İctimai Nəzarət Təşkilatı 9 ildir xalqın xidmətindədir

0
163

1 oktyabr 2015-ci ildə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzinin təşəbbüsü ilə ölkə prezidenti cənab İlham Əliyevin “sağım da aldadır, solum da aldadır, mən fərman və sərəncam verirəm, vəzifəyə təyin edirəm, ancaq mənim fiziki imkanım olmur ki, onların hər birinə nəzarət edəm. Bunun üçün əhalinin ictimai nəzarəti mütləq vacibdir” fikirlərindən sonra təsis etdiyimiz təşkilat böyük riskə imza atıb, ölkə prezidentinin hər çağırışını əldə rəhbər tutdu.


Ulu Öndər Heydər Əliyevin tərəfdaşları və silahdaşları ilə tanınmış ictimai-siyasi xadim Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilmə komissiyasının sədri Həmid Cəfərovun və həmin komissiyanın üzvü Telman Əliyevin, digər üçüncü, dördüncü şəxslərin iştirakı ilə o cümlədən Ulu Öndər Heydər Əliyevdən sonra Naxçıvan Ali Məclisinin sədri işləmiş böyük tarixi şəxsiyyət Namiq Həsənovun, bir çox tanınmış şəxslərin, elm-mədəniyyət xadimlərinin, xalq şairi Vahid Əzizin, Millət vəkili Aqil Abbasın iştirakı ilə Bakı Beynəlxalq Mətbuat Mərkəzində geniş bir toplantı keçirildi.
Həmin ərəfədə biz bilirdik ki, çox böyük, çox şərəfli, çox ləyaqətli bir işin öhdəsindən gəlməliyik. Bu ölkə başçısı Ali Baş Komandanın çağırışı idi. Ancaq onu da bilirdik ki, bu təşkilatın yaranmasında xalqı bezdirən, əzən bəzi məmurlar tərəfindən böyük təhdidlərə, şər-böhtanlara məruz qala bilərik. Bizi ləkələyə, əzə, şərləyə bilərlər. Ancaq buna baxmayaraq biz nə ailəmizi, nə ətrafımızı, nə də özümüzü fikirləşmədən bu ağır yükün altına girdik. İlk olaraq bu təşkilatın yaranmasında bütün vətənpərvər insanlar, hətta vətənini, dövlətini sevən məmurlar bizə dəstək verdi. Buna baxmayaraq, aylar keçdikcə bizə olan mənfi baxışların formalaşmasında, insanlar arasında bizi gözdən salmaq üçün bəzi troll şəbəkələrdən istifadə olunmasını gördük. Bunların qarşısını almaq üçün biz doğru-dürüst addımlar ataraq, hər dəfə ölkə prezidentinin çıxışlarında ictimai nəzarətin vacibliyini vurğuladıqca bizim nüfuzumuzun artdığını, sıralarımız genişləndiyini gördük.
Hər il 1 oktyabrda İctimai Nəzarət Təşkilatı Koalisiyası olaraq Şəhidlər Xiyabanını böyük izdihamla ziyarətimiz gerçəkləşdi.

2015-ci ildə İctimai Nəzarət Koalisiyası, Vətəndaş Cəmiyyəti Platforması kimi ölkə başçısının konsepsiyasına uyğun olaraq yaradılandan sonra 2016-cı ildə Milli Məclisdə ictimai nəzarət qanunlarının fəaliyyət istiqaməti ilə bağlı qanun layihəsinin müzakirələrində iştirak etmişəm.
İlk parlamentdə 2016-cı ildə iştirakımızdan sonra Rusiyanın paytaxtı Moskva şəhərində Dünya Azərbaycanlıları intellektuallarının forumu keçirildi. Forumda Xalq yazıçısı Yazıçılar İttifaqının Birinci katibi Çingiz Abdullayevin iştirakı, Başqırdıstan Universditetinin professoru Valeh Abbasovun və Azərbaycanda tanınmış digər simaların və eyni zamanda Rusiyanın diplomatik korpusunun nümayəndələrinin və Rusiyada yaşayan azərbaycanlıların da iştirakını qeyd etməliyik.
2017-ci ildə Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımına həsr olunmuş abidənin və parkın açılışında da İNK-nın dəstəyi danılmazdır.
Eyni zamanda Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi ilə birlikdə Kahraman Maraş şəhərində “Xocalı” və “Ana fəryadı” abidələrinin açılmasında da xüsusi xidmətlərimiz olmuşdur.
Düzdür, bütün bu 7 il ərzində – 2015-ci ildən 2022-ci ilin fevral ayının 3-nə kimi bizim sıralarımızda əqidəsiz, öz maddi mənfəətini güdən təsadüfi insanlar da oldu. Biz bu insanların kimliyini bilirdik, ancaq onları incik salmamaq üçün sıralarımıza qəbul edir, onları gələcəkdə yararlı vətəndaşa çevirmək üçün, axmaq düşüncələrindən çəkindirmək üçün onları özümüzdən kənarlaşdırmırdıq. O insanlar bizim tədbirlərdə iştirak edir, nüfuzlu şəxsiyyətlərlə görüşüb, bir anlığa özlərini unudurdular. Özlərinin onlar kimi olduğunu düşünürdülər. Ancaq onlar anlamırdılar ki, ictimai nəzarəti edən hər bir insan ilk növbədə özündən başlamalıdır. İctimai nəzarətçi həm savadlı, həm hazırcavab, həm dünyagörüşlü, həm operativ, həm insanlara düzgün yanaşan, haqqı, ədaləti deyən olmalıdır. Və onların ətrafında da o cür insanlar toplumu mütləq olmalıdır. 7 il şərəfli və ləyaqətli yol keçdik. Təşkilatımıza Dünya Kosmik Tədqiqatlar Akademiyasının Akademiki Ronald Sadquyevin, Türkiyənin Azərbaycanda olan keçmiş səfiri Erkan Özaralın, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın gəlişi, liderlərin qızıl döş nişanı ilə təltif olunması, təşkilatımıza digər ölkələrin səfirlərinin gəlişi, təşkilatımız haqqında Azərbaycanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin, şöhrət, şərəf, istiqlal ordenli insanların dediyi yüksək fikirlər, millət vəkillərinin haqqımızda etdiyi çıxışlar bizləri ruhlandırırdı. Bütün bu fikirlərin hər biri təşkilatımız haqqında deyildikcə təşkilatımıza qarşı olan qüvvələrin düşmənə çevrilməsini hiss edirdik. Hiss edirdik ki, bizə qarşı böyük təxribatlar olacaq. Bizi ləkələyəcək, daş atacaqlar, hətta bizi həbsə atacaqlar. Bunları gözümüzün önünə alaraq təşkilatımızı qoruyub saxladıq. Və hər yerdə sadə insanların arxasında dayanaraq təşkilatımıza gələn hər bir insanın problemini öz problemimiz kimi görüb aidiyyəti qurumlarla əlaqə saxladıq. Bəli, bütün qurumlardan verilən müsbət cavablar bizi bir daha ruhlandırırdı. Hər bir işə düzgün yanaşarsan düzələr, düzgün yanaşmarsan düzəlməz.
Bizim təşkilatın 2020-ci ildə ilk olaraq Azərbaycan xalqı üçün hədiyyəmiz “İlham Əliyev siyasətində ictimai nəzarət fəlsəfəsi” kitabını təqdim etməyimiz oldu. Biz həmin kitabda təşkilatın 5 illik fəaliyyətini qısaca olaraq işıqlandırdıq. Keçirdiyimiz tədbirlər barədə məlumat verərək göstərdik ki, ictimai nəzarət, ictimai nəzarət fəlsəfəsi nədir. Ulu Öndər Heydər Əliyev, İlham Əliyev siyasətində ictimai nəzarət fəlsəfəsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ictimai nəzarətə baxışı barədə qısa məlumatlar verməklə ictimaiyyəti məlumatlandırdıq. Pandemiyanın ağır günlərində Xalq yazıçısı, Şöhrət ordenli professor Azərbaycan Yazıçılar İttifaqının 1-ci katibi Çingiz Abdullayevin, prezident təqaüdçüsü, əməkdar jurnalist, şöhrət, şərəf ordenli Flora Xəlilzadənin baş katib kimi iştirakı, Yazıçılar İttifaqının üzvü, “Qobustan” qəzetinin baş redaktoru Vaqif Əlixanlının, xalq artisti Eldost Bayramın, millət vəkili, hüquq elmləri doktoru Tahir Kərimlinin iştirakı ilə, Azərbaycan Dövlət televiziyalarının işıqlandırılması ilə bu kitabı xalqa təqdim etdik. Ölkə prezidentinə hədiyyə etdik.


2021-ci ildə artıq bizim ikinci uğurumuz Ali Baş Komandanın Dəmir yumruğu ilə yenilməz ordumuzun cəsarəti, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, igid əsgərlərimizin şücaəti hesabına qazandığımız qələbəmizi əks etdirən “Dəmir yumruq” xalçasını həmin müharibə ərəfəsində toxutduraraq, 2021-ci ilin 24 dekabrında Prezident Adminstrasiyasına təqdim edib vətəndaşlıq missiyamızı yerinə yetirdik. Beləliklə, çap etdirdiyimiz “İlham Əliyev siyasətində ictimai nəzarət fəlsəfəsi” kitabında Azərbaycan parlamentinin Vitse spikeri Fəzail İbrahimli, Milli Məclisin deputatı Elman Nəsirovun, Kəmaləddin Qafarovun, Çingiz Abdullayevin, xalq artisti professor Ramiz Quliyevin, Xalq artisti professor, şöhrət, şərəh ordenli Mənsum İbrahimovun, Xalq artisti Eldost Bayramın,Tahir Kərimlinin, Fəzail İbrahimlinin bizim təşkilatın fəaliyyəti haqqında dediyi fikirlər bizə qürur verdi.


Biz də fəaliyyətimizi genişləndirmək üçün Azərbaycan dövlətçiliyinə xidmət yolunda iri addımlarla irəliləyirdik. Məlum səbəblərdən 2022-ci ilin fevral ayının 3-də iş adamının mənə qarşı iddia edərək onun başına telefondan silah kimi istifadə edərək, guya zərbə endirməyimlə bağlı həyatımda 180 dərəcə dönüş yarandı. Və 2022-ci ildən 2024-cü ilə kimi təşkilatımızın fəaliyyəti zəifləyərək Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi kimi fəaliyyət göstərdi. Təşkilatımız qorundu, saxlanıldı. Bu gün isə artıq 1 oktyabrdır – bizim təşkilatın 9 illik yubileyidir. 2025-ci ildə yəqin ki, 10 illik yubileylə bağlı geniş və silsilə tədbirlərimiz olacaq. Və mən əmin edirəm ki, bütün dünyanın sivil və inkişaf etmiş ölkələrində dövlətin, xalqın mənafeyini ictimai qınaqlar, ictimai nəzarət qoruyur.


Ölkə başçısı hər dəfə fikirlərində vurğulayır ki, ictimai qınaq, ictimai nəzarət olarsa bəzi məmurlar öz cinayətkar əməllərindən çəkinərlər. Mən fikirlərimi söyləyərək İctimai Nəzarət Koalisiyasının sədaqətli, vəfalı və dürüst üzvlərinə demək istəyirəm: ildırım buludun, tufan dənizin, cəsarət kişinin istedadıdır. Cəsarətli olmaq da hər kişiyə məxsus deyil. Ona görə mən bütün kollektivimizə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Özündən və ailəsindən başlayan əsl ictimai nəzarətçilərə öz minnətdarlığımı bildirir və bir daha Azərbaycan ətrafında baş verən bu xoşagəlməz bir çox dünya ölkələrinin qərəzli münasibətlərinin qarşısını almaq naminə, xalqımız və gələcək övladlarımız naminə hər bir yerdə ictimai nəzarəti həyata keçirməyimizi, qüsur və nöqsanlarımızı deməyimizi, səhv yolda olan insanları düz yola çəkməyimizi arzu edirəm. Haqqı və ədaləti deməkdən qorxmayaq. Bu fikirlə sözlərimi yekunlaşdırmaq istəyirəm ki, əgər bir insan haqqı, ədaləti deyirsə, onun Allahdan başqa heç kəsin köməyinə ehtiyacı yoxdur.
Cənab Prezidentin son çıxışlarını heç kəs unutmamalıdır: “Mən bəzən elə bilirdim ki, ədalət yoxdur, bir Prezident kimi mən bu fikirə düşürdüm, ancaq sonradan baxdım ki, sən ədaləti qazanmalısan, biz o ədaləti Qarabağ uğrunda haqlı savaşımızda qazandıq”. İnsan haqlıdırsa, Allah ona o ədaləti qazandıracaq. Gəlin mübariz olaq, bir olaq, həmrəy olaq!

Rasim Məmmədov

İctimai Nəzarət Koalisiyası İdarə Heyətinin sədri, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin I vitse-prezidenti