İctimai Nəzarət Koalisiyası Mərkəzi Qərargahında Tovuz və yürüş hadisələri ilə bağlı toplantı keçirilib – VİDEO

0
959

İctimai Nəzarət Koalisiyası Mərkəzi Qərargahında Tovuz hadisələri ilə bağlı keçirilən bu toplantıda respublikada baş verən izdihamlara ictimaiyyət nümayəndələrinin münasibəti də önəmli yer almışdır.
Karantin qaydalarına ciddi riayət olunan toplantıda İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycalıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədovun cəbhədə, paytaxtda və bölgələrdəki mövcud durumla bağlı geniş məzmunlu, qəlbləri riqqətə gətirən emosional nitqi ilə yanaşı, ictimai nəzarətçilərin bir sıra rəhbər nümayəndələrinin də çıxışı dinlənilmişdir.
Toplantının videoyazısını və İctimai Nəzarət Koalisiyasının Dəstək Bəyanatını oxucuların nəzərinə çatdırırıq:İctimai Nəzarət Koalisiyasının Dəstək Bəyanatı

12 iyul 2020-ci il tarixində işğalçı Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq təcavüzkar respublikanın Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində hücuma keçərək mövqelərimizi ələ keçirtməyə, ardıcıl iriçaplı artilleriya atəşindən istifadə edərək hücum etməyə can atıblar. BMT baş katibinin planetar masştablı münaqişə zonalarında atəşgaha çağırışlarını qulaq ardına vuran, koronavirus pandemiyası təhlükəsini saymayaraq edilən bu xain cəhd zamanı Azərbaycanın milli ordu birləşmələri, qəhrəman zabit və əsgərlərimiz, peşəkar hərbçilərimiz düşmənə layiqli cavab veriblər. Buna baxmayaraq, düşmənin qəfil hücumu zamanı üç əsgər və bir zabitimiz qəhrəmancasına şəhid olub. İstənilən hadisələrə hər zaman hazır olan Azərbaycan ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri qovulub. Bu gün yayılan videogörüntülərdən də məlum olduğu kimi, düşmənin bir çox hərbi texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. İgid hərbçilərimiz, ölməzliyə və əbədiyyətə qovuşan qəhrəman şəhidlərimizin qisasını yağı düşməndən artıqlaması ilə alıblar.
İşğalçı Ermənistan hərbi qruplarının bu xain hücum cəhdi və silahlı təxribatı həm Azərbaycan ictimaiyyəti tərəfindən, həm dünyada yaşayan 55 milyonluq soydaşlarımız və eləcə də Türk və İslam Dünyası tərəfindən böyük hiddətlə qarşılanıb.
Yeri gəlmişkən, İnternet resurslarında, yeni mediada, müxtəlif sosial şəbəkələrdə döyüş əməliyyatlarına başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənir. Belə çağırışlar çağdaş Azərbaycan cəmiyyətində hərbi-vətənpərvərlik hisslərinin yüksək səviyyədə olduğunu göstərir. Ancaq unutmaq olmaz ki, bu gün Azərbaycan Respublikasının dünya hərb reytinqlərinə düşən güclü ordusu, savadlı zabit heyəti, peşəkar hərbçiləri, fədakar əsgərləri hər zaman düşmənin istənilən təxribatına qətiyyətlə cavab verməyə qadirdir. Azərbaycanın güclü ordusu Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır. Mlli Ordumuz istənilən vaxt əməliyyatlar aparıb erməni tapdağı altında olan torpaqlarımzı geri qaytarmaq imkanlarını 2016-ci ildə Dağlıq Qarabağ ətrafı döyüşlərdə və 2018-ci ildə Naxçıvan-Ermənistan sərhədlərində gedən savaşlarda sübut edə bilib.
Son günlərin ciddi narahatedici məsələrindən biri də Ermənistanın bu günümüzün qlobal informasiya məkanında apardığı təxribatlarla bağlıdır. Ermənilər tərəfindən azərbaycanlı adı və soyadları ilə yaradılmış yüzlərlə sosial şəbəkə hesabından ölkəmizə qarşı informasiya savaşı aparan, cəmiyyətimizi xaosa sürükləməyə, xalqımızın və ordumuzun döyüşkən ruhunu sarsıtmağa istiqamətlənmiş saxta çağırışlar çoxalmaqdadır. Düşmənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya hücumlarına qarşı hamımız daim sayıq olmalıyıq.
İNK Ailəsi fəal vətəndaşları, ictimai aktivistləri, cəmiyyətimizi, xüsusilə, mətbuat və elektron KİV əməkdaşlarını, vətəndaş cəmiyyəti liderlərini, sosial şəbəkə iştirakçılarını, bloqqerləri, xaricdə yaşayan diaspor nümayəndələrini, xüsusən gəncləri bu cür təxribatların qarşısını almağa və onları anındaca ifşa etməyə çağırır.
Sıralarında 114 QHT, KİV, İnternet portal və saytı birləşdirən, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən Vətəndaş Cəmiyyəti Platforması kimi formalaşdırılan İctimai Nəzarət Koalisiyası Ailəsi də bu haqq işdə dövlətimizin mövqeyini, Ali Baş komandanın iradəli rəhbərliyini və Milli Ordumuzun mürəkkəb hərbi fəaliyyətini – döyüş əməliyyatlarını tam dəstəklədiyini bəyan edir!
İNK Ailəsi düşmənlə müharibə şəraitində olan müdrik xalqımızı, fədakar vətəndaşlarımızı təmkinli, səbrli olmağa, təxribatlara uymamağa, belə həssas və mürəkkəb zamanda hər kəsi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşməyə, Milli Ordumuza güclü dəstək olmağa çağırır. Tam əminik ki, yaxın vaxtlarda Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız xalqımızın dəstəyi və qəhrəman Milli Ordumuzun zəfər yürüşləri ilə erməni işğalçılarından azad olunacaq!
İNK Ailəsi olaraq indiyə qədər Vətən uğrunda canlarını fəda edən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik! Allah Azərbaycanımızı, xalqımızı, dövlət müstəqilliyimizi və Milli Ordumuzu qorusun!

İctimai Nəzarət Koalisiyası, İNK Qarabağ Şurası