İdman tərzində yeni məktəbli formaları tikiləcək

0
295

Azərbaycanda idman tərzində yeni məktəbli formaları istifadəyə verilə bilər.

Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva Trend-ə açıqlamasında yeni məktəbli geyimləri barədə təkliflər irəli sürdüklərini bildirib.

O qeyd edib ki, təkliflər artıq Nazirlər Kabinetinə göndərilib:

“Nazirlər Kabinetinə məktəbli formalarının necə olması ilə bağlı təkliflər göndərmişik. Uzun illərdir ki, orta məktəblərdə klassik formada geyimlərdən istifadə edilir. Lakin bir sıra ölkələrdə məktəblərdə idman tərzində geyim formalarına üstünlük verilir. Klassik geyimlər uşaqların istər-istəməz sıxılmasına səbəb olur. Biz istərdik ki, bu məsələ həllini tapsın. İdman üslubunda geyimlərin qiyməti də ailələr üçün münasib ola bilər, eyni zamanda uşaqların daha sərbəst hərəkət etməsinə imkan verər”.

Səkinə Babayeva məktəbli geyim formalarında Azərbaycan bayrağının rənglərindən istifadə edilməsini məqsədəuyğun hesab edir:

“Bayrağımızın rənglərindən olan mavi, qırmızı, yaşıl rənglərdən məktəbli formalarında istifadə edilməsi sevindirici hal olardı. Məsələn, qızlar üçün geyimlərdə qırmızı rəngdən istifadə oluna bilər. Eyni zamanda 44 günlük Vətən müharibəsində tarixi zəfərimizi tərənnüm edən çalarlar olsun. Düşünürəm ki, məktəbli geyimlərinə sadəcə bir uniforma kimi baxmamalıyıq. Biz Azərbaycanda 1,7 milyona qədər şagirdin böyüməsini, təlim-tərbiyəsini nəzərə alaraq məktəbli geyimlərinin mənəvi çalarlarla dizayn edilməsi istiqamətində töhfə verməyə hazırıq”