Samir Xəlilov narkotik satışı ilə məşğul olduğu üçün 43 yaşında həbs edilib. 7 il məhbus həyatı yaşadıqdan sonra azadlığa qovuşub. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sığınacağında yaşayır.
Keçmiş məhbus həbsxana rejimindən danışıb.
Deyir ki, özü heç vaxt nə siqaret çəkib, nə narkotik çəkib, nə də içib. Lakin ehtiyac onu narkotik satmağa məcbur edib. Anası hipertoniyadan əziyyət çəkib, atası isə 7 il xərçəng xəstəliyi ilə vuruşub. Evini belə satıb valideynlərini müalicə edən Xəlilov təcridxanaya düşdüyü günü belə xatırlayır:
“Təcridxananın qapısından girəndə dəmir qapı ki bağlanır, səksənirsən. O səksənmə zamanı hiss edirsən ki, azadlıqla vidalaşdın. O hissi keçirəndə özümün özümə yazığım gəldi”.
Qaradağdakı təcridxanalardan birində həbs cəzası çəkən Samir səhər yeməyinə çatmaq üçün 4:30-da oyandığını deyir:
“Əslində, 6:00-da yuxudan oyanırsan. Yerini səliqəyə salıb, üz-gözünü yuyub, səhər 9-da başlayan yeməyə çatmalısan. Səhər yeməyi yarım saat çəkir.
Elə vaxtlar olub ki, 6-da oyanmağıma rəğmən səhər yeməyinə çatmamışam. 1300-1400 dustaq növbədə olur, bəzən əlini suya vurmağa belə növbən çatmır.
Ona görə 4:30-da yuxudan oyanırdım, o biri məhbuslar oyanana kimi hazır olurdum”.
Bir neçə dəfə intihara cəhd elədiyini, amma uğursuzluğa düçar olduğunu vurğulayan Samir Xəlilov bunun səbəbini də açıqlayıb:
“Bəzən yağış yağıb, paltarım yaş olub, dəyişəcəyim olmayıb, nifrət eləmişəm hər şeyə. Düşünmüşəm ki, belə bir vaxtda yaşamamaq yaxşıdır.
Bəzən aylar keçir, heç kim səni yoxlamağa gəlmir. O zaman yaşamaq istəmirsən. Ölmək istəyirsən”.
Həbsxananı dirilərin qəbiristanlığı hesab edən keçmiş məhkum gözü önündə baş vermiş hadisədən də danışıb:
“Bir nəfər bütün bədənini qəzetə bükdü, od vurub özünü yandırdı. Düzdür, müdaxilə etdilər, amma…”
7 il azadlıq eşqi ilə yaşayan Samir “içəri”də qeyri-adi vərdişə yiyələnib:
“Axşam sakitlik olanda təkər səsi gəlirdi. O səsi eşidə bilmək üçün sakitliyə çəkilirdim. Hasarın dibinə sığınırdım, heç nə görmürdüm ey… Amma çöldən gələn təkər səsini azadlıqdan gələn səs hesab edirdim. Eşitməyə can atırdım. Adama xoş gəlirdi.
Azadlığa çıxdıqdan sonra isə cəmiyyətdə dəyişiklik hiss etdim. İnsanların bir-birinə olan mehribanlığı azalmışdı. Əvvəlki mehribanlıq indi yoxdur”.
O, Ağır Cinayətlər Məhkəməsində hökm oxunan zaman hakimlə olan maraqlı dialoqunu da xatırlayıb:
“Hökm oxunanda mənə son söz verildi. Hakimə dedim ki, mən layiqli cəzamı almışam. Etirazım yoxdur. Amma sizdən xahiş edirəm, məndən sonra cinayətkarı yox, cinayətin səbəbkarını axtarın tapın ki, burada – mənim yerimdə oturanların sayı azalsın.
Sizə isə deyirəm ki, mənim kimi cinayət törədənlərə edam cəzası verilməlidir. İnsan qorxmasa, düz yola getmir”.