Hüseyn Seyidzadənin əlindən alınan növbəti film – “Dərviş Parisi partladır” haqqında bilmədiklərimiz

0
708

 1976-cı ildə ekranlara çıxan bu film Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” pyesi əsasında lentə alınıb. Milli kinematoqrafiyamızda Axundovun yaradıcılığına çox müraciət olunmayıb. Onun bu əsərindən başqa bir də “Hacı Qara” pyesi ekranlaşdırılıb.

Gallery

“Hekayəti Müsyo Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” müəllifin digər əsərlərindən yığcamlığı, mövzuya daha sadə yanaşması, hətta bəsitliyi ilə seçilir.

Süjetə görə fransız alim Müsyo Jordan ( Sergey Yurski) Qarabağa yerli bitkiləri öyrənmək, onlar haqda məlumat toplamaq üçün gəlir. Burda onu Qarabağ xanlarından biri Hətəmxan ağa (Adil İsgəndərov) qarşılayır. Onun qardaşı oğlu Şahbaz bəy (Ənvər Həsənov) Müsyo Jordanla fransız dilini, elm öyrənmək üçün Parisə getməyə hazırlaşır. Şahbaz bəy əmisiqızı Şərəfnisəyə (Mömünat Qurbanova) nişanlıdır və o, Parisdən qayıdandan sonra evlənməyi qərara alır. Bundan qeyzlənən əmisi arvadı Şəhrəbanu (Leyla Bədirbəyli) onun Parisə gedən yolunu kəsmək üçün cadugər Dərviş Məstəli (Mirzə Babayev) şahdan kömək istəyir…

Gallery

Filmin ideya problematikası avamlığın tənqidi, təhsilin, elmin önəmini vurğulamaqdır və əsas konflikt Müsyo Jordanla Məstəli şah arasında baş verir. Hərçənd, süjetə əsasən bu obrazlar görüşmürlər. Müsyo Jordanın onun varlığından belə xəbəri olmur. Çünki əhvalatda əsas məsələ obrazların yox, ideyaların, dünya görüşlərin konfiliktidir. Ki, onu da müəlliflər çatdıra biliblər. Ümumiyyətlə, filmdə həmin dövrün sosial-ictimai mühitin, cəmiyyətdə kök salmış dominant dünyagörüşün, mentallığımızın təsviri obrazlı verilib. Evin xanımının alimə çör-cöp yığan kimi baxması, onu ciddiyə almaması, toy ənənəsinin bizim üçün həyati əhəmiyyət kəsb etməsi, yeniliyə açıq olmamaq, yaşamın ailə təsəvvürləri, məişətlə sərhədlənməsi, ağsaqqal-ağbirçək institutunun gənclərin qərarlarına müdaxiləsi, özlərini bunda haqlı bilməsi və digər problemlər əhvalatda əks olunur.

Filmin müəlliflərindən biri Ş. Mahmubdəyov xatirələrində əsərin ekranlaşdırılmasının zərurətini belə izah edir: “Axundov hiyləgər, fırıldaqçı, avam adamları aldadıb soyan, tüfeyli Məstəli şaha qarşı fransız nəbatat alimi Müsyo Jordanın obrazını yaratmışdır: “Məstəli şahin simasında feodal cəmiyyətin tipik nümayəndəsini gördük. Müsyo Jordan elm, maarif və tərəqqi simvolu kimi diqqətimizi cəlb edib. Biz məhz bu obrazları kino dili ilə canlandırmaq məqsədilə böyük dramaturqun komediyasına müraciət etmişik”.

Gallery

Ancaq problem ondadır ki, pyes demək olar, olduğu kimi ekrana köçürülüb.Yəni onun müəlliflər tərəfindən bədii interpretasiyası yoxdur. Ssenari müəllifi Ədhəm Qulubəyov filmə Rəşid obrazını əlavə edib. Ş. Mahmudbəyov Rəşid obrazının əlavə olunmasını onunla izah edir ki, müəllif (yəni ssenarist) müsbət cəhətlərin inkişafını qabartmaqla tənqidi daha da gücləndirmək istəmişdir: Bu məqsədlə də ali savadlı Rəşid bəy obrazını ssenariyə əlavə etmişdir ki, onunla müqayisədə savadsızlıqdan irəli gələn, nadanlıq, avamlıq gülüş hədəfinə çevrilsin”.

Halbuki, Məstəli şah, qadın obrazlarına geniş yer verməklə, hətta bəlkə Müsyo Jordanla Məstəli şahı qarşılaşdırmaqla müəlliflər filmi ənənəvi komediyaya yox, absurda çevirə bilərdilər və məzmunun məna miqyası daha da genişlənərdi. Ümumiyyətlə, Axundovun əsərlərini komediyanın demək olar ki, bütün subjanrlarında işləmək mümkündür. Filmin son epizodlarından birində qulluqçu qadın Sənəm (Səfurə İbrahimova) deyir: “Eh, xanım, kişilərin ağlı olsaydı, niyə biz onları hər qədəmdə min yol aldadırıq, öz bildiyimizi edirik?” Misalçün, bundan çıxış edərək, əsəri qadın dramı da etmək mümkün idi.

“Dərviş Parisi partladır” filminin iki rejissoru, iki operatoru olması maraqlı faktdır. Çünki quruluş etibarilə bu, sadə bir filmdir. Yəni iki rejissora ehtiyac nədən qaynaqlanıb? “Aranfilm” yaradıcılıq mərkəzinin rejissoru, milli filmlərimizin araşdırıcılarından biri Babək Abbaszadə deyir ki, “Dərviş Parisi partladır” filmini əslində Hüseyn Seyidzadə çəkməliydi: “Hüseyn Seyidzadə bizim ən başıbəlalı rejissorumuz olub və onun neçə filmini əlindən alıblar. “Qatır Məmməd”i, sonra “Dərviş Parisi partladır”ı və digərlərini. Ancaq filmdə iki rejissorun adı olsa da, müxtəlif adamların xatirələrindən rejissor kimi ən çox Şamil Mahmudbəyovun adı çəkilir”.

Gallery

Başqa bir mənbənin dediyinə görə, Kamil Rüstəmbəyov xarakter olaraq çox müstəqil idi, “sözəbaxan” olmadığına görə onu filmdən uzaqlaşdırıblar.

Müsyo Jordan roluna çəkilmiş aktyor Sergey Yurski fransız dilini mükəmməl bilib. Filmdə fransız dilində mahnını da özü ifa edib. Hərçənd, filmdə nədən rus dilində mahnının ifa olunması aydın deyil. Aktyor Azərbaycan dilində sözləri özü səsləndirib. Onun üçün Azərbaycan dilində mətnlər yazılıb, o da əzbərləyirmiş.

Milli kinomuzun epizod ustaları Kamil Məhərrəmovun, Fazil Salayevin, Mirzə Babayevin ifaları, qadın obrazları əhvalatı dinamikləşdirir.

Çəkilişlərin bir hissəsi Qarabağda və Şamaxıda, bəzi səhnələr isə pavilyonda aparılıb. Dərviş Məstəli şahın həyata keçirdiyi partlayış səhnəsi kinostudiyanın pavilyonunda çəkilib. Müsyo Jordanın Fransada inqilabın baş verdiyi xəbərini alanda, huşunu itirdiyi yer Mərdəkanda, zəngin bir azərbaycanlının evinin önündə lentə alınıb.

Gallery

Müsyo Jordanın içində Fransanın təsvirləri olan aparat filmin rəssamı (Nadir Zeynalov) tərəfindən verilmiş eskiz əsasında hazırlanıb. Filmdə istifadə olunan atlar ippodromdan gətirilib.
Diqqəti çəkən səhnələrdən biri Müsyö Jordanın şərəfinə verilən ziyafətdə Şahbaz bəyin əla rəqsiydi. Şahbaz rolunun ifaçısı Ənvər Həsənov İncəsənət İnstitutunda oxuyanda Əlikram Aslanovun rəhbərlik etdiyi “Qobustan” rəqs ansamblının üzvü olub.

Ə. Həsənov bu filmə kimi artıq “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm” filmlərində oynamışdı. Şərəfnisə rolunun ifaçısı Mömünat Qurbanova filmə çəkiləndə Azərbaycan Dövlət İncəsənət İnstitutunun tələbəsiydi. Rola uyğun aktrisa tapmaq üçün rejissorlar Ə. Həsənovan xahiş etmişdilər ki, o da həmin axtarışlara qoşulsun. Aktyor İncəsənət İnstitutunda kursları gəzəndə, Mömünat Qurbanovanı görür və ilk baxışdan onun rola uyğun olduğunu hiss edir. Filmdən sonra isə onlar nişanlanıb, ailə həyatı qururlar. Bundan sonra cütlük daha iki filmdə “Atları yəhərləyin” və “Son döyüş” filmlərində tərəf müqabili olur. Mömunat Qurbanova 2008-ci ildə avtomobil qəzasında həlak olub.

“Dərviş Parisi partladır” filmi üzərində 2011-ci ildə Dövlət Film Fondu Rusiya Teleradio Fondu ilə birlikdə bərpa işləri aparıb.

Filmin quruluşçu operatorları Zaur Məhərrəmov və Arif Nərimanbəyov, bəstəkarı Tofiq Quliyevdir.