Birinci mərhələ başa çatdıqdan sonra növbəti əsas mərhələyə – “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarını birləşdirəcək yeni tunelin tikintisinə start veriləcək. 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modifikasiya olunacaq, əlavə 200 metrlik yeni tunel tikilərək “Nizami” stansiyasını birbaşa “Cəfər Cabbarlı” stansiyası ilə birləşdirəcək. Bununla da yaşıl xətt müstəqil şəkildə işləməyə başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Bakı metropolitenində xətlərin ayrılması istiqamətində başlanılan kompleks tədbirlərlə bağlı yaydığı məlumatda bildirilib.
Bildirilib ki, birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır. İşlərin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılması üçün bütün texniki resurslar səfərbər ediləcək.