Aprelin 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqi ilə bağlı bir sıra müvafiq dəyişikliklər edilir.
Yeniliklərdən biri Ailə Sağlamlıq Mərkəzlərinin yaradılmasıdır. Bununla yanaşı icbari tibbi sığortaya keçidlər bağlı vətəndaşlara içərisində 2550 tibbi xidmət olan xidmətlər zərfi təqdim edilir.
Bütün bunlar öz-özlüyündə kifayət qədər faydalı proseslərdir. Lakin, yeni tətbiq edilən sistem paralel olaraq çaşqınlıqlar da yaradır.
İcbari tibbi sığortaya keçidlə bağlı həkimlərlə xəstələr arasında narazılıq doğuran məqamlara da rast gəlinir. Tez-tez sosial şəbəkələrdə də icbari tibbi sığorta ilə müayinə və müalicə olunmaq istəyən şəxslərin həkimlərlə ciddi polemikalar yaşadığı ilə bağlı məlumatlar paylaşılır.
Həkimlər xəstəyə icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələri və xidmətlər zərfinə daxil olan, yararlana biləcəkləri xidmətlər barədə məlumat verirlər. Lakin yenə də müəyyən mənada bəzi tibb müəssisələrində istər təlimat, istərsə də bir sıra digər məqamlarda qaranlıq qalan, ya da fərdi qaydada anlaşılmayan nüanslar var.
Anlaşılmazlıqlar isə istər paytaxtda, istərsə də Sumqayıt şəhərində mövcuddur. Məsələ ilə bağlı Sumqayıt şəhər Səhiyyə Şöbəsinə müraciət ünvanlasaq da, onlar bildirdilər ki, bu mövzuya aydınlıq gətirmək qurumun səlahiyyətində deyil.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinə sorğu ünvanladıq. Agentlik Oxu.Az-ın mövzu ilə əlaqədar suallarına müvafiq cavablar göndərildi.
Həmin sualları və cavabları təqdim edirik:
– Poliklinikada çalışan həkim xəstəni müayinə və müalicə etdikdən sonra xəstəxanaya göndəriş yazır. Amma xəstə həmin xəstəxananı istəmir və başqa xəstəxanaya göndərilməsini istəyir. Həkim nə etməlidir? Xəstənin həmin xəstəxanaya göndərməsi məcburidir?
– Təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaş səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə (poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət edir. Burada o ailə həkimi (sahə terapevti, sahə pediatrı) tərəfindən müayinə/müalicə olunduqdan sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verilir. Bu zaman göndəriş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrinə verilir.
İxtisaslı həkimin baxışından sonra isə vətəndaşa lazım olan tibbi xidmətin göstərilməsi həmin dövlət tibb müəssisəsində mümkün olmursa, müqaviləli tibb müəssisələrində (dövlət və ya özəl tibb müəssisələri) göndəriş əsasında tibbi xidmətlər göstərilir. Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir.
Göndəriş vərəqəsinin verilməsi şərtlərinə gəldikdə isə bildirək ki, ailə həkimi və ya dar ixtisaslı həkim ilk növbədə aid olduqları inzibati ərazi vahidində (rayon, şəhər rayonu və ya şəhər) yerləşən dövlət tibb müəssisəsinə göndəriş verməlidir. Tibbi xidmətlərin burada göstərilməsi mümkün deyilsə, ailə həkimi və ya dar ixtisaslı həkim aid olduqları tibbi ərazi bölməsinə daxil olan dövlət tibb müəssisəsinə göndəriş verməlidir. Tibbi xidmətlərin burada da göstərilməsi mümkün deyilsə, vətəndaşın istəyini, məsafə və yol infrastrukturunu nəzərə almaqla digər tibbi ərazi bölmələrinə daxil olan dövlət tibb müəssisəsinə göndəriş verilməsi təmin edilməlidir.
Stasionarda tibbi xidmətin dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmadığı təqdirdə, dövlət tibb müəssisəsinin rəhbərliyi tərəfindən özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir.
Qeyd edək ki, bütün hallarda vətəndaş həm TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri, həm də müqaviləli tibb müəssisələri arasında seçim etməkdə sərbəstdir. Xidmətlər zərfi və icbari tibbi sığortanın tətbiqi ilə bağlı bütün qaydalar dövlət tibb müəssisələrinə təqdim edilib.
Məlumat üçün bildirək ki, “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində (https://its.gov.az/) yerləşdirilib, həmçinin sənəd tibb heyətinə təqdim olunub.
– Həkim xəstələrə kateqoriya fərqi (qazi, şəhid ailəsi və s.) qoymalıdır? Həkimin səlahiyyəti ixtisası uyğun xəstələri müayinə edib, nəticəyə uyğun müalicə və ya xəstəxanaya göndəriş vermək deyilmi? İcbari tibbi sığorta ilə bağlı məqamlara poliklinika həkimi cavabdehdir? Həkim xəstəyə icbari tibbi sığortanın aid olub-olmadığına dair qərar vermə səlahiyyətinə malikdirmi?
– Qeyd edək ki, bütün sığortaolunanlar icbari tibbi sığortadan istifadədə bərabər hüquqlara malikdir. Ailə həkiminin (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) vəzifəsi sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərməkdir. İcbari tibbi sığortanın xidmətlər zərfinə ilkin səhiyyə xidməti üzrə 35 sayda tibbi xidmət daxildir.
Ailə həkimi bütün sığortaolunanları müayinə və müalicə edir və sağlam həyat tərzi haqqında məsləhətlər verir. İxtisaslaşdırılmış yardım tələb etməyən vəziyyətlərin, xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur. Həmçinin sanitar-gigiyenik maarifləndirməni həyata keçirir. Tibbi göstəriş olduğu halda isə xəstəni göndəriş vərəqəsi ilə ixtisaslı həkim müayinəsinə göndərir. Göndəriş vərəqəsinin verilməsi qaydası barədə ətraflı məlumat birinci sualda cavablandırılıb.
Ailə həkiminin göndərişi əsasında ixtisaslı həkim vətəndaşı qəbul edir. Vətəndaşa lazım olan tibbi xidmətin icbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınıb-alınmaması barədə məlumatlandırır. Məlumat üçün bildirək ki, ixtisaslı həkim tərəfindən qoyulmuş diaqnoz barəsində məlumatın verilməsi, habelə zəruri müayinə və müalicə tədbirlərinin icbari tibbi sığorta təminatına daxil olub-olmaması barəsində vətəndaşın məlumatlandırılması işi tibb heyətinə həvalə edilib.
– İcbari tibbi sığorta sisteminə keçildikdən sonra həkimin səlahiyyətləri bu sistem üzrə hansılardır?
– Qeyd olunduğu kimi, ailə həkiminin (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) vəzifəsi sığortaolunanlara ilkin səhiyyə xidmətləri göstərməkdir. Sözügedən tibbi xidmət çərçivəsində ixtisaslaşdırılmış yardım tələb etməyən vəziyyətlərin, xəstəliklərin diaqnostikası və müalicəsi, ixtisaslı həkimlərə sığortaolunanların müayinə və müalicəsi üçün göndərişlərin verilməsi, tibbi profilaktik tədbirlər və tibbi-sanitar maarifləndirmə işinin aparılması, eyni zamanda, qanın ümumi analizi üçün qan nümunəsinin alınması və s. xidmətlər qarşılanır.
Ailə həkimi vətəndaşı müayinə və müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində çalışan ixtisaslı həkimə göndəriş verir. İxtisaslı həkimin qəbuluna gələn vətəndaş göndəriş vərəqəsini və şəxsiyyət vəsiqəsini tibb müəssisəsinin qeydiyyat şöbəsinə təqdim edir. İxtisaslı həkimin baxışından sonra müayinə üçün laborator analizlərin verilməsi, ultrasəs, rentgen və digər müxtəlif funksional diaqnostik müayinələr təyin edilə bilər. Müayinələrin nəticəsinə görə ixtisaslı həkim tərəfindən vətəndaşa planlı, təcili, təxirəsalınmaz ambulator və ya stasionar müalicə tələb oluna bilər.
Planlı ambulator müalicə üçün ixtisaslı həkim tərəfindən vətəndaşa ev şəraitində müalicə təyin edilə bilər. Planlı stasionar müayinə və müalicə üçün isə ixtisaslı həkim tərəfindən vətəndaşa göndəriş vərəqəsi verilə bilər.
Təcili və ya təxirəsalınmaz stasionar tibbi yardım tələb edildiyi halda isə vətəndaş profil şöbələrdə dərhal stasionar terapevtik və ya cərrahi müalicə alır.