞ-ın ExxonMobil, Fransanın Total, Qatarın Qatar Petroleum və İtaliyanın Eni şirkətlərindən ibarət konsortsium 50 milyard ABŞ dollarından artıq sərmayə qoyuluşu ilə yataqları inkişaf etdirmək fikrindədir. Bəzi neft mütəxəssislərinin fikrincə isə yataqların təsdiq olunmuş potensialı cəmi 0,5 trilyon kub futa yaxındır və onların işlənməsi iqtisadi cəhətdən sərfəli deyil.

Bu gün Şimali Kipr turistləri və universitetlərə tələbələri cəlb etməkdədir. Əsas biznes növü daşınmaz əmlakdır. Lakin Şimali Kipr tamamilə Türkiyənin maliyyə dəstəyindən asılı vəziyyətdədir. 1983-cü ildə müstəqilliyini elan etmiş Şimali Kipr Türk Cumhuriyyəti beynəlxalq aləmdə tanınmadığına görə, beynəlxalq maliyyə bazarlarına çıxmaq və kreditlər almaq problemi ilə qarşı-qarşıyadır.

Türk toplumunun yaşadığı bir məkan kimi Kiprə Azərbaycanda hər zaman duyğusal hisslərimiz olub. Rəsmi səviyyədə Azərbaycan beynəlxalq hüquq normlarına müvafiq olaraq Şimali Kipri tanımır. Lakin, tezliklə yunan və türk icmalarının bir dövlət içərisində birləşib həmahəng yaşamasını istəyirik.

2003-cü ilin aprelindən Kipr türklərinin cənuba, Kipr yunanlarının isə şimal tərəfə sərhədi keçmək üçün məhdudiyyətlər yoxdur. Bu gün Kiprin şimalındakı Karpaz ərazisində 300 nəfərlik yunan kəndi var. Şimali Kiprdə maronit ərəblərin, ingilislərin yaşadığı kəndlər mövcuddur. Adada cinayət, oğurluq halları yox dərəcəsindədir. Adanın təbii-coğrafi gözəllikləri, il ərzində günəşli günlərin sayı çox olduğundan bir sıra öılkələrdən, o cümlədən, keçmiş SSRİ-dən  rusiyalılar, ukraynalılar, moldovalılar, beloruslar, türkmənlər, qazaxlar və digərləri Kipri özlərinə vətən kimi seçmək qərarı vermişlər.

Kiprdə təhsil, biznes, səhiyyə və mədəniyyət sahəsində uğurla çalışan və Kiprin inkişafına töhfə verən azsaylı Azərbaycan icması yaşayır.

…..Axşamlar Kiprin incisi sayılan Girne şəhərindəki dənizkənarı Anchor restoranından gələn Azərbaycan musiqisinin səsi bulvarda gəzişən turistləri və girneliləri ayaq saxlayıb dinləməyə sövq edir. İfaçı həmyerlimiz Araz Məmmədovdur….

Memar Ədalət Dadaşovun Kiprin tarixi abidələrinin bərpasında müstəsna xidməti var. Yakın Doğu Universitetinin prorektoru professor Fəxrəddin Məmmədov diasporamızın rəhbəridir. Azərbaycan Pedaqoji Xarici Dİllər İnstitutunda(hazırki Azərbaycan Dillər Universiteti) ingilis dilinin leksikası müəllimim olmuş, indi isə Doğu Akdeniz Universitetində ingilis dilinin tədrisi kafedrasının rəhbəri kimi çalışan Cavanşir Şibliyevin adını isə xüsusi hörmət və sevgi ilə çəkmək istərdim.

Tahir Kərimov

Diplomat, Harvard Universitetinin məzunu,

Mərhum Prezident Heydər Əliyevin tərcüməçisi