İKİNCİ QARABAĞ MÜHARİBƏSİ: YADDAŞIMIZDA, QAZİ KƏNANIN GÖZÜ İLƏ

0
998

Biz heç vaxt müharibə, qan-qada istəməmişik. Xalqımızın düşüncəsində əmin-amanlıq, firavanlıq olub. Buna rəğmən Sovet hökuməti dövründə saxta yolla erməni dövləti yaradılandan saxta qonşularımız yeni-yeni saxtakarlıqlara əl atdılar. Havadarlarının köməyi ilə vətənimizin xeyli ərazilərini, Qarabağı işğal etdilər. Məkrli düşmən yenə rahat durmurdu, yeni ərazilər də ələ keçirmək arzusunda idi.
Xalqımızın bağrında həmişə igid, mərd, cəsur oğullar yetişib, onun ruhunda, canında azadlıq ideyaları, istiqlaliyyət havası olub, özgürlük düşüncəsi ölməyib.
Heç kəsin ağlına gəlməyən, dünyanı bürüyən koronavirus pandemiyası bizdən də yan keçmədi. Xalqımız təmkin və özünə inamla varlığını qoruyub saxlamaqla pandemiya ilə mübarizəsini davam etdirdi. Öz gücünü, qüdrətini toplayıb yağı düşmənin bağrını yardı – İkinci Qarabağ müharibəsi başlandı. Dişinə-dırnağına qədər silahlanan, işğal etdiyi yerlərin hər birini alınmaz qalaya çevirən ermənilər güclü müdafiə sistemi, çoxlu bunkerlər, keçilməz səngərlər, maneələr hazırlamışdılar, xarici ölkələrdən terrorçular gətirmişdilər.
Ordumuzun hücumu əyilən qamətimizi düzəltdi, bizi irəliyə ümidlə baxmağa səslədi, bizə dədə-babalarımızın bir hikmətini xatırlatdı: “Dərdi verən dərmanın da verər”. Bəli, şanlı ordumuzun hücumu dərdimizə dərman, düşmənin məhv edilməsinə fərman oldu. Ali Baş Komandanımızın əmri ilə ordumuz az qala otuz ilə qədər könlümüzdə yurd salıb yara bağlayan Qarabağ dərdimizə dərman oldu. Mənfur düşmənə qarşı hamı səfərbər oldu, vətən övladlarını bir cəbhədə birləşdirdi. Xalqımız bir daha böyüklüyünü, dövlətçilik ənənələrinin əski və qədim olduğunu təsdiqlədi.
Düşmən üzərində qələbə əzmi ilə, qələbə düşüncəsi ilə soydaşlarımız ruhlandılar. Vahimə, qorxu bilmədilər. Biz bunu bir-iki dəfə əyani olaraq müşahidə etdik. Qürurverici bu olaylar bizi məmnun etdi, sevindirdi. Təbii ki, bunu olduğu kimi hər kəsin diqqətinə çatdırmağı özümüzə borc bilirik.
…Bir bibim Bərdədə, o biri Beyləqanda yaşayır. Düşmən ərazilərimizə raket zərbələri endirəndə mən də çox narahatçılıq keçirirdim. Buna görə də bibilərimin ikisinə də xəbər göndərdim:
– Şəhərdə boş evimiz var, bilirəm, kişilər eldən-obadan çıxmayacaqlar, amma qız-gəlin, uşaqlar, siz də gəlin… Bakıda, burda qalın. Əlbəttə, xata sovuşana qədər. Sonra yenə yerinizə, yurdunuza qayıdarsınız.
Maraqlıdır, bibilərimin ikisi də bir-birindən xəbərsiz mənə eyni cavabı verdilər:
– Yox, biz heç bir yerə gedən deyilik. Ölsək də öz evimizdə öləcəyik. Biz mənfur ermənilərdən qorxmuruq.
Buna oxşar bir olay da maraqlıdır. Nəzifə bibim deyir ki, müharibənin şiddətli günləri idi. Kənanın əmisi oğlanları da döyüşdə idilər. Biz, yəni qız-gəlinlər evdə ağlaşırdıq. Birdən oğlum içəri girdi. Dedi:
– Siz niyə ağlayırsınız? Oğul hansı gün üçündür? Analar oğulları niyə, nə üçün doğublar? Vətəni qorumaq üçün, vətən yolunda canından keçmək üçün. Mən bir də sizin ağladığınızı görməyim.
Onun bu sözlərindən sonra toxtaqlıq tapdıq, ürəkləndik. Bir də ki, qorxu, vahimə yox oldu.
Cəmi qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsində müzəffər ordumuz tarix yazdı, xalqımızın nəyə qadir olduğunu dünyaya da göstərdi. Bu müharibədə igid oğullarımız, cəsur əsgər və zabitlərimiz böyük şücaətlər göstərdilər. Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalanlar da, qazi olanlar da, bu qəhrəmanlığı görən şahidlər də oldu. Yağı düşmənin başına xalqımızın dəmir yumruğu endi.
İkinci Qarabağ müharibəsində ordumuzdakı nizam-intizam zabit-əsgər münasibətlərinin səmimiliyi qələbəmizi təmin etdi. Yeri gələndə zabit və əsgərlər son tikələrini, loxmalarını da aralarında bərabər böldülər. Əsgərlər yeri gələndə xəmir yoğurub çörək, lavaş da bişirdilər. Döyüşlərdə zabitlər həmişə öndə getdilər… Bərabər yatıb bərabər durdular… Əsgər və zabit arasında fərq qoyulmadı, hamı irəliyə – qələbəyə can atırdı. İşğal olunan torpaqlar azad olunmalıdır – hamının diləyi, arzusu bu idi. Buna da nail olundu. Düşmən müzəffər ordumuzun qabağında duruş gətirə bilmədi. Düşmənin əsgər və zabitləri qorxu və vahimədən silahların, hərbi texnikanı atıb qaçmağa başladı. Düşmənin çox sayda hərbi texnikası hərbi qənimət kimi ələ keçirildi. İndi bu hərbi texnika Bakıda “Zəfər” muzeyində nümayiş etdirilir. Orada düşmən əsgərlərinin çoxsaylı dəbilqələri də var.
Əsgər və zabitlərimiz qeyri-adi qəhrəmanlıqları ilə dastan yazdılar. Musiqimizin və mədəniyyətimizin mərkəzlərindən olan Şuşamız əlbəyaxa döyüşlə alındı. Şəhərə bir mərmi də atılmadı. Bu alınmaz qala şəhərin fəthi şanlı ordumuzun şöhrətini bir daha hər yana yaydı, qələbə sədası ürəyimizi işıqlandırdı, qəlbimizi ümidlə doldurdu. Şuşa dedik, yadımıza Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə I vitse-prezident Mehriban xanım Əliyevanın Şuşa məscidinə təşrif buyurmaları düşdü. Mehriban xanımın Qurani-Kərimi kəlağayının üstünə qoyması bizi çox duyğulandırdı. Çünki kələğayı Azərbaycan qadınının, qız-gəlinin abır-həya, nəciblik, zəriflik timsalı sayılan baş örtüyüdür.
Arada bir düşməndən azad olunan kəndləri, qəsəbələri, rayonları, yaşayış məntəqələrini izlədikcə kövrəlir, qanımız qaralırdı. Adam özünə düşünür ki, yəni bu otuz ilə yaxın bir vaxtda bu füsunkar yerlərdə heç bir yenilik olmayıb?! Burada yenə dədə-babalarımızın bir hikmətini xatırlamalı oluruq: “Bayquş xarabalığı sevər”. Elə düşmən də harada olsa ora xarabalığa çevrilir, onun abadlıqla işi yoxdu.
…İnfrastruktur yenilənir, yollar çəkilir, ərazilər minalardan təmizlənir, sərhəd zastavalarının binaları tikilib istifadəyə verilir. Gözəl Qarabağımız yenə də öz gözəl təbiəti, havası, suyu ilə cəlbedicidir. Quruculuq və abadlıq işləri yenə bu ərazini gözəllik məskəninə çevirmişdir.
Bu günlər Qarabağımızda “Xarıbülbül” musiqi festivalının keçirilməsinə hazırlıq işləri gedir. Müharibədən, qışdan çıxmış bir ərazidə tez bir zamanda qurulan dekorasiyalar, hazırlıqlar heyrətamizdir, adamın köksünü qabardır, sevincdən adamın gözlərini yaşardır. Biz bu günümüzü Kənan kimi qazilərimizə, neçə-neçə şəhidlərimizə borcluyuq. Xalqımızın həmişə igid, cəsur oğulları çox olub, olacaq da. Bu festival bir də ona görə əlamətdardır ki, Respublikamızın Prezidenti İlham Əliyevin dediyi kimi, “Xarıbülbül” musiqi festivalı Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr olunub”.
Bəli, bu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin parlaq siyasətinin nəticəsidir. Yəni ordumuz qələbə çaldı, xalqımız da bu gözəl və yaddaqalan anları yaşayır, Qarabağdakı quruculuq işləri ilə qürurlanır. Bəli, İkinci Qarabağ müharibəsində mənfur düşmənimiz məğlub oldu, neçə-neçə kəndlərimiz, şəhərlərimiz, rayonlarımız, yaşayış məntəqələrimiz işğaldan azad oldu. Buna görə igid oğullarımıza – şəhidlərimizə, qazilərimizə borcluyuq. Düşünürük ki, biz İkinci Qarabağ müharibəsinin qazilərindən biri haqqında ətraflı söz açaq. Zənn edirik ki, bu qırx dörd gün davam edən döyüş meydanlarında rəşadət göstərən igidlərimiz çoxdu. Biz onlardan biri – Kənan barəsində söhbətimizi davam etdirməyi məqbul sayırıq. Fikirləşirik ki, hər bir qəhrəman əsgər, zabit haqqında belə yazıların yazılması gənclərimizin vətən, yurd sevgisini, hərbi vətənpərvərliyini əks etdirən belə qeydlər gələcək nəsil üçün əsl örnək olacaqdır.
Kənan Faiq oğlu Mehdixanlı 1994-cü il aprelin 26-da Beyləqan rayonunun İmamverdilər kəndində dünyaya göz açıb. İmamverdilər kəndindəki Aydın Quliyev (şəhiddir) adına orta məktəbi bitirib. Ailənin böyük oğludur. İkinci Qarabağ müharibəsinin qazisidir. Müharibənin gedişində yaralansa da sağalan kimi döyüş meydanına – əsgər yoldaşlarının yanına qayıdıb. Odun-alovun içindən keçən bu igid əsgərin çəkilən videolarda sakit, bir az da utancaq baxışlı, nəzakət, abır-həya sahibi olduğu da aydın görünür. Onun döyüşçü yoldaşları danışıb valideynlərinə, yaxınlarına salam göndərsələr də o susub, özü barədə də danışmır. Yəqin düşünür ki, əsgərin borcu vətəni qorumaq, lazım gələndə onun uğrunda şəhid olmaqdır. Biz düşüncələrimizi dəqiqləşdirmək üçün Kənan bəyin öz dilindən onun döyüş yolunu yazıya aldıq. Onu olduğu kimi təqdim edirik.
“Mən İkinci Qarabağ müharibəsi başlayandan ordu sıralarındaydım. Düşmən bizimlə üz-üzə gələndə vahimə və qorxu içində qaçır, qarşımızda dayana bilmirdi. Bu hadisə çox qürurverici idi. Biz hər bir kənd, rayon alındıqca sevinirdik, kədərli anlarımız da olurdu. Bu da əsgər yoldaşlarımızın yaralanması, şəhid olması ilə bağlı idi. Amma yenə ruhdan düşmürdük, çünki biz qələbəyə köklənmişdik, qələbə çalmaq əzmi ilə vuruşurduq. Heç birimizdə ruh düşkünlüyü yoxdu, yeri gələndə zarafat da edir, çətin anlarda ruhdan düşmür, bir-birimizi ürəkləndirir, qürurlandırırdıq.
…Döyüşlərdən ən çox yaddaqalanı Füzulinin kənd Horadiz deyilən ərazisi uğrundan gedən vuruşma olub. Çünki burada düşmənin çoxlu canlı qüvvəsi, texnikası vardı. Biz kəşfiyyat qrupu kimi düşmənin arxasına keçdik. Düşmənin kordinatlarını dəqiqləşdirən kimi topçularımız bütün hədəfləri məhv etdilər. Biz kənd Horadizi düşməndən azad etdik.
Yadımdadır, sentyabrın 27-də səhər saat 6.00-da Füzulinin Nərgiztəpə istiqamətində (bu ərazi Lələtəpənin sağ tərəfindədir) döyüş başlandı. Bu, şidətli və ağır döyüşlərdəndi. Oktyabrın 2-də neçə-neçə əsgər yoldaşlarımız şəhidlik zirvəsinə ucaldılar. Mən də yaralandım. Top mərmisi mənim lap yaxınlığıma, yəni on-on beş metr uzaqlığa düşdü. Məni huşsuz vəziyyətdə dərhal Füzuliyə apardılar, Əhmədbəylidə müalicə olundum. Oktyabrın 10-da geri – əsgər yoldaşlarımın yanına qayıtdım. Onların əksəriyyətini salamat görüb çox sevindim, sanki mənə dünyanı bağışladılar. Həm də qoşunlarımız xeyli irəliləmişdi, Cəbrayılda idik. Mənim də tərkibində olduğum kəşfiyyatçılar dəstəsi xüsusi təyinatlıların hissəsi kimi hərəkət edirdi. Yəni biz kəşfiyyat işlərini yerinə yetirirdik. Tapşırığımız Qafan-Gorus sərhədinə qədər ərazilərdə kəşfiyyat işlərini aparmaqdı.
Gəlib Qubadlıya çatdıq. Burada mühüm bir yüksəklik vardı. Düşmən nə qədər çalışsa da onu düşmənə vermədik.
8 noyabrda Şüşanın alınması bizi də çox sevindirdi. Şanlı ordumuzun mənfur düşmən üzərində qələbəsi dünyada əks-səda verdi.
Biz noyabrın 15-də Hadruta qayıtdıq. Burada yanvarın 3-nə qədər qalmalı olduq. Burda erməni təxribatçıları vardı. Evlərdə gizlənib qalan silahlı ermənilər vardı. Onlarla toqquşmalarda bir neçə nəfər şəhid oldu, təxribatçıları zərərsizləşdirdik.
Yanvarın 3-də məni ordudan tərxis etdilər.
Mən İkinci Qarabağ müharibəsinin əvvəlindən sonuna qədər iştirak etdim. Füzulinin, Cəbrayılın, Qubadlının azad edilməsi ilə bağlı üç medalla təltif olundum. İşğal olunan ərazilərimiz azad oldu. Mənfur düşmən müzəffər ordumuz qarşısında diz çökdü. Xalqımız milli birlik və həmrəylik gücünü bütün dünyaya göstərdi. Azərbaycan ordusu adını tarixə qızıl hərflərlə həkk etdi”.
Kənanın söhbəti bizi duyğulandırdı. Odur ki, bu yazını aşağıdakı şeirlə bitirmək istəyirik:
Müzəffər ölkənin məğrur qızıyam,
Səninlə fəxr edir, çox qürurluyam.
Ürəyim doludur, min arzuluyam,
Günəş tək parlayan Azərbaycanım!
Dastanlar yazdılar aslan ərlərin,
Silinməz izidir bütün qəlblərin.
Bir oldu sözü cəmi dillərin,
“Vətən sağ olsun, Azərbaycanım!”

Min şükür Rəbbimə, şükür Xudaya,
Biganə qalmadı olan duaya.
Analar əl açıb uca səmaya,
Tək zəfər dilədi, Azərbaycanım!

Bu gün qaliblərin qalibisən sən!
Fateh sərkərdəli nümunəsən sən!
Dəmir bir yumruğun İlhamısan sən!
Yaşa, ey qüdrətli Azərbaycanım!

Afaq MUSTAFAYEVA
AMEA Folklor İnstitutunun əməkdaşı