İcra Hakimiyyətindən Mikayıl Müşfiqə qoyulan qalmaqallı barelyeflə bağlı AÇIQLAMA – FOTO

0
406

Bakıda Mikayıl Müşfiqin xatirəsinə qoyulan barelyef ciddi müzakirələrə səbəb olub.

Sosial şəbəkədə Azərbaycanın böyük şairi Mikayıl Müşfiqin bir zamanlar yaşadığı (keçmiş Sovetski küçəsi), lakin sonradan sökülən evinin yerində qoyulan barelyefin fotoları paylaşılıb.

Paylaşıma şərh yazan şəxslər ot-alaq basmış ərazidə iki daşın üzərinə qoyulan barelyefin şairin xatirəsinə hörmətsizlik olduğunu deyiblər.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

İcra Hakimiyyətindən  bildirilib ki, sözügedən barelyef əraziyə sıravi vətəndaş tərəfindən qoyulub:

“Sosial şəbəkələrdə yayılan fotolardan xəbərimiz var. Lakin Mikayıl Müşfiqin fotoda əks olunan barelyefi Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən qoyulmayıb. Dahi şəxsiyyətlərin xatirəsinə barelyef qoyulması xüsusi prosedur qaydalarına uyğun aparılır. Bu məsələ ilə bağlı qərarı Nazirlər Kabineti qəbul edir, icrası isə aidiyyəti olaraq Bakı Şəhər İcra Hakimiyyətinə həvalə olunur.

Bu barelyef Mikayıl Müşfiq yaradıcılığına dəyər verən sıravi vətəndaşlardan birinin öz təşəbbüsü ilə əraziyə qoyulub. Bu məsələ belə qala bilməz. Ya o barelyef ərazidən tamamilə yığışdırılacaq, ya da aidiyyəti üzrə prosedur qaydaları çərçivəsində dahi şairə layiq formada hazırlanacaq.

Böyük ehtimalla, məsələ ilə bağlı zəruri tədbirlərin görülməsi istiqamətində aidiyyəti orqanlarla danışıqlar aparılacaq”.