İçərişəhərdə tarixi karvansarayda bərpa işlərinə başlanıldı

0
848

İçərişəhərdə XIV əsrə aid qədim “Multanı” karvansarayında bərpa-konservasiya işlərinə başlanılıb.

Bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda İçərişəhərdə dörd karvansara günümüzədək qorunub saxlanıb. Bunlar Kiçik karvansaray (və ya “Xan” karvansarası), İkimərtəbəli karvansaray, “Buxara” və “Multanı” karvansaraylarıdır. Əsrlər boyu müxtəlif ölkələrdən gələn tacir və səyyahlar ayrı-ayrı karvansaraylarda qalırdılar. Bakının tarixi özəyi olan İçərişəhərdə qorunub saxlanmış “Multanı” karvansarayı da bunlardan biridir.

XIV əsrə aid bu ölkə əhəmiyyətli abidə daha qədim bir tikilinin üzərində inşa edilib. Müasir günümüzə kimi qorunub saxlanan bu tarixi məkanın qədimliyini, tarixi görünüşünü qoruyub saxlamaq məqsədi ilə həyata keçiriləcək bərpa-konservasiya işləri İdarənin sifarişi ilə Avstriyanın tarixi abidələrin bərpası işi üzrə ixtisaslaşmış və son 10 il ərzində İçərişəhərdə bir çox mühüm abidələrdə (o cümlədən, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Qoşa Qala Qapılarının portalı, Qala divarları, Yeraltı hamam və s.) uğurla ən müasir bərpa-konservasiya texnologiyaların istifadəsi ilə irimiqyaslı işlər aparan “Atelier Erich Pummer” şirkətinin mütəxəssisləri tərəfindən aparılır.

Qeyd edək ki, “Multanı” karvansarayında bərpa işlərinin 2022-ci ilin sonunda tamamlanması nəzərdə tutulur.