İki gün əvvəl 6 qəpiyə satılırdı, indi tapılmır – Yumurta qıtlığının səbəbi açıqlandı

0
10

Artıq iki gündür ki, Bakıdakı supermarketlərdə yumurta qıtlığı yaşanır. Bir neçə gün əvvəl yumurta 7-8, bəzi marketlərdə isə hətta 6 qəpiyə satılırdı, indi isə tapılmır. Bu vəziyyət əhali arasında bəzi şayiələri artırır. İddialara görə, anbarlarda saxlama müddətinin bitməsinə az qalmış xeyli yumurta qaldığı üçün onu ucuz qiymətə satıblar. Süni yaradılan böhranın məqsədi isə önümüzdəki günlərdə qiyməti qaldırmaqdır. Ehtimal olunur ki, yumurta 20 qəpiyə qədər bahalaşacaq.

Məsələ ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları İctimai Birliyinin (APEPEA) sədri Mürvət Həsənli müsahibə verib.

Müsahibəni təqdim edirik:

– İki gün əvvəl mağazalarda yumurtanın qiyməti 9-10 qəpikdən 6-7 qəpiyə endirildi. Anbarlarda xeyli yumurta yığılıb qaldığı və artıq vaxtı keçmək üzrə olduğu üçün bu addımın atıldığı iddia olunur. Qiymətlərin enməsinin əsl səbəbi nədir?

– Azərbaycanda yumurtanın alışı bir az zəiflədiyinə görə qiymətlər endirilib. Yəni təklif tələbi üstələyib. Bu günlərdə qiymətlərin 6-7 qəpiyə düşməsinin səbəbi bazarda yumurtanın çoxluğudur. Digər iddialar isə həqiqəti əks etdirmir. Vaxtı keçmiş məhsulların satılmasından söhbət belə gedə bilməz.

– Ucuz yumurta satılıb qurtarandan sonra iki günə yaxındır ki, mağazalarda yumurta tapılmır. İddialara görə, bu, yeni gətiriləcək yumurtanın qiymətinin qaldırılması üçün qəsdən edilib. Qıtlığın səbəbi nədir?

– Bu halın baş verməsi mümkün deyil. Hazırda anbarlarda 50 milyondan çox yumurta yığılıb qalıb. Qıtlıq halı olsaydı, qiymətlər də endirilməzdi. Önümüzdəki günlərdə də yumurtanın qıtlığı gözlənilmir. Anbarlarda kifayət qədər yumurta mövcuddur.

– Azərbaycanda yumurta istehsalı hansı səviyyədədir, daxili tələbat ödənilirmi?

– Ölkə əhalisinin süfrə yumurtasına gündəlik tələbatı 4 milyon ədəd civarındadır. İstehsalımız da gündəlik 5 milyon 500 min, 6 milyon olur. Yəni gündəlik tələbat yetərincə ödənilir. Yerdə qalan artıq yumurtalarımız isə xaricə ixrac olunur. İxraca da dekabr ayının əvvəllərindən başlanılıb. Demək olar ki, hərəsində 350-400 min ədəd olmaqla, gündə 1-2 maşın yumurta ixracımız olur.

– Bəs iki gün əvvəl 6-7 qəpiyə olan yumurta indi bahalaşa bilərmi? Qiymətlər təxminən hansı civarda olacaq?

– Yumurta istehsalçıları bu günlərdə zərərə işlədikləri üçün gələcəkdə qiymətləri 15-16 qəpiyə qədər artırma ehtimalları var. Bu da ötən illərdəki qiymətlərə uyğundur. Ümumiyyətlə bir yumurtanın maya dəyəri 12-14 qəpik təşkil edir. Fərqli fabriklərdə də qiymət bu civardadır. Yumurtanın qiymətinin 20 qəpiyə qalxma ehtimalı isə ümumiyyətlə yoxdur.