İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi texnika itkisinin yekun dəyəri AÇIQLANDI – FOTO

0
418

İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun Ermənistanın məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi texnikasının dəyəri minimum qiymətləndirmə əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, 44 gün davam edən müharibə nəticəsində düşmən 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib.

Xüsusi müdafiə qabiliyyəti üçün mühüm əhəmiyyət kəsb edən radiolokasiya stansiya və vasitələri, xüsusi döyüş qərargahları və silah-sursat anbarları da yox edilməklə Ermənistanın müharibə qabiliyyəti tamamilə məhv olunub.

Sıradan çıxarılan hərbi texnikanın içərisində iqtisadi gücünün, hərbi imkanlarının və beynəlxalq qanunvericiliyin Ermənistanın əldə etməsinə heç bir halda imkan vermədiyi silah kompleksləri mövcuddur. Belə silahlara örnək olaraq, dəyəri yüz milyon dollarla ölçülən S-300 sistemləri, satışı və istifadəsi qadağan olunan ballistik sistemləri, “Elbrus” raket kompleksləri xüsusi qeyd olunmalıdır.

2020-ci il üzrə Ermənistanın hərbi istiqamətdə xərcləri 716 milyon ABŞ dolları kimi təsdiq olunub. Ancaq, Ermənistan cəmi 44 gün ərzində bir il ərzində hərbi istiqamətdə əlavə olunacaq dəyərdən 5,3 dəfə çox hərbi ziyana uğrayıb.

Bu baxımdan, hərbi xərclər üzrə hesablamalar və iqtisadi göstəricilər Ermənistana hazırkı hərbi büdcəsi nəzərə alınaraq hərbi infrastrukturu bərpa etməyə təxminən 38 il vaxt lazım olduğunu göstərir.