İctimai nəqliyyatda koronavirus təhlükəsi – Hərəkətə keçildi

0
592

Avtobusların salonunda, xüsusilə beynəlxalq daşımalarda iştirak edən avtobuslarda dezinfeksiya işlərinin gündəlik aparılmasına dair tapşırıq daşıyıcı şirkət rəhbərlərinə verilib və prosesin icrası qurum tərəfindən tam nəzarətə götürülüb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yeni koronavirusun yayılmasını beynəlxalq səviyyədə fövqəladə vəziyyət kimi tanıyıb. Koronavirusun yayılma arealının genişlənməsi Azərbaycan üçün də təhdid yaradır. Bu virusun yayılması ilə bağlı ən böyük təhlükə isə ictimai nəqliyyatdır.

Azərbaycanda ictimai nəqliyyatda koronovirusun yayılmasının qarşısını almaq üçün hansı işlərin aparıldığını araşdırıb.

Tibbi işçilər koronavirusla bağlı yeni vaksini yoxlayırlar

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı metropoliteni şəhərdaxili ictimai sərnişindaşıma nəqliyyatıdır və beynəlxalq daşımalarla məşğul deyil: “Lakin zərurət yaranacağı təqdirdə qeyd etdiyiniz “2019-nCoV” koronavirusla əlaqədar səlahiyyətli qurumların təlimat göstərişlərinə uyğun olaraq, bütün müvafiq tədbirlərin görülməsi, profilaktik işlərin həyata keçirilməsi istisna edilmir. Eyni zamanda “Bakı Metropoliteni” QSC-də mövcud vəziyyətin nəzarət altında saxlanılması, işçi personalının maarifləndirilməsi ilə bağlı aidiyyatı struktur vahidlərinə müvafiq tapşırıqlar verilib. Məlumat üçün bildirmək istərdik ki, Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə əməl olunmasına xüsusi diqqət yetirilir. Paytaxtın ən mühüm ictimai sərnişindaşıma nəqliyyatı növlərindən biri kimi, əsasən, yeraltı tunellərdən ibarət olması nəzərə alınaraq, Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə uyğun planlaşdırılmış dezinfeksiya işlərinin və digər müvafiq tədbirlərin aparılmasına da ciddi riayət olunur. Ümumən, “Bakı Metropoliteni” QSC-nin obyektlərində, o cümlədən stansiyalarda, tunellərdə, elektrik deposunda və qatarlarda, habelə iş yerlərində lazım olan bütün profilaktik sanitariya tədbirləri müntəzəm yerinə yetirilir. Bundan savayı, görülən işlərə nəzarət olunur, daimi monitorinqlər aparılır, zərurətdən asılı olaraq, digər profilaktik tədbirlər həyata keçirilir. Fürsətdən istifadə edərək, “Bakı Metropoliteni” QSC sizin vasitənizlə sərnişinlərə bir daha müraciət edərək, metropolitendə sanitar-gigiyenik normaların tələblərinə əməl etmələrinə, stansiya və qatarlarda təmizliyə riayət olunmasına, ələlxüsus qida və yeyinti məhsullarının, xüsusən saqqız və s. bu kimi fəal və dayanıqlı virus daşıyıcılarının döşəmələrə atılmamasına, divarlara, qapılara, şüşə çərçivələrinə, oturacaqlara, tutacaqlara yapışdırılmamasına və digər belə hallara yol verilməməsinə diqqətli olmağı tövsiyə edir. Çünki sanitar-gigiyenik normalara əməl olunması hər bir sərnişinin sağlamlğının təməli kimi xəstəliklərin yayılmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi, həmçinin metropolitendə təmizliyin qorunması baxımından vacibdir”.

Rusiya-Çin sərhədi, arxiv şəkli
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova isə  bildirib ki, Çində ötən ilin sonunda yeni aşkarlanmış Koronovirus 2019-nCoV virusuna qarşı NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tapşırığına əsasən insanların kütləvi istifadə etdiyi avtobuslarda (beynəlxalq və ölkədaxili) epidemiya riskinin aradan qaldırılması üçün müvafiq tədbirlərə başlanıb: “Avtobusların salonunda, xüsusilə beynəlxalq daşımalarda iştirak edən avtobuslarda dezinfeksiya işlərinin gündəlik aparılmasına dair tapşırıq daşıyıcı şirkət rəhbərlərinə verilib və prosesin icrası qurum tərəfindən tam nəzarətə götürülüb. Nəzərinizə çatdıraq ki, beynəlxalq daşımalar üzrə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında birbaşa reyslər olmadığından ölkəmizə müntəzəm beynəlxalq marşrut xətləri üzrə daşınan sərnişinlərdə bu virusun aşkarlanma riski yoxdur. Ancaq xüsusilə xəstəliyin aşkarlandığı digər epidemiya zonalarından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, virus və onunla mübarizə metodları haqda daşıyıcı şirkət rəhbərləri, sürücülər və dispetçerlər ilə maarifləndirmə işlərinin aparılması, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumatların verilməsi DANX tərəfindən təmin olunacaq!”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-ın sorğusuna cavabında bildirib ki, kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər BNA tərəfindən davamlı olaraq aparılmaqdadır: “Bu çərçivədə “BakuBus” MMC-nin istehsalat bazasında avtobusların dezinfeksiyası təşkil olunur. Gündəlik təmizlik işləri ilə yanaşı qanunvericilikdə göstərilən reqlamentlə avtobusların salonu dezinfeksiya olunur. Bundan əlavə bu ildən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində də dezinfeksiya işləri aparılır. Hər həftənin şənbə günü perronlar, gözləmə zallar və park ərazisi xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya edilir. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılır. Təbii son günlər daha çox müzakirə olunan Koronavirusla bağlı qeyd olunan tədbirlərə nəzarət daha artırılıb. Qeyd edim ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunmuş tələblərdə də bu məsələ açıq şəkildə əksini tapıb. İstinad olunan sənədə əsasən daşıyıcı sərnişin daşımalarına təqdim etdiyi avtobusların və taksi minik avtomobillərinin xarici və daxili hissələrinin təmiz olmasını, avtobusların salonunun ayda iki dəfə dezinfeksiya edilməsini təmin etməlidir. Səhiyyə orqanlarının tələbi olduqda (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq), dezinfeksiya işləri daha tez-tez həyata keçirilə bilər”.

Məlumat üçün qeyd edək ki, artıq bütün dünyada koronaviusa 7834 nəfər yoluxub. Bunlardan 7736-ı Çində, 98-i isə 18 ölkədə qeydə alınıb. Virusun insandan insana ötürülməsi ilə bağlı 8 hadisə qeydə alınıb. 1370 nəfərin vəziyyəti ağırdır, 170 nəfər həlak olub. ÜST xəstəliyə müvəqqəti “kəskin tənəffüs xəstəliyi 2019-nCoV”, virusun özünə isə “2019-nCoV” müvəqqəti ad verilməsini tövsiyə edib.